Prezident xalqın adamıdır

“Şərq”in keçirdiyi rəy sorğusunda şəhər əhalisi son olaylara münasibət bildirib



Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad etməsi, sahibkarlara qarşı yaradan əngəlləri aradan qaldırması istiqamətindəki addımlar, verdiyi sərəncamlar son günlərin ən aktual müzakirə mövzusudur. Demək olar ki, bütün siyasi dairələrdə və ya sosial şəbəkələrdə dövlət başçısının addımının müsbət nəticələr verəcəyinə əminlik ifadə olunur. Bu baxımdan demək olar ki, hər kəs dövlət başçısının qərarını çox müsbət qarşılayaraq, bunu Prezidentin sahibkarlara, dövlətə və xalqa qayğısı kimi dəyərləndirir. Çünki heç kimə sirr deyil ki, neft istehsal etməyən ölkələrdə büdcəyə gələn gəlirin böyük hissəsi sahibkarların payına düşür. Bu səbəbdən dövlət başçısı sahibkarların işini əngəlləyən bütün maneələri aradan qaldırır. Bundan başqa qeyd edək ki, İ.Əliyev sahibkarlığın inkişaf etdirilməsi məqsədilə onların 2 il yoxlamalardan azad olunmasına və başqa məsələlərə dair silsilə fərmanlar verib. Prezidentin məlum islahatları ilə bağlı cəmiyyətin münasibətini və ya reaksiyasını öyrənmək məqsədilə "sahibkarlığın inkişafına dair Prezidentin son fərmanlarını necə qiymətləndirirsiniz” sualı ilə maraqlı bir sorğu keçirdik.

Bakı Dövlət Universitetinin (BDU) qabağında kitab satışı ilə məşğul olan 62 yaşlı Rasim dayı bildirdi ki, ölkə liderinin MTN rəisini işdən azad etməsini və bununla yanaşı, qanunsuz davranışına görə nazirlikdəki bir neçə generalın həbsini alqışlayır: "Ona görə ki, onlar ölkənin təhlükəsizliyi ilə deyil, sahibkarlardan "haqq” almaqla məşğul olublar. Onlar iş adamlarını çox incidiblər. Prezidentin bu addımına o qədər sevinirəm ki, az qalıram lap balaca uşaq kimi atılıb, düşəm”.

Həmsöhbətimiz söyləyib ki, dövlət başçısının son zamanlar atdığı uğurlu addımlar ölkədə sahibkarlığın və ya eyni zamanda qeyri-neft sektorunun inkişafına böyük təkan olacaq: "Bunları bir vətəndaş kimi deyirəm. Düşünürəm ki, bütün bunlar dövlət başçısının ölkəmizə və xalqımıza qayğısı, diqqəti deməkdir. Daha sovet dövrü deyil ki, indi başqa quruluşdu. Azərbaycanın iqtisadiyyatı sahibkarlardan asılıdır. Bir vətəndaş kimi Prezidentin qərarını çox yüksək dəyərləndirirəm. Çünki sahibkarlara dəstək ölkədə yeni iş yerlərinin açılması və işsizlik probleminin qismən də olsa, aradan qalxması deməkdir”.

Rasim dayının sözlərinə görə, icra hakimiyyəti orqanları da bu məsələyə aydınlıq gətirməlidir: "Məsələn, Milli Məclisdə savadlı deputatlar var. Onlar da indiyə qədər susublar, danışmırdılar. Gərək ki, adını çəkdiyim qurumlar dövlət başçısı ilə əl-ələ verib işləyəydilər. Düzdü, belə məmurlar mövcuddur. Ancaq onların sayı azdır. Məsələn, icra başçılarını birbaşa Prezident təyin edir. Belə adamlar birbaşa Prezidentə MTN-in qanunsuzluqlarını çatdıra bilərdi. Amma etməyiblər. Baxın, sahibkarlar işlərini daha çox icra hakimləri ilə görürlər. Görünür, nədənsə, icra başçıları də xəbəri gizlədiblər”.

Müsahibimiz diqqətə çatdırıb ki, ölkədə baş tutacaq parlament seçkilərinə az müddət qalmış dövlət başçısının E.Mahmudovu vəzifəsindən uzaqlaşdırması qanunsuzluqlara yol verən digər nazirlərə ciddi mesaj olmalıdır: "Artıq digər nazirlər də dərs götürməlidir. Anlamalıdırlar ki, qanunsuzluğa deyil, dövlətçiliyə xidmət göstərmək lazımdır. Amma gördüyünüz kimi, Prezident sübut etdi ki, haqqı nahaqqa qatmaq olmaz. Ölkədə imkanlı şəxslər sahibkarlar olmalıdır. Bizdə oliqarx deyəndə hansısa sahibkar biznesmen deyil, məmurlar göz önünə gəlir”.

Rasim dayı məmur övladlarının biznes şəbəkəsindən də söz açıb: "Ayda 2 min, lap 5 min manat əmək haqqı alan məmur övladının 2 yüz milyonluq biznes şirkətinin olması doğru deyil. Əlbəttə, bu pullar onların deyil, sənin, mənim, yəni sadə, sıravi vətəndaşın cibindən oğurlanan pullardır. Başqa haradan əldə edirlər ki?”

BDU-nun ikinci kurs magistrantı Rüfət Soltan da qeyd edib ki, ölkədə sahibkarlığın inkişafına ciddi ziyan vurulub: "Amma dövlət başçısının həyata keçirdiyi islahatlar, sahibkarların 2 il müddətində yoxlanılmaması və s. Lisenziyaların "ASAN xidmət”ə verilməsi kimi güzəştlər birbaşa ölkədə sahibkarlığın inkişafına dəstək göstərməkdir. Əlbəttə, sahibkarlar da Prezidentin addımından çox razıdırlar. Bunu mətbuat səhifələrində də görürük. Bu faktlar deməyə əsas verir ki, gələcəkdə ölkədə sahibkarlıqla bağlı mütləq irəliləyişlər olacaq”.

MTN-in sahibkarları şantaj etməsinə diqqət çəkən magistrantın fikrincə, ölkənin ən mühüm güc strukturu sayılan bir orqanın bu yolu seçməsi kökündən yanlışdır: "Çünki o qurum şantajla deyil, milli təhlükəsizliyin təmin olunması ilə maraqlanmalıdır. Amma indi məsələnin üstü açılıb, ona qarşı tədbir görülürsə, bu, böyükhəcmli iş deməkdir. Əslində prezident yalnız MTN-lə deyil, bütün sahələrlə bağlı ciddi addımlar atır. Ümid edirəm ki, bu yolun sonu çox işıqlı və parlaq olacaq. Ölkəmizin perspektivi daha da yüksələcək”.

R.Soltan düşür ki, dövlət başçısının addımı digər nazirlərə də mesajdır: "Mənə elə gəlir ki, Prezidentin belə qərara gəlməsinin səbəblərindən biri də digər nazirlərə ismarıc göndərməkdir. Prezident müşavirələrdə dəfələrlə məmurlara xəbərdarlıq edib ki, özbaşınalıq etməsinlər. Bütün bunlar Prezidentə çatır ki, o, belə xəbərdarlıqlar edir. Dövlət başçısı heç vaxt faktsız danışmır. İ.Əliyev həmişə haqqı deyir. Sözügedən nazirlik buraxdığı nöqsanlara görə, cəzasını aldı. Digər nazirlərə də xəbərdarlıq edildi. Yəqin ki, bundan sonra başqa nazirlər də işlərinə ciddi və məsuliyyətli yanaşacaqlar”.

Məmur övladlarının böyük biznes şəbəkəsindən danışan həmsöhbətimiz vurğulayıb ki, onların elə geniş şəbəkəyə sahib olmasında böyük bir uyğunsuzluq var: "Biz də gəncik. Biz niyə o işləri görə bilmirik? Üstəgəl, bir gənc kadrın o işləri görməyə gücü yetməz. Hər halda onun valideyni bu biznesi ona həvalə edib, yenə də məntiqə uyğun deyil. Çünki bir gənc o qədər biznes şirkətlərini idarə edə bilməz. Burada artıq şübhələr ortaya çıxır. Yəni bir gəncin bu qədər biznesi idarə etməsi real görünmür və eyni zamanda məntiqə uyğun deyil. Deməli, onu valideynləri idarə edir. Bu isə qanunsuzdur. Ona görə ki, məmurun bizneslə məşğul olmasına qanun icazə vermir”.

Bununla yanaşı, sağlam düşüncəli məmurların olduğunu söyləyən müsahibimiz sonda qaranlıq əməllərlə məşğul olan hökumət funksionerlərinə çağırış edib: "Doğrudur, ölkəmizdə vicdanlı və sağlam təfəkkürlü məmurlarımız da var. Amma elə məmurlar da var ki, onların əməlləri birbaşa xalqla hakimiyyət arasında, vətəndaşlarla Prezident arasında dərin yarğan yaradır. Bax, belə məmurlara çağırışım odur ki, bir az vicdanlı və insaflı olsunlar”.

Metronun "Elmlər Akademiyası” stansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan, Qarabağ qazisi 51 yaşlı Sadiq dayı da dövlət başçısının addımından çox razı qalıb: "Allah Prezidentimizə uzun ömür versin. Elə iş gördü ki, bütün qanunsuzluqların qabağını aldı. Hələ də alacaq. Buna çox inanıram. Ümumiyyətlə, Prezidentimizə çox inanıram. İ.Əliyevin atdığı addımlar birbaşa sahibkarlığın və qeyri-neft sektorunun inkişafına yönəlib. Bu, dövlətimiz və xalqımız üçün də yaxşı olacaq. Əminəm ki, gömrükdəki güzəştlər ölkədə ərzaq məhsullarının qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Əlbəttə, bütün bunlar Prezidentin kasıb zümrəyə göstərdiyi dəstəkdir”.

Sürücü MTN-in sahibkardan rüşvət tələb etməsinə də diqqət çəkib: "Gedib bir erməni dığasını tutub gətirməkdənsə, gəlib azərbaycanlını təhdid edib pul alır. Öz torpaqlarımızda tutulan girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də girovluqdadır. Get, onu azad elə. Get, Qarabağı azad elə... Get Ermənistandakı girovlarımızı xilas elə.. 6 il Qarabağda müharibədə iştirak etmişəm. Bizim separatçı ölkədə girovlarımız, əsirlərimiz var. Get, oradan erməni gətir. Gəlib, bizi niyə tutursan?”.

Sadiq dayının fikrincə, dövlət başçısının bu addımı harın nazirlərə bir mesajdır: "Onlara bir dərs olacaq. Adam kişi kimi işləyər. Prezident sənə etimad göstəribsə, onu doğrultmaq lazımdır. Xalqa xidmət göstərməlisən. Baxın, şəxsən nəqliyyat naziri Ziya Məmmədov bundan nəticə çıxarmalıdır. "Youtube” sosial şəbəkəsində nəqliyyat müfəttişlərinin məni döyməsinə dair video var. Açın baxın. 6 il Qarabağda torpaq uğrunda döyüşmüş bir adamı Z.Məmmədovun qoçuları döyür. Təbii ki, Prezident onun da layiqli cəzasını verəcək. Həmin müfəttişlərin əksəriyyəti küçədən tutub gətirilmiş avara uşaqlar idi. Onları camaatın üstünə salıb, döydürürdülər. Qoçuluq edirdilər. Allah Prezidentin canını sağ eləsin. Artıq qoçulardan canımız qurtarıb. Qoçuların səlahiyyəti alınıb, Dövlət Yol Polisinə həvalə olundu. İndi rahatca işimizlə məşğuluq. Dövlətin tələb etdiyi ödənişi - 18 manatı ödəyib, rahat işimizi görürük. Qoçular bizdən 18 deyil, 70 manat tələb edirdilər. Azərbaycanda bir milyon taksi sürücüsü vardı, hər ay 50 manat artıq pul verirdik. Gör ayda nə qədər rüşvət alırdılar. Niyə 70 və ya yüz manat cərimə ödəməliyəm”.

Bu əsnada kənarda fəhlə işləyən Sənan adlı gənc oğlan yaxınlaşaraq söhbətə müdaxilə edir: "Baxın, xəstəxanalardakı qiymətlərə də nəzarət güclənməlidir. Şəxsən "Semaşko” adlanan dövlət xəstəxanasında qanı yuduzdurmağa 2 yüz manat pul alırlar. Özü də adını dövlət xəstəxanası qoyub. Fəhlə işləyirəm. Atam dərmandan zəhərlənmişdi. Apardıq "Semaşko”ya. Qan yumağa görə 2 yüz manat pul aldı həkim. Hələ 50 manat da təcili yardıma verdim. Ayda 3 yüz manat pul alıram. Onun da 250-sini həkimə verdim. Buna da bir əncam çəkmək lazımdır. Bu da dövlət xəstənaxası... Allah Prezidentimizin canını sağ eləsin. Düşünürəm ki, ölkə başçısı buna da bir əncam çəkəcək”.

Ayyət Əhməd,

İsmayıl Qocayev