Piyada ölümləri niyə artıb ? – Ekspert müqəssiri göstərdi

“Qəzaların 70 faizi piyadaların məsuliyyətsizliyi ucbatından baş verir”Fərhad Eyyubov: “Belə bir təklif irəli sürürəm ki, “piyada könüllüləri” yaradılsın. Yol hərəkəti ilə bağlı da maariflənmə işləri aparılsın!”
"Yolu keçmək istəyən tələbəni maşının vurub öldürməsi hər birimizi təəssüfləndirir”.
Bu sözləri "Sherg.az” açıqlamasında Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Ekspertin sözlərinə görə, yol qəzaları daha çox piyadaların məsuliyyətsizliyi səbəbindən baş verir:
"Yol hərəkəti qaydalarında hərəkətin təşkili nəqliyyat vasitələri və piyadalar üçün olur. Piyada hərəkətinin təşkili böyük şəhərlərdə elmi əsaslarla işlənilməlidir. Bizdə piyada hərəkəti üçün əsasən 2 cür keçidlər var. Həmin keçidlər küçədən xaric və yolüstü keçidlərə ayrılır. Küçədən xaric keçidlər yeraltı və ya eskada şəklində olan keçidlərdir.
 Bu keçidlər tam təhlükəsiz piyada keçidləri adlanır. Amma şəhərimizdə belə piyada keçidləri ümumi nəqliyyat şəbəkəsinə görə azdır. Ona görə də, məcburuq ki, müəyyən yerlərdə nizamlanan və yaxud nizamlanmayan piyada keçidlərindən isifadə edilsin. Nizamlanmayan piyada keçidlərində əsas üstünlük piyadalara verilir. Bunun üçün də bəzi vaxt piyadalar üstünlükdən sui-istifadə edirlər. Qayda belədir ki, hansısa piyada yolu keçən zaman nəqliyyat vasitəsinin gəlib-gəlməməsini tam bilməlidir. Elə yerlər var ki, piyadalar öz üstünlükərindən istifadə edib həmin yolu nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini öyrənmədən keçirlər. Bu zaman da yol qəzaları baş verir.
Əlbəttə, tələbənin həlak olması olduqca pis haldır. Deyim ki, keçidlərdən istifadə etməyən insanlar çoxdur. Ona görə də, yerüstü piyada keçidlərinin qoyulması o demək deyil ki, hadisələr baş verəcək. Bütün insanlar məsuliyyətli olmalıdır”.
Ekspertin sözlərinə görə, paytaxtda ən nizamsız hadisə piyadaların yolu istənilən yerdən keçməsidir: 
"Belə bir təklif irəli sürürəm ki, "piyada könüllüləri” yaradılsın. Necə ki bizdə idman və digər sahələrdə könüllü insanlar fəaliyyət göstərir. Eyni zamanda yol hərəkəti ilə bağlı da maariflənmə işləri aparılsa, müsbət nəticələr əldə edə bilərik. Baş verən qəzalarının əsas səbəbi xüsusilə piyada mədəniyyətinin aşağı olmasıdır. 
Ölkəmizdəki qəzaların 70 faizi piyadaların məsuliyyətsizliyi ucbatından olur. Buna görə də mütləq maarifləndirmə işi aparılmalıdır.
Təbii ki, müəyyən yerlərdə təhlükəsiz keçidlər yaradılmalıdır. Ümumiyyətlə, paytaxda piyada keçidləri xəritəsi hazırlanmalıdır. Daha sonra bu xəritə kompleks şəkildə həm ictimaiyyət, həm dövlət tərəfindən öyrənilməlidir. Gərək insanlar yolu keçən zaman diqqətli olsunlar”.
Qeyd edək ki, yolu keçmək istəyən tələbəni maşın vurub. Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi olan Şahbazlı İlkin Bəxtiyar oğlu aldığı xəsarətdən dünyasını dəyişib.
Yeganə Bayramova