Poroşenkonun Bakıya səfəri enerji məsələləri ilə bağlı olacaq

“İnanmıram ki, indiki vaxtda Ukrayna ilə hansısa ciddi problemlərin müzakirəsi aparılsın”



Ukrayna Prezidenti Pyotr Poroşenkonun 2016-cı ildə Azərbaycana səfəri nəzərdə tutulub. Bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib. Səfərin dəqiq günü açıqlanmasa da, Ukrayna Prezidentinin Azərbaycana 2016-cı ilin birinci yarısında gələcəyi vurğulanıb.

Xatırladaq ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyəti 2015-ci il dekabrın əvvəlində Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin Azərbaycan Prezidenti ilə görüşü zamanı Ukrayna-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı hazırlıq məsələləri müzakirə edilib.

Poroşenkonun gözlənilən səfərini şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev "Şərq”ə deyib ki, Ukrayna ilə Azərbaycan arasında mehriban dostluq əlaqələri olub: "Çox effektiv olmasa da, ölkələrimiz GUAM adlı təşkilatda birgə təmsil olunurlar. Bir zamanlar Ukrayna GUAM-ın aparıcı dövləti sayılırdı. Sadəcə Rusiya ilə Ukrayna arasında gərgin problemlərin yaranması fonunda, həmçinin, Ukrayna ilə Azərbaycan hökumətinin siyasi gedişlərində fərqlərin olması baxımından son dönəmlərdə iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etmirdi. Yəqin ki, qarşılıqlı səfərlərdən sonra əməkdaşlıq daha da genişlənəcək. Amma düşünürəm ki, Poroşenkonun ölkəmizə səfəri siyasi məsələlərdən daha çox enerji məsələsi ilə bağlı olacaq. İnanmıram ki, indiki vaxtda Ukrayna ilə hansısa ciddi problemlərin müzakirəsi aparılsın”.

İsmayıl