Pis örnək...

Yanlış və təhlükəli paylaşımdır
İlk ağla gələn xanımın intihara cəhd etməsidir



"Həmrəylik nümayişini kütlə sevir. Biri foto və ya məlumat paylaşan kimi, digərləri onunla həmrəy olduqlarını bildirirlər”

Bakı Metropoliteninin stansiyalarının birində relslərin arası ilə addımlayan xanımın fotoları neçə gündür sosial şəbəkələrdə qızğın mübahisələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri gənc xanımın intihar etmək istədiyini, fotolar paylaşmaqla bu barədə əvvəlcədən xəbərdarlıq etməsi kimi hər cür fikir bildiriblər. Sonunda, Bakı Metropoliteni QSC-dən açıqlama verilib və bildirilib ki, demə, stansiyalardan birində film çəkilişi aparılırmış.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov izahat verib ki, "Addım” Gənclər Təşkilatının müraciəti əsasında metronun "Gənclik” və "Nəriman Nərimanov” stansiyalarında "Qayınana” filminin çəkilişləri aparılıb. Çəkilişlərin aparılmasına Bakı Metropoliteni QSC-nin rəsmi icazəsi var. Çəkilişlər gecə saatlarında, təmas relsindən gərginlik çıxarıldıqdan sonra aparılıb. Fotokadrlar həmin çəkiliş qrupunun üzvlərindən birinə aiddir. Çəkiliş qrupunun üzvləri hər hansı təhlükə ilə üz-üzə qalmayıb. Çəkiliş normal şəraitdə başa çatıb. Sonra fotoların çəkiliş qrupunun üzvü Arzu Əhmədova tərəfindən paylaşıldığı məlum olub.

Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, bu səpkili fotoların paylaşılması zərərli çağırış motivi daşıyır və risklidir:

- Əvvəlcə, onu deyim ki, məlumatın vaxtında və düzgün verilməməsi insanlarda təşviş yaradır. Mən də tanışam paylaşımlarla. Biri yazırdı ki, yazıq gəlin, metroya düşüb, özünü öldürmək istəyir, biri yazırdı ki, qayınana onu məcbur edib... Belə şayiələr yayılmasın və ictimaiyyətdə narahatlıq, əsassız yerə ajiotaj yaranmasın deyə, informasiya zamanında və düzgün verilməliydi. Ümumiyyətlə, rəsmi icazə alınmış çəkilişdən savayı, başqa heç bir fotoçəkilişə, yaxud özçəkimə icazə verilməməliydi. Kütlə psixologiyasını çoxları bilmir. Həmrəylik nümayişini kütlə sevir. Biri foto və ya məlumat paylaşan kimi, digərləri onunla həmrəy olduqlarını bildirirlər. Həmin fotoların yayılması da kütlənin marağına səbəb olub və belə bir
xoşagəlməz mənzərə yaranıb. Kütlənin ən çox sevdiyi iş, informasiya boşluğuna öz "kərpicini” yerləşdirməkdir. Buna da subyektiv mülahizələr deyilir. Bu fotolarla bağlı da sosial şəbəkələrdə bir dalğa idi gəlib keçdi. Yadda qalansa məncə, budur ki, metropolitendə qaydalar kobud şəkildə pozulub. Çəkilişə icazə verilməsi tamamilə normaldır, lakin çəkilişdən kənar çəkilişlərin aparılması və fotoların paylaşılması artıq qayda pozuntusu, ondan da vacib, təhlükəlidir. 

O hərəkətlərin kimlərsə tərəfindən təkrarlanma ehtimalı var. Bu da insan həyatına təhlükədir. Sosial şəbəkədə, internetdə relslərin arası ilə addımlayan xanımı görənlər, bunun kino, tamaşa, klip olduğunu düşünmür, ilk ağla gələn xanımın intihara cəhd etməsidir. Bu da əlbəttə, yanlış və təhlükəli paylaşımdır. Hesab edirəm ki, metropoliten tərəfindən vaxtında lazımi informasiya verilsəydi, bu qədər ajiotaj yaranmazdı.

Qeyd edək ki, xalq artisti Flora Kərimova da metrodakı hadisə ilə bağlı instaqram hesabından paylaşım edib. Axşam.az-ın məlumatına görə, sənətçi fotoların yüksək təhlükəsizlik şəraitində çəkildiyini qeyd edib: "Dünən qeyri-iş saatlarında metronun N.Nərimanov adına stansiyasında "Qayınana 2018” filminin çəkilişləri baş tutub. Filmdə kütləvi səhnələrdə çəkilən gənc xanımın stansiyadan çəkilib sosial şəbəkələrdə paylaşılan fotosu bu gün mətbuat və sosial mediada tirajlandi və təəssüf ki, məlumat təhrif olundu. Əslində isə narahatlığa heç bir əsas yoxdur. Hamımız sağ-salamat, yüksək təhlükəsizlik şəraitində uğurla çəkilişləri yekunlaşdırdıq. Bu arada Bakı Metropoliteninin bütün heyətinə bizim üçün yaratdığı şərait, sevgi və qayğıya görə təşəkkür edirəm”.

Məlahət Rzayeva