Prezidentin Qarabağ haqda son açıqlaması...
Ekspertlər də hesab edir ki, regionda baş verən münaqişələr Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərmir
Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. Dövlət başçısı dünyada və regionda siyasi, iqtisadi və hərbi böhranın dərinləşdiyini, dini və irqi zəmində münaqişələrin artdığını diqqətə çatdırıb. İlham Əliyev Azərbaycanın regionda problemlərin aradan qaldırılması üçün sabitləşdirici rol oynamağa davam edəcəyini bildirib.
Lakin Ermənistanın sülh istəmədiyini deyən Prezident istənilən halda Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad edəcəyini vurğulayıb: "Ermənistan sülh istəmir. Status-kvonu mümkün qədər çox saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir”. Dövlət başçısı vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir: "Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik və Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir”. Prezident onu da bildirib ki, 2015-ci ildə təmas xəttində Azərbaycan üstünlüyə yiyələnərək öz iradəsini diktə edir: "Ölkəmiz bundan sonra da döyüş potensialını gücləndirəcək”.
Millət vəkili Elman Məmmədov deyib ki, Prezident İlham Əliyev müşavirədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəqiq və sərrast fikirlər səsləndirib: "İlk növbədə cənab Prezident Ermənistanın bugünkü vəziyyəti haqqında dəqiq fikri dedi ki, Ermənistan dilənçi vəziyyətində olan bir dövlətdir. Təbii ki, bu dövlətin Azərbaycan torpaqlarını işğal etməyə və uzun illər işğal altında saxlamağa gücü çatmaz. Demək, bu dövləti saxlayan, yaşadan, ona havadarlıq edən qüvvələr var. Bu qüvvələr tarixin bütün dövrlərində mövcud olub. Bu gün bizim torpaqlarımızın işğal olunmasında danılmaz xidmətləri olan həmin dövlətlərdir. Ermənistan bu gün siyasət aləmində söz sahibi deyil, Ermənistana havadarlıq edən dövlətlər Ermənistan əvəzindən sözçüdürlər”. Deputat bildirib ki, 20 ildən artıqdır vasitəçilik mandatı verilmiş ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər siyasət və iqtisadiyyat aləmində biri-biri ilə daban-dabana zidd siyasət aparan dövlətlərdir: "İndi necə ola bilər ki, biri-biri ilə yola getməyən, siyasətləri zidd olan dövlətlər Dağlıq Qarabağ məsələsi ilə bağlı bir fikrə gəlib, münaqişənin həll olunmasına kömək etsinlər? Bu, qeyri-mümkündür. Bizim ən böyük bəlamızdan biri budur. Bunlar meydandan çıxmırlar ki, Azərbaycan ilə Ermənistan üz-üzə öz məsələlərini həll etsinlər. Təbii ki, gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən Ermənistan üz-üzə qalanda aydındır ki, məsələ nə cür həll olunacaq. Ədalətli və Azərbaycanın xeyrinə. Ancaq çox təəssüf ki, bu işğalçı, cinayətkar dövlətə havadarlıq edənlər buna imkan vermirlər. Cənab Prezident çox düzgün bəyan edib ki, biz bu meydanda öz mübarizəmizi təkbaşına aparmışıq. Mübarizəmizi uğurla sona qədər aparacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik”.
Siyasi ekspert Arzu Nağıyev də bildirib ki, regionda baş verən münaqişələr Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərmir. Onun sözlərinə görə, bu vəziyyətdən istifadə edən ermənilər münaqişənin həllinə soyuq yanaşır, status-kvonu qoruyub saxlamağa çalışırlar: "Ermənistan gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalarını, gah da NATO və Rusiya sərhəddində yerləşmələrini bəhanə edərək 102 saylı briqadanı zənginləşdirir. Serj Sarkisyan və onun komandası səhra komandirlərindən təşkil olunan cinayətkar dəstədir. Onlar Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə yiyələniblər: "Məhz buna görə də maksimal dərəcədə hakimiyyətdə qalmağa çalışırlar. Təbii ki, buna onların havadarları da imkan yaradır”. A.Nağıyev deyib ki, hazırda Ermənistanla bərabər Dağlıq Qarabağın erməni icması da Sarkisyan rejimindən narazıdır: "Bu amildən cinayətkar rejimə qarşı geniş istifadə etmək lazımdır. Yəni, təcavüzkarı istər güc nümayiş etdirməklə, istərsə də digər yollarla danışıqlar masasına əyləşdirib torpaqların qaytarılmasına nail olmalıyıq”.
Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə bildirib ki, Azərbaycanın qarşısında duran bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsidir: "Bütün dünya Azərbaycanı müstəqil dövlət kimi tanıyır, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu qəbul edir”. Azərbaycan dövlətinin müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran ekspert bildirib ki, bunun nəticəsində dövlətimiz dünya və region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub: "Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə problemi yoxdur. Bu problemin səbəbkarı onlardır. Dağlıq Qarabağ və ətraf yeddi rayonumuzu zəbt edərək işğal altında saxlayan Ermənistan münaqişənin həllinə isti yanaşmır, əksinə, danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyərək həll prosesini uzatmağa çalışır. Azərbaycan isə bugünə qədər problemin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirib, danışıqlar prosesinə sadiq qalıb. Lakin Ermənistanın cinayətkar rəhbərliyi bu müddət ərzində işğalçı mövqeyindən əl çəkməyib”. E.Həsənli deyib ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər münaqişənin həlli ilə bağlı ciddi addımlar atmırlar: "İyirmi ildən çoxdur ki, ATƏT-in Minsk Qrupu vasitəçilik missiyası həyata keçirsələr də, müxtəlif üsullarla Ermənistanı müdafiə etməyə çalışır, təcavüzkar kimi qəbul etmək istəmirlər. Halbuki, bu qurum yarananda bizim münaqişənin həlli ilə bağlı ümidlərimiz artıb. Gözləntilərimizin əksinə olaraq, münaqişə bugünə qədər davam edir və heç bir irəliləyiş müşahidə olunmur”. Birlik sədri vurğulayıb ki, Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı bütün mümkün addımları atır: "Dövlət iqtisadiyyatı gücləndirir, hərbi imkanlarını genişləndirir, sosial islahatlar həyata keçirir. Ermənistan isə regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb”.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli də deyib ki, Prezident İlham Əliyev keçirdiyi müşavirədə bir daha vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəmir: "Həqiqətən də bu belədir. İndiyədək münaqişənin həlli ilə bağlı dəfələrlə Ermənistan və Azərbaycan prezidentlərinin iştirakı ilə görüşlər keçirilib. Bu, danışıqlar zamanı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ucbatından problemin həlli istiqamətində hər hansı bir irəliləyiş əldə olunmayıb”. Q.Hüseynli bildirib ki, tərəflər arasında vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk Qrupu məsələyə ikili standartlar prizmasından yanaşır: "Qurum təcavüzkarla təcavüzə məruz qalan arasında fərqləri görmək istəmir. Halbuki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistanın işğalçı dövlət olduğu, Azərbaycanın ərazi bütövlüyünü pozduğu, torpaqların 20 faizini işğal etdiyi açıq-aydın öz əksini tapıb. Münaqişənin yaranma səbəbləri və nəticələri bütün dünya dövlətlərinə məlumdur. Belə olan şəraitdə hansı addımların atılmalı olduğunu dünya gücləri yaxşı bilir. Söhbət beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasından gedir. Bu səbəbdən, beynəlxalq birlik münaqişənin ədalətli əsaslarla həllinə dəstək verməlidir. Təəssüflər olsun ki, bu baş vermir. Rusiya da xeyli vədlər versə də, sonda sözünə əməl etmir”. Politoloq hesab edir ki, Bern görüşünün uğursuzluqla nəticələnməsinin səbəblərindən biri Rusiyanın Ermənistana barışçı münasibət göstərməsi ilə bağlıdır: "Hətta görüş ərəfəsində Moskva İrəvana yeni silah-sursat, hərbi helikopterlər, hava hücumundan müdafiə sistemləri göndərib. Bütün bunlar vəziyyəti ağırlaşdıran, münaqişənin həllini uzadan amillərdir”.
İsmayıl