Prezident 2016-cı ili Multikulturalizm ili elan edib
İndiki vaxtda, bu əslində dünyaya bir mesaj, çağırış kimi dəyərləndirilməlidir
Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.
Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi də dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Sərəncamı dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, tolerantlıq Azərbaycan xalqının əsas brendidir və Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etməsi olduqca məntiqlidir: "Azərbaycan tarixi birgə yaşama, azərbaycanlıların ölkə ərazisində yaşayan digər xalqların nümayəndələrinə, milli azlıqlara, etnik qruplara, müxtəlif dinlərin nümayəndələrinə qarşı tolerant münasibətinin parlaq nümunələri ilə doludur. Hazırda bütün bunlar daha mükəmməl xarakter daşıyır. Azərbaycanda bütün dinlərin nümayəndələri tamamilə dinc şəraitdə yaşayırlar. Ən əsası, onlara qarşı dözümlü, tolerant, anlayışla yanaşırlar və Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etməsi faktı bunu izah edir. Cari il Azərbaycanda nüfuzlu tədbirlərin, o cümlədən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsinin planlaşdırılması faktı ondan xəbər verir ki, ölkəmiz mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa və multikulturalizmə öz töhfəsini verəcək”.
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da bildirib ki, Azərbaycanda multikulturalizm həyat tərzidir, cəmiyyətimizin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının aparıcı komponentlərindən biridir. Onun sözlərinə görə, bu keyfiyyət multikulturalizmi cəmiyyətimizin birgəyaşayış ənənəsi kimi müəyyən edir: "Multikultural dəyərlərin bu səviyyədə mövcud olması bir qədər də bizim tarixi keçmişimizlə əlaqədardır. Siyasi mədəni və siyasi etnik coğrafiya olaraq Azərbaycan həmişə çox komponentli və mozaik daxili mikrostruktura malik olub. Bu cür zəngin mədəni keçmiş isə müasir cəmiyyətimizin əsas multikultural və tolerant keyfiyyətlərini müəyyən edir. Bu isə kütləvi sosial təfəkkürün və sosial fəlsəfənin Azərbaycan modelini yaradır. Multikulturalizmin Azərbaycan modeli hazırda Azərbaycanda dölət tərəfindən dəstəklənir və qlobal mədəni sistemə milli dəyərlərimizin aparıcı komponentlərində biri kimi təqdim edilir. Bu, qürurverici bir hadisədir. Ona görə də Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili” elan etdi”. Deputat vurğulayıb ki, etnik və dini dəyərlərin toqquşma və qarşıdurma vasitəsinə çevrildiyi bir vaxtda bu, əslində, Prezidentin dünyaya bir mesajı, bir çağırışı kimi başa düşülməlidir: "Hazırda etnik, dini və mədəni, hətta məzhəb fərqliliyinə görə insanlar biri-birilərini öldürürlər. Azərbaycanda isə bu fərqliliklər ölkəmizin milli sərvəti kimi qəbul edilir və birgəyaşayış qaydalarını müəyyən edir. H.Babaoğlu əlavə edib ki, doğrudan da bu məsələdə Şərq və elə Avropanın özü də Azərbaycandan çox şey öyrənə bilər. Ona görə də Azərbaycanın multikultural modeli dünyaya yaxşıca tanıdılmalıdır. Hazırda bu istiqamətdə çox böyük işlər görülür”.
"Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müəllifi, "Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev da deyib ki, "2016-cı ilin "Multikulturalizm ili” elan olunması gözlənilən idi: "Hələ 2008-ci ilin dekabrından başlayaraq "Bakı prosesi” elan olundu və Bakıda keçirilən Avropa Şurası üzv dövlətləri mədəniyyət nazirlərinin konfransında cənab prezident bir neçə təkliflə çıxış etdi. Onlardan biri də "Bakı prosesi”nin əsasının qoyulması və bu təşəbbüsün qlobal prosesə çevrilməsi idi. Çox sevindirici haldır ki, 2008-ci ildən başlayaraq Azərbaycan həm çoğrafi, həm tairixi, həm də mədəni əsaslara malik olan multikulturalizmi inkişaf etdirdi. Çünki ölkəmizdə bütün xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamaqdadırlar, tolerantlıq yüksək səviyyədədir və böyük əksəriyyət multikulturalizmə "hə” deyir. 2008-ci ildə əsası qoyulan "Bakı prosesi” dayanmadı, inkişaf etdirildi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. Bu toplantıya Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri də dəvət edilmişdi. 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu forumun ölkəmizdə keçirilməsi İslam, Avropa mədəniyyətlərini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunmasına köklənmişdi”. N.Niftiyevin sözlərinə görə, Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə sübut etdi ki, multikulturalizm həqiqətən də bizim həyat devizimizdir: "Biz bu ənənəni istər dövlət, istər vətəndaş cəmiyyəti çərçivəsində davam etdiririk. Düşünürəm ki, 2016-cı ilin "Multikulturalizm ili” elan olunması çox sevindirici haldır. Sərəncamdan da göründüyü kimi, bu işin həyata keçirilməsinə sırf bu işlə məşğul olan bir çox dövlət təşkilatları cəlb olunub. Bakı Multikulturalizm Mərkəzi bilavasitə bu mədəniyyətin həm ölkə, həm də beynəlxalq aləmə çatdırılmasında böyük rol oynayır. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda yaşayan xalqların rəqsləri, geyimləri, adət-ənənələri və digər mədəni tədbirlərinin inkişafında mühüm rol oynayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsələnin dini tolerantlıq tərəfdən öyrənilməsinə cəhd göstərilir. Təhsil Nazirliyi Azərbaycanda yaşayan xalqların təhsil məsələlərini özündə əhatə edir. Düşünürəm ki, dövlət qurumlarının bu şəkildə işləməsi ilə 2016-cı ildə Azərbaycanda elan olunan multikulturalizmin istədiyimiz nəticəni verəcəyi təbii ki, şübhəsizdir. Bunlar bir ay müddətində tədbirlər planı hazırlamladır. Təklif edirəm ki, tədbirlər planı ictimailəşdirilsin və bu sahədə olan ekspertlər, araşdırmaçılar kimi öz münasibətimizi bildirək”.
İsmayıl