Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gəlib. Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib.
Prezident İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 5-də Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili qarşıladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Gürcüstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Giorgi Marqvelaşviliyə təqdim olundu. Sonra prezidentlər xarici ölkələrin Tbilisidə akkreditə olunan səfirləri ilə görüşdülər.
Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
"Bütün məsələlərdə bir-birimizə daim dəstək oluruq”
"Bu gün imzaladığımız birgə bəyannamə əlaqələrimizin gələcək inkişaf perspektivlərini müəyyən edir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi və qardaşlığımız dayanır. Bəyannamədə bütün sahələrdə konkret əməkdaşlıq öz əksini tapıb”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tiflisdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə təkbətək və hər iki ölkənin nümayəndə heyətləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir: "Biz həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrimizin ərazi bütövlüyü məsələlərində bir-birimizə daim dəstək və arxa oluruq. Əminəm ki, hər iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək. Bəyannamədə münaqişələrin həlli ilə bağlı çox dəqiq ifadələr öz əksini tapıb. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü və suverenliyi, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır”.
"Azərbaycan prezidentinin ölkəmizə gəlişi böyük əhəmiyyət kəsb edir”
"Ölkələrimiz arasında əlaqələr xoş niyyətli və qonşuluq münasibətlərinə əsaslanır, hansı ki, bu münasibətlər bir çox imtahanlardan keçib. Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına böyük dəstək var. Bunun üçün biz Azərbaycan xalqına minnətdarıq”. Bu sözləri də Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib.
"Biz görüşümüzdə regionda qloballıq nöqteyi-nəzərdən çıxış etdik, sabitlik haqqında danışdıq, stabilliyin əhəmiyyətini vurğuladıq. Biz münaqişələrin sülh yolu ilə həll olunmasının vacibliyini, bir-birimizin suverenliyini, ərazi bütövlüyünü dəstəklədik. Mən Azərbaycanda keçən parlament seçkiləri münasibətilə cənab İlham Əliyevi təbrik edirəm. Azərbaycan prezidentinin seçkilərdən sonra ölkəmizə gəlişi böyük əhəmiyyət kəsb edir”, Gürcüstan prezidenti çıxışında bildirib.
Onun sözlərinə görə, Gürcüstan Avropa və Asiya arasında həmişə bir dəhliz rolunu oynayıb: "Biz nəqliyyat funksiyasına vəfalı olduğumuzu göstərmişik. Bu baxımdan münasibətlərimizi dərinləşdirməyə həmişə hazırıq. Haqqında söhbət etdiyimiz layihələrin perspektivi enerji və nəqliyyat əməkdaşlığının daha da dərinləşdirilməsinə gətirib çıxaracağına əminəm”.
"Cənub” qaz dəhlizi Avropanın ən böyük enerji layihəsidir”
"Gürcüstana uğurlu səfərim gələcək dinamik əməkdaşlığımız üçün gözəl bir addımdır”.
Bu barədə Gürcüstanda ikigünlük rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq var: "Biz çox istəyirik ki, iki dövlət arasında ticarət dövriyyəsi daha da artsın. Qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük miqdarda sərmayə qoyub. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Ölkədə çox gözəl sərmayə iqlimi yaradılıb. Biz bu gün enerji və nəqliyyat məsələlərinini geniş şəkildə müzakirə etdik və bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər və layihələr tezliklə öz həllini tapsın. Xüsusilə Cənub Qaz Dəhlizi, bu gün uğurla icra edilir. Bu dəhlizin, həm Gürcüstan, həm Azərbaycan üçün, həm də Avropa üçün böyük böyük iqtisadi və siyasi mənası var. Əminəm ki, 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya böyük həcmdə Azərbaycan qazı çatdırılacaq”
İ. Əliyev Cənub Qaz Dəhlizi layihəsinin böyük layihə olduğunu vurğulayıb: "Bu dəhliz Avropanın ən böyük enerji layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları var. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kub metr səviyyəsindədir. Bu o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək.”
Prezident İlham Əliyev çıxışında Gürcüstanla Azərbaycanın birgə fəaliyyətini və gələcəkdə bir mövqedən çıxış edəcəyini qeyd edib: "Bu gün geniş tərkibdəki görüşdə mən məlumat verdim ki, Azərbaycanda tranzit yüklərlə koordinasiya şurası yaradılıb. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşımalarda bir mövqedən çıxış etsin, biz vahid tarif siyasəti aparaq və ölkələrimizin ərazisindən keçən yüklərin həcmini artıra bilək”.