Çirklənir, zəhərlənmə verir
Ötən günlərdə Lənkəranda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Məlumata görə, hadisə rayonun ucqar yaşayış məntəqələrindən olan Daştatük kəndində baş verib. Sentyabrın 5-də sözügedən kənddən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər müraciət edib.
Onların əksəriyyəti uşaqlardan ibarət olub. İlkin müayinələrdən sonra zəhərlənmə hadisəsinin kənddəki içməli su mənbəyinin digər bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. Bu məqsədlə həmin su mənbəyindən nümunələr götürülərək Bakıya göndərilib. Qeydə alınmış zəhərlənmə faktı barədə yekun rəy laboratoriya müayinəsinin cavabından sonra məlum olacaq.
Vəziyyəti dəyərləndirən həkim-terapevt Şəmsiyyə Namazova qeyd edib ki, mağazalarda satılan adi sular və şirəli içkilərin əksəriyyəti kustar üsulla hazırlanır:
"Baxırsan ki, hərə gedib bir yerdə sex açıb, standartlara uyğun olmayan, laborator müayinələrdən keçməyən şirəli içkilər və sular hazırlayırlar. Ən çox da zəhərlənmələr bundan baş verir. Dəfələrlə rast gəlmişik ki, limonadlar qarın işləmə, qusma, zəhərlənmə və mədə-bağırsağın pozulmasına səbəb olub”.
Ekspert diqqətə çatdırıb ki, plastik su çənlərindən istifadə olunmamalıdır: "İndi plastik su çənləri daha çox artıb. Plastik su çənlərində suyun çirklənmə ehtimalı çoxdur. Bu da göbələk xəstəliklərinə yol açır. Plastik su çənlərindən su içmək və ya ordakı sudan istifadə etmək doğru deyil. Yaxud da bəzən insanlar quyu suyundan istifadə edirlər. Elə yer var ki, axar su hövzəsindən istifadə olunur. Bunlar da bəzən müəyyən xəstəliklərə səbəb olurlar. Çünki onların hər birinin özünəməxsus çirklənmə dərəcəsi və yoluxuculuq qabiliyyəti olur. Deyirlər ki, axar su təmiz olur. Amma bu da yanlış yanaşmadır. Bəzən görürsən ki, məişət əşyalarını yuyub, çirkli suyu axar suya atırlar. Bu da zəhərlənmə yaradır. Zəhərlənmə faktları çoxşaxəlidir”.
Ekspertin qənaətincə, bulaq suyu da zəhərlənməyə səbəb ola bilər: "Hətta mağazalarda satılan plastik qablardakı suyun günün altında saxlanılması da yaxşı hal deyil. Bu da zəhərlənməyə yol aça bilir. Mağazalar buna diqqət yetirməlidir. Plastik qablardakı suları günün altında saxlayıb, sonra camaata satmalı deyil. Bir də görürsən ki, soyuq aylarda insanlar plastik şüşələrdəki suları qızdırıcı peçlərin qabağına yığıb isidir və sonra içir. Bu da məsləhət deyil. Zəhərlənmə verə bilər”.
Ayyət Əhməd