Peşə məktəbləri direktor və müəllimlər üçün çörək ağacıdır
“Uzağa getməyək, Azərbaycanda bişirilən çörəklə Ukraynada hazırlanan çörəyi müqayisə etsək, fərqi görərik”
Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov Azərbaycan Təhsil Nazirliyində orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı təkliflər hazırlandığını deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı məsələ "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da qarşıya qoyulub: "Biz artıq orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması istiqamətində bir sıra işlər görmüşük, bu sahədə işçi qrup yaradılıb. Hazırda rasionallaşdırma ilə bağlı müvafiq təkliflər hazırlanır”. R.Orucov əlavə edib ki, yeni təkliflər ilk növbədə orta ixtisas və ilk peşə təhsili müəssisələrinin sayının azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, regionların inkişafının təmin edilməsi üçün həmin müəssisələrin profilləşdirilməsi də təklif ediləcək. Profilləşdirmə zamanı ilk növbədə regionların inkişafı, hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək.
Qeyd edək ki, Azərbaycanda 113 ilk peşə təhsili müəssisəsi (25 mindən çox şagird təhsil alır), 61 orta ixtisas təhsili müəssisəsi (60 min nəfərdən çox tələbə təhsil alır) fəaliyyət göstərir.
Təhsil eksperti Nabatəli Qulamoğlunun fikrincə, peşə təhsili sahəsində dünya üzrə ən yaxşı təcrübə Niderland nümunəsidir. Belə ki, Niderland nümunəsində peşə təhsili iki səviyyədə məktəb və professional səviyyədə aparılır: "Məktəb səviyyəsində peşə 4-cü sinifdən 9-cu sinfə qədər praktik cəhətdən müxtəlif peşələrin vərdişlərini öyrədir. Ümumiyyətlə, hansı şagirdlərin ki, yüksək təfəkkür, dərketmə qabiliyyəti yoxdur, onlar xüsusi məktəblərdə təhsil alırlar. Belə şagirdlərin gələcəkdə elm adamı kimi yetişə bilməməsi qabaqcadan dəqiq şəkildə müəyyənləşir.
Hansı peşə vərdişlərinə daha mükəmməl yiyələnirlərsə, onlar təhsilini davam etdirmək üçün xüsusi peşə məktəblərində təhsilə göndərilirlər. Həmin xüsusi peşə məktəblərində isə qabaqcadan müəyyənləşmiş sahə üzrə əldə olunan vərdişin elmi əsasları öyrədilir. Peşə məktəblərinin ən gözəl nümunəsi hesab edirəm ki, belə olmalıdır”.
Təhsil eksperti hesab edir ki, Azərbaycanda peşə məktəbləri direktor və müəllimlər üçün çörək ağacından başqa bir şey deyil və şagirdlərə demək olar ki, lazımi səviyyədə heç bir peşə öyrədilmir: "Peşə təhsilində xüsusilə texnologiyaya geniş yer verilməlidir. Uzağa getməyək, Azərbaycanda bişirilən çörəklə Ukraynada hazırlanan çörəyi müqayisə etsək, fərqi görərik. Odur ki, bizdə peşə sahəsində çoxlu kadra ehtiyac var. Hansı peşə məktəbində çörəyin emalı ilə bağlı xüsusi məşğələlər təşkil edilib, yüksək səviyyədə təbliğat aparılıb? Heç bir yerdə”.
N.Qulamoğlu nazirliyin peşə təhsilinin inkişafı istiqamətində atdığı addımları təqdir edərək bildirib ki, bu istiqamətdə aparılan araşdırmalar Təhsil Nazirliyini doğru nəticəyə gətirib: "Azərbaycanda peşə təhsilinin aşağı səviyyədə olduğu müəyyənləşib və nazirlik bu istiqamətdə mütərəqqi addımlar atmaq niyyətindədir. Buna görə də peşə məktəblərinin fəaliyyətini məhdudlaşdırmaq daha məqsədəuyğundur. Peşə təhsilinin hansı əsaslarla qurulması istiqamətində nazirliyin xüsusi proqram işləyəcəyi və bu istiqamətdə peşə təhsilində işıqlı tədbirlər görəcəyi gözləniləndir”.
Orta ixtisas təhsili müəssisələri, kolleclərin sovet dövründə yaradıldığını vurğulayan təhsil eksperti, "XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev deyib ki, dünyanın bir çox ölkələrində kolleclərin əksəriyyəti ali məktəblərin nəzdində yerləşirlər, məzunlar ali məktəbin bu və ya digər pilləsində təhsil almaq üçün hazırlanırlar. Bizdə kollec məzunlarının bilik səviyyəsi çox aşağıdır. Hətta monitorinq aparılanda üzə çıxmışdı ki, pedaqoji kolleclərin məzunları müəllimlərin işə qəbulu imtahanında müsbət nəticə göstərə bilmirlər. Ekspert düşünür ki, xüsusən də ixtisaslı kolleclər bağlanmalıdır: "Məsələn, maliyyə ixtisası üzrə kolleclərin olmasına ehtiyac yoxdur. İqtisad Universitetinin profili kifayət qədər genişləndirilib. Digər ali məktəblərdə də iqtisadiyyatın müəyyən sahələrində mütəxəssislər hazırlanır”. E.Əliyev hesab edir ki, kolleclərdən fərqli olaraq peşə məktəblərinin fəaliyyəti genişləndirilməlidir. Onun sözlərinə görə, əmək tələbatına dair ixtisaslara mütəxəssis hazırlığı aşağı səviyyədədir. "Kolleclərə ayrılan vəsaitləri peşə məktəblərinə yönəltmək lazımdır. Peşə təhsili sistemi get-gedə inkişaf eləsə, kollec təhsili sıradan çıxacaq”.
Şəymən