İdarəetmənin optimallaşdırılması və rasional edilməsi üçün dəyişikliklər olduqca zəruridir
Nazirlər Kabinetinə həvalə edilmiş səlahiyyətlərdən biri ləğv olunub. Prezident İlham Əliyevin investisiyanın təşviqi ilə bağlı imzaladığı Fərmana əsasən "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na dəyişiklik edilib.
Bu Qayda İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Qaydaya əsasən indiyə qədər investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub. Dəyişikliyə əsasən Nazirlər Kabinetinin bu sahədə səlahiyyəti ləvğ olunub. Bu sahədə səlahiyyət Azərbaycan Prezidentinə məxsus olacaq. Dəyişikliklə bağlı fikirlərini "Şərq”ə bölüşən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Prezident müəyyən icra məsələləri ilə bağlı Nazirlər Kabinetinə səlahiyyətlər verə və ya əksinə, ala bilər. Ekspertə görə, icra strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin optimallaşdırılması və rasional edilməsi üçün bu cür dəyişikliklər olduqca zəruridir: "Azərbaycanda islahatlar prosesi dərinləşməkdədir. Xüsusilə də iqtisadi islahatlara daha çox önəm verilir. Dövlət başçısı da bu ilin iqtisadi islahatlar ili olacağını bəyan etmişdi. İndi həmin islahatlar davamlı olaraq həyata keçirilir və bu islahatların əsas mərkəzi və təşəbbüskarı Prezidentdir. Həyata keçirilən müsbətyönlü dəyişikliklərin hamısı birbaşa Prezidentdən qaynaqlanır. Cənab İlham Əliyev özü iqtisadi proseslərə rəhbərlik edir”. Ə.Nuriyev deyib ki, Administrasiyada bu məqsədlə iqtisadi islahatlar üzrə köməkçi institutu yaradılıb və islahatlar mərkəzi fəaliyyətə başlayıb: "İslahatlarla bağlı operativ qərarların qəbul edilməsi çox zəruridir. Xüsusən, investisiyaların təşviqi ilə bağlı məsələnin dövlət başçısının öhdəliyinə keçməsi mühüm irəliləyişdir. Prezident rayonlara səfərlərində, icra başçıları ilə görüşlərində bəyan etdi ki, "biz xarici ölkələrə gedəndə onları Azərbaycana investisiya qoymağa təşviq edirik. Belə olan halda operativ qərarların verilməsi çox zəruridir”. Eyni zamanda investorların etimadının yüksəldilməsi baxımından qərarları Prezidentin imzalaması çox məqsədəuyğundur. Çünki dövlət rəhbərinin sərəncamı ilə verilmiş qərarın gücü daha yüksək hüquqa malik olur. Hesab edirəm ki, bu dəyişiklik daxili və xarici investisiyaları ölkəmizə cəlb edəcək, inam və etimadı artıracaq. Nazirlər Kabineti belə bir struktura malik deyildi. Nazirlər Kabinetində hansısa qərarların qəbul olunması çox mərhələlərdən keçirdi. Sonuncu sərəncam islahatların ruhu, sürəti və effektli olması ilə bağlı məsələdir”.
İsmayıl