Prezident hələ ki, duruş gətirir

Marqvelaşvili İvanaşviliyə tabe olmaq istəmir, ona görə təzyiqlə üzləşir




Gürcüstan prezidenti Georgi Marqvelaşvili "Rustavi 2” telekanalına maraqlı və eyni zamanda təəccüblü faktlar açıqlayıb. Üzləşdiyi təzyiq və hədələrdən danışan ölkə başçısı etiraf edib ki, prezidentliyinin ilkin dövrlərində təhdidlər onu istefa həddinə çatdırıb. Buna rəğmən sonradan təhdidlərə önəm verməyib.

Ölkə lideri onu da diqqətə çatdırıb ki, 1 ildir davam edən basqılar sadəcə kuluar prosesi deyil, ünvanına yönəlmiş açıq tənqiddir. Bununla yanaşı, prezident söyləyib ki, siyasətçilər hansısa partiyanın üzvü olmadığını unudurlar: "Tez-tez siyasətçilərin bəyanatları həddi keçir və onlar bəyanatlarıma çox qısqanclıqla yanaşırlar. Amma nəzərə almırlar ki, mən bir partiyanın deyil, hamının prezidentiyəm”. G.Marqvelaşvilinin bəyanatına ciddi reaksiya verən yerli siyasi ekspertlər yaşananları prezidentlə baş nazir arasındakı münasibətlərin gərginləşməsi ilə izah ediblər. Onlar hesab edirlər ki, hadisələrin bariz nümunəsi martın 31-də hiss olunub. Çünki dövlət başçısı parlamentdə çıxış edən zaman zalda hökumətin heç bir nümayəndəsi olmayıb. Bundan əlavə, Marqvelaşvili dəfələrlə hakim "Gürcü arzusu” koalisiyasının yaradıcısı, gürcü milyarderi Bidzina İvanaşvilinin tənqidinə tuş gəlib.

Dövlət başçısının etirafını dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, G.Marqvelaşvili demokratik adamdı. Analitikin qənaətincə, o, sabiq baş nazir Bidzina İvanaşvilinin özbaşınalığının məhdudlaşdırılmasına çalışır: "Keçmiş baş nazir biznes adamıdır. Özünün Rusiya və Gürcüstanda yenicə qurmağa başladığı biznesinin inkişaf etdirilməsi ilə məşğul olur. Həm də kənardan dövlətə tam nəzarət etmək istəyindədir. Öz yerinə İrakli Qaribaşvilini gətirdi. Etiraf edək ki, G.Marqvelaşvilinin prezident seçilməsində də müstəsna xidməti göstərdi. İvanaşvili düşünürdü ki, Marqvelaşvili də Qaribaşvili kimi onun əmrlərini sözsüz yerinə yetirəcək. Amma düşündüyünün əksini müşahidə etdi. Marqvelaşvili öz bildiyi ilə getdi. Ona görə də qonşu ölkədə üsul-idarəsi dəyişdirildi. Prezidentin səlahiyyətləri azaldıldı. Baş nazirin səlahiyyətləri isə artırıldı. Prezident simvolik funksiya yerinə yetirir. Buna

baxmayaraq prezident ali baş komandandır. Dövləti xaricdə təmsil edir. Dövlətin xarici siyasətinin formalaşdırılmasında əsas söz sahibi prezidentdir”.

Politoloqun fikrincə, indiki prezident İvanaşvilinin Rusiya ilə yaxınlaşması yolunda əsas maneə rolunu oynayır: "Gürcüstanın Avropa İttifaqı ilə assosiativ sazişə imza atması məhz Marqvelaşvilinin səyi nəticəsində baş tutdu. Fikir verirsinizsə, Rusiya ilə yaxınlaşma siyasətinə etiraz olaraq, respublikaçılar və millətçilər hakim blokdan çıxdılar. Bir sıra istefalar baş verdi. Marqvelaşvili də həmin dönəmdə ciddi təzyiqlərlə üzləşmişdi. Ona daim basqı göstərirdilər ki, gürcü xalqı ilə görüşlərdə Qərblə yaxınlaşma siyasətini pisləsin. Dövlət rəhbəri buna getmədi. Əksinə, Ukraynaya səfərə yollandı. Səfər zamanı sabiq prezident Mixail Saakaşvili ilə görüşməsi isə İvanaşvilinin hiyləgər və mənfəətçi siyasətini ifşa etdi. Ona görə də həmin səfərin əleyhinə çıxdılar. Bu reallıqlar fonunda zənn edirəm ki, Marqvelaşvilinin etirafını səmimi qəbul etmək olar”.

Qonşu ölkədə rüşvətin yenidən çiçəkləndiyini söyləyən ekspert bəyan edib ki, orada əhalinin rifah halı çox sürətlə aşağı düşür: "İnflyasiya ikirəqəmli rəqəmlə ifadə olunur. Gürcüstanın iqtisadi göstəriciləri getdikcə zəifləyir. Belə bir vəziyyətin yaranmasında İvanaşvilinin verdiyi yalançı vədlərin "rolu” böyükdür”.

Həmsöhbətimiz qeyd edib ki, indiki halda Marqvelaşvili və İvanaşvili arasında çox ciddi ziddiyyətlər yaranıb: "Problemlər İvanaşvilinin boz kardinal kimi kənardan hər şeyə müdaxilə etməsi və Kremllə ciddi əlaqələr qurması ilə bağlıdır. Üstəgəl, ölkə yaxşı idarə olunmur. İndiki hakimiyyət həm Qərb, həm də Rusiya qarşısında aciz durumdadır. Əhali arasında "Gürcü arzusu” blokunun reytinqi çox aşağı düşüb. Bunun səbəbkarı İvanaşvilidir. Siyasətdən getdim deyib, kənara çəkilərək Gürcüstanın qanını sovurur. Özünün sərvətini artırır. Bu səbəbdən ölkədə güclü etiraz dalğaları formalaşır”.

Ayyət Əhməd