“Türkiyədə belə təyyarələrin raketsiz olan növünün sayı 20-yə yaxındır. Belə bir zamanda Türkiyədə bunlardan istifadə olunmaması sual doğurur”
Türkiyənin Tunceli vilayətində PKK terrorçularının zərərsizləşdirilməsi istiqamətində son illərin ən böyük hərbi əməliyyatına start verilib. Valiliyin yaydığı açıqlamada bildirilib ki, sakinlərin və dinc əhalinin həyat və əmlakının təhlükəsizliyinin təmin edilməsi məqsədilə bölgədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Tuncelidə PKK terrorçularının qətlə yetirdiyi mayor Yavuz Onat Gözəlin adı verilən əməliyyatlar terrorçuların qəbiristanlığında keçirilib. Əməliyyat çərçivəsində xüsusi strateji bölgələrə çox sayda xüsusi jandarma dəstəsi göndərilib. Ümumiyyətlə, son terror olaylarından sonra Türkiyə hökuməti PKK-ya qarşı əməliyyatları intensivləşdirib. Bəzi ekspertlərin təhlilinə görə, ardıcıl əməliyyatlar terrorçuların əsaslı dərəcədə sıradan çıxmasına səbəb olacaq.
Hərbi əməliyyatları şərh edən Qafqaz Universitetinin professoru Fərhad Mehdiyev deyib ki, hazırda İŞİD və PKK-ya qarşı aparılan əməliyyatlarda terrorçuların qarşısının alınması üçün ən yararlı vasitə pilotsuz təyyarələrdir: "Bildiyim qədərilə Türkiyədə belə təyyarələrin raketsiz olan növünün sayı 20-yə yaxındır. Belə bir zamanda Türkiyədə bunlardan istifadə olunmaması sual doğurur. Əslində, müasir hərbi texnikanın inkişaf etdiyi bir dönəmdə türk ordusunun terror hücumlarına məruz qalması onu göstərir ki, ölkə texniki inkişafla ayaqlaşa bilmir və buna görə də insan itkilərinin sayı artır. PKK-nın Türkiyənin müxtəlif yerlərində kifayət qədər güclü silahları var. PKK-nın hücumları "həll proses”indən əvvəl bu qədər geniş, intensiv və güclü deyildi. Bu onu göstərir ki, terrorçular keçən müddət ərzində xeyli güclənib. Ancaq PKK-nın güclənməsi təkcə Türkiyədaxili faktorlara bağlı deyil. Təşkilatın bir qanadı da Suriya və İraqdadır. Həmin bölgələrdən terror qruplaşmasına silah yardımı gəlir”. Politoloqun fikrincə, ara-sıra verilən açıqlamalara baxmayaraq, PKK-nın silahlı mübarizədən əl çəkmək niyyəti yoxdur: "Türkiyənin Suriyadakı PKK bazalarını bombalaması kürdlərin yenidən silaha sarılmasına rəvac vermirdi. PKK-nın HDP kimi bir qanadı var və partiya olaraq çox yaxşı səs topladılar. Yəni kürdlər istəsəydi, sivil mübarizəyə davam edərdilər. Silahlı mübarizəyə keçmələri onu göstərir ki, PKK ilə danışıq heç də vədedici bir platforma deyil və bunun Türkiyəyə xeyir gətirəcəyini söyləmək olmaz. Bu baxımdan əməliyyatlar sona qədər davam etdirilməlidir”.
Politoloq Qabil Hüseynli isə bildirib ki, indiyə qədər Türkiyə PKK-ya qarşı bir neçə dəfə əməliyyatlara başlayıb, ancaq sonradan yarımçıq dayandırıb: "Bunun nəticəsində PKK vaxt qazanaraq başqa dövlətlərin yardımı ilə yenidən güclənib və Türkiyəyə qarşı terror mübarizəsini davam etdirib. Ona görə də Türkiyə əməliyyatlara fasilə verməməlidir. PKK məsələsini kompleks həll etmək lazımdır. PKK-nın hərbi qanadı ilə yanaşı, siyasi qanadı da məhv edilməlidir”.
Ekspert terrorçuları açıqdan müdafiə edən siyasətçilərin cəza almasını da təklif edib: "Türkiyədə dəfələrlə partiyalar bağlanıb. Əgər HDP Türkiyənin bütövlüyünə qarşı çıxırsa, Türkiyəni bölməyə çalışırsa, erməni soyqırımını tanımağı tələb edirsə, o partiya bağlanmalıdır. HDP-nin bağlanması üçün kifayət qədər fakt var. Bu partiya üzvlərinin çoxu vaxtilə PKK sıralarında döyüşüb və əlləri əsgər qanına batıb. Onlar ölkəyə, dövlətə sadiqdilərsə, başlarını aşağı salıb türklər, çərkəzlər, ərəblər, lazlar kimi sakit yaşamalıdır. Türkiyə son ana qədər getməlidir. "Silah susmalıdır”, "Tətiklər çəkilməməlidir” və s. bu kimi şairanə çağırışların artıq yeri yoxdur. Hökumət qətiyyətli olmalıdır”.
İsmayıl