Paytaxtda dəhşətli qətl törədildi
Oğlan sevdiyi qızı küçənin ortasında öldürdü
Azərbaycanda daha bir gənc qadın "sevgi cinayəti”nin qurbanı olub. İlkin səbəb kimi də mərhumun hansısa oğlanın sevgi təklifini rədd etməsi göstərilib. Hər nə qədər bu səbəbdən bir insanın həyatına son qoyulması absurd görünsə də, hadisə ilk olmadığı üçün artıq cəmiyyətdə təəccüb doğurmur. Axı "ya mənim olmalısan, ya da qara torpağın” deyib, ayrıldığı sevgilisini qanına qəltan edən "qəhrəman”larımız az olmayıb. Kişilər rahatlıqla kimisə tərk etdiyi halda, qadın kişini tərk edə bilməz! Qadın hər cür çətinliyə, təhqirə, fiziki şiddətə dözür. Ancaq "səbir kasası”nın daşdığı an qadın ayrılmaq qərarına gəlir və bu anda ayrılmaq istədiyi şəxs bir andaca onun həyatına son qoyur. Qeyd edək ki, dünən saat 11:00 radələrində metronun "Qara Qarayev” stansiyası yaxınlığında 22 yaşlı Maştağa qəsəbə sakini İlahə Həsən qızı Yusubova oğlan tanışı, Salyan rayonunda anadan olan, hazırda isə Sabunçu rayonu Ləhiş bağlarında yaşayan Babək Əliyev tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçsa da, sonradan könüllü olaraq, Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsinə gedərək təslim olub. İlkin məlumata görə, hadisəni törədən oğlan İ.Yusubovanı sevirmiş. O, qızın sevgisini qazana bilmədiyi üçün belə bir addım atıb. Qətlin təfərrüatları barədə verilən məlumata görə, 1993-cü il təvəllüdlü gənc qız 6 bıçaq zərbəsi ilə öldürülüb. Sonuncu zərbə onun ürəyindən dəyib. Şahidlərin məlumatına görə, hadisəni törədən şəxs hündürboylu gənc oğlan olub. Qızı vurub qaçarkən o, "axır ki, öldürdüm” deyə qışqırıb.
Araşdırma zamanı prokuror və polis əməkdaşları öldürülən qızın telefonuna baxış keçirib, gələn-gedən sms-ləri, zəngləri yoxlayıb. Məlumata görə, gənc qız gecə qonşusu ilə yazışıb, başqa bir oğlan ona evlilik təklif edib. Qətlin ilkin səbəbi kimi hələlik bu amil göstərilir.
Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, sevgi münasibətləri insanların subyektiv yanaşmasıdır. Bu münasibətdə olan insanlar əksər zaman biri-birinə qarşı obyektiv zərurətdən çıxış etmirlər: "Əslində sevgililər arasındakı münasibətlər emosional prinsiplər əsasında qırılmalıdır. Amma bir çox hallarda biz gənclər arasındakı sevgi münasibətlərinin tamamlanmamış formada bitdiyinin şahidi oluruq. Sevgililər ayrılsa da, tərəflərdən birində o hisslər hələ də qalır. Təbii ki, münasibətlərin bitməməsi üçün sevən insan əlindən gələni edə bilər. Ancaq kimisə öldürərək, sevgisini "sübut etməyə çalışan”ları normal düşüncəli heç bir insan qəbul edə bilməz. Bizim kişilər sevgilisindən, həyat yoldaşından ayrıldıqdan sonra belə onu öz "namus”u kimi qəbul edir və bu da sonda çox acı nəticələrə gətirib çıxarır.
Bu gün Azərbaycan xanımı daha dinamik və işgüzardır. Kişilər buna görə qadınlarla ayaqlaşa bilmirlər və zorakılığa əl atırlar. Xanım oğlandan ayrılır, çünki istəmir. Oğlan isə bu reallıqla barışmır. Və düşünür ki, qadın onu istəməlidir. Bu düşüncəyə görə ölüm hadisəsi baş verir. Bu gün qadın müəssisənin başçısıdır, evə gəlir, əri onu döyür. Kişi özünü bu cür sübut etmək istəyir. Hazırda Azərbaycanda kişilər öz üzərlərində daha çox işləməlidirlər. Təəssüflər olsun ki, kişilər rahat qəbul edir ki, evin yükünü qadın daşısın. Ağır cinayət yoxdur, bütün cinayətlər məişət və qısqanclıq zəminində baş verir. Hər qadın yanında güclü kişi görmək istəyir. Qadın güclü kişiyə güvənər və onun istədiklərini rahat yerinə yetirər. Son hadisə bizdə böyük problemlər olduğunu göstərdi. Şifahi və yazılı ədəbiyyatımıza baxsanız, görərsiniz ki, bizdə sevgi hər zaman əzab çəkmək olub, dastanlar mozaxizmlə doludur. Bizdə ya sevgi yoxdur, ya da sevgi dəlilik dərəcəsindədir, bu problemi həll etmək lazımdır. Qadınla kişi ortaq məxrəcə gəlməlidir”.
Psixoloqun sözlərinə görə, normal psixologiyaya sahib olan heç kəs sevdiyi qadını öldürməz, həm də hər kəsin gözü qarşısında. Bu addımı yalnız psixoloji problemi olan insanlar atır. Və bu da birdən-birə baş vermir. Görünür, əvvəldən həmin insanın psixoloji problemləri olub. Amma vaxtında psixoloji dəstək almadığı üçün onun vəziyyəti daha da ağırlaşıb və ən sonda onun küçənin ortasında bu cür dəhşətli cinayət hadisəsi törətməsinə gətirib çıxarıb.
E.Rüstəmov hesab edir ki, ailələr övladlarının fiziki sağlamlığı ilə paralel olaraq onların psixoloji durumuna da həssas yanaşmalıdırlar: "Əgər bir insan sevgi və ya ailə münasibətlərində aqressivlik nümayiş etdirir, ətrafındakı əşyalara, özünə və ya kiməsə xəsarət yetirirsə, bu artıq psixopatiyadır. Bəzən buna şəxsiyyət pozuntusu da deyirlər. Bu hallarda insan öz hərəkət və davranışlarını tənzimləyə bilmir və nəticədə özünə və ya ətrafındakılara xəsarət yetirir. Çox yaxşı olar ki, özündə aqressivlik hiss edən insanlar ya özləri, ya da ətrafındakı insanlar tərəfindən məcburi şəkildə psixoloji dəstək almaq prosesinə cəlb olunsun. Bəzən ailədə yaşanan anlaşılmazlıqlar zamanı kişinin həyat yoldaşını döyməsini anlamaq olar. Amma bir adamın ictimai yerdə sevgilisinin həyatına son qoyması birmənalı şəkildə anormallıqdır”.
Şəymən