Pişiyiniz sizi eşidir, amma cavab vermək istəmir... - Ad tanıma qabiliyyəti var





Yapon tədqiqatçılar sübut ediblər ki, ev pişikləri adlarını çox yaxşı tanıma qabiliyyətinə malikdirlər. Onlar öz adlarını digər insan və heyvan adlarından aydın şəkildə fərqləndirə bilirlər.
"Sherg.az” "sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu barədə aprelin 4-də "Scientific Reports” qəzetində alimlərin araşdırması dərc olunub.

 Yaponiyada təxminən 9,5 milyon ev pişiyinin (Fransada isə 2018-ci ildə təqribən 7 milyon olub) olduğunu yazan alimlər araşdırmada qeyd edirlər ki, bütün ev pişikləri adlarını yaxşı tanıyırlar, lakin sahibi onları çağıranda onlara reaksiya vermirlərsə, deməli, sadəcə o pişiyin reaksiya verməyə həvəsi, istəyi yoxdur. Alimlər bunu təsdiqləmək üçün maraqlı bir yoxlama metodundan istifadə ediblər. 

Onlar bir neçə ev pişiyi üzərində eksperiment aparıblar. Ev pişiklərini ayrı-ayrı otaqlara buraxıblar. Öncə sahibləri onları adı ilə çağırıb və bu zaman əksər pişiklər reaksiya verməyib. Amma onların adını başqa bir adam çağırdıqda səsin fərqini belə hiss edərək dərhal reaksiya veriblər. Tədqiqatçıların qənaətincə, bu sınaq çoxsaylı pişik üzərində aparılıb və təsdiqini tapıb.

Sahiblərinə reaksiya verməmələrinə gəlincə, alimlər qeyd edirlər ki, pişiklər öz sahiblərindən küsəndə və ya sahibləri onları dəfələrlə aldadanda artıq növbəti dəfə reaksiya vermirlər. Və pişiklərin bu küsülülüyü və aldadılmanı uzun müddət yadda saxlama qabiliyyəti var. Ona görə də bəzi pişiklər əksər hallarda sahiblərinin çağırışına reaksiya vermirlər.

Tərcümə etdi: Ayyət Əhməd