
Prezidentin tapşırığı həm də xəbərdarlıqdır
Nazim Məmmədov: “İki il ərzində bütün yoxlamaların dayandırılmasını çox müsbət dəyərləndirirəm”Əli Məsimli: “Bundan sonra heç kim sahibkarları incitməyə cürət etməz”

Vahid Əhmədov: "Artıq vəziyyət dəyişib”

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyətli addımları sayəsində respublikamızda iqtisadi inkişaf prosesi uğurla davam etdirilir. Həyata keçirilən sistemli dövlət proqramları nəticəsində xalqın rifahı daha da yüksəlir. Aparılmış sosial-iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb.
Dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilib, özəl sektorun fəaliyyəti üçün imkan genişlənib. Bununla belə, əldə edilmiş hərtərəfli inkişaf fonunda ölkənin ayrı-ayrı fəaliyyət sahələrində müəyyən çatışmazlıqlar da müşahidə olunur. Sırf bu baxımdan dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qüsurların, çatışmayan cəhətlərin qısa müddətdə aradan qaldırılmasının vacib olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişaf etdirilməsi, səbəbsiz yoxlamalar aparılmasının qarşısının alınması, sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması barədə mühüm tapşırıqlar verib. Artıq həmin tapşırıqlar sürətlə yerinə yetirilir. Həyata keçirilən tədbirlər məhz ölkə başçısının səsləndirdiyi tapşırıqlara uyğun aparılır. Sahibkarların daha yaxşı işləmələri üçün hər cür sərbəst şərait yaradılır. Sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması məqsədilə sistemli tədbirlər davam etdirilir. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Çünki Prezidentin də vurğuladığı kimi, sahibkarlığın inkişafı dövlət siyasətidir və bu siyasət hər keçən gün daha da güclənməlidir. İqtisadçı-ekspertlər də sahibkarlığın inkişafı ilə bağlı dövlət rəhbəri tərəfindən həyata keçirilən tədbirlər paketinin qısa zaman ərzində mühüm nəticələr verəcəyini deyiblər.
İqtisadçı-alim, keçmiş sahibkar Nazim Məmmədov bildirib ki, cənab Prezident hər zaman sahibkarlara göstərdiyi mənəvi, siyasi və maddi dəstəyi bir daha əyani sübut etdi: "Hədsiz yoxlamalar sahibkarlara ciddi əngəl yaradırdı. Bu baxımdan Prezidentin qərarlarını, fərmanlarını olduqca müsbət dəyərləndirirəm. Mən dəfələrlə bu mövzuda danışmışam. Prezident doqquz ayın yekununa həsr olunmuş toplantıda, istehsalda və idxalda israfçılığın olması, eyni zamanda sahibkarların kifayət qədər yoxlamalara məruz qalması haqqında çox ciddi xəbərdarlıq etdi. Məlum idi ki, Azərbaycanda bir az imkanı olan, əlində dövlət səlahiyyəti olan şəxslər həm korrupsiya ilə məşğul olur, həm də Azərbaycan iqtisadiyyatını məhdudlaşdırırdı. Ona görə də, Azərbaycanda vergi yığımları azalır, vergi bazası genişlənmirdi. Mən bu barədə dəfələrlə fikirlərimi demişəm. Görünən odur ki, cənab Prezident iqtisadiyyatdakı neqativ halları aradan qaldırmaqda çox əzimlidir. Təbii ki, bunun üçün müxtəlif islahatlar aparılmalıdır. Çünki Nazirlər Kabinetinin tərkibində olan müxtəlif nazirliklər, komitələr əslində biri-birinin işlərini təkrar edirlər. Əslində vergiyə qədər olan yoxlamalar, cənab Prezidentin də qeyd etdiyi kimi, rüşvət almaqdan ötrü keçirilirdi. Bu yoxlamaların sahibkara heç bir köməyi yox idi. Ona görə də, iki il ərzində bütün yoxlamaların dayandırılmasını çox müsbət dəyərləndirirəm. Hər zaman demişəm ki, cənab Prezident sahibkara mənəvi, siyasi və maddi dəstək göstərir və bu gün də bunu sübut edir”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də deyib ki, belə addımların atılması, inhisarçılıq meyillərinin zəiflədilməsi, sonradan isə, onun aradan qaldırılması istiqamətində atılan addımların tərkib hissəsi olacaq: "Prezident tərəfindən sahibkarlığın yoxlanılması işinin dayandırılması çox müsbət və sərt addımdır. Bu sahədə xeyli çatışmazlıqlar var idi. İclasda Prezident bu sahədə olan çatışmazlıqları birbaşa açıq formada bildirdi və bu problemin qarşısının alınması istiqamətində tədbirlər görüləcəyini dedi. Göründüyü kimi, söz deyildi və iş prosesində o cür addımlar atıldı. Bundan sonra heç kim sahibkarları incitməyə cürət etməz. Kim istəyirsə, aidiyyəti qurumlara müraciət edərək işini qura bilər”. Ə.Məsimlinin sözlərinə görə, "Asan Xidmət”i genişləndirmək lazımdır. Bu həm məmur özbaşınalıqlarının aradan qaldırılması, həm də sahibkarlığın rahat fəaliyyət göstərməsi üçün çox yaxşı bir mexanizmdir: "Lisenziyalarla bağlı olan çatışmazlıqlar çox narahatlıq yaradırdı. Lisenziyaların sayı lazım olandan çox idi, həm də lisenziyada dövlət səviyyəsində alınan məbləğdən əlavə müxtəlif qiymətlər tətbiq olunurdu. Bu da sahibkarları elə işin başlanğıcında böyük xərcə salır və problem yaradırdı. Dövlətin lisenziyalar sahəsində atdığı addımları da müsbət hesab edirəm. Lisenziyaları məqbul hesab olunan səviyyəyə qədər azaltmaq və "Asan Xidmət” vasitəsiylə həyata keçirmək orada olan çatışmazlıqların aradan qaldırılması istiqamətində çox ciddi addım olacaq. Ümumiyyətlə, götürəndə "Asan Xidmət” təkcə Azərbaycanda yox, Azərbaycanın dünyada imicinə müsbət təsir edən bir haldır və dünyada bu təcrübə yaxşı mənada hallandırılır”. İqtisadçı-deputat bildirib ki, müvafiq qanunvericilik sənədləri də qəbul olunacaq və inhisarçılığa qarşı sistemli tədbirlər həyata keçiriləcək: "Azərbaycanda sahibkarlığın inkişafı üçün çox yaxşı şərait var. Artıq yüksək səviyyədə infrastruktur qurulub. İnhisarçılıq, məmur özbaşınalıqları, sahibkarların süni yollarla incidilməsi istiqamətində çatışmazlıqlar aradan qaldırılıb”.
Millət vəkili Vahid Əhmədov da Prezidentin irəli sürdüyü təşəbbüsün ümumilikdə ölkə üçün çox müsbət nəticələr verəcəyini düşünür: "Yeni qanunvericiliyə əsasən, sahibkarların fəaliyyəti iki il ərzində yoxlanılmayacaq. Bu, onlara yaradılan ən yaxşı şəraitdir. Qanunvericilik təkcə bununla yekunlaşmır. Bilirsiniz ki, lisenziyaların verilməsi də "ASAN Xidmət”ə tapşırıldı. Deməli, daha
heç kim onlara problem yarada, süni əngəllər törədə bilməyəcək. Vətəndaşlar ən rahat şəkildə, ən etibarlı quruma müraciət edərək lisenziyalarını əldə edə biləcəklər. Faktiki olaraq, verilən bütün qərarlar bürokratik əngəllərin aradan qaldırılmasına hesablanıb. Əminəm ki, cəmiyyət, toplum bundan çox razı qalacaq. Daha lisenziya almaqdan ötrü əziyyət çəkməyəcəklər”. Müsahibimiz Prezidentin müşavirə zamanı toxunduğu mövzuları, etdiyi xəbərdarlıqları da xatırladıb: "Ölkə başçısı bir sıra vacib mövzularda iradlar tutdu və bəyan etdi ki, sahibkarlara dəstək olmaq lazımdır, nəinki maneələr, əngəllər törətmək. Sahibkarlıqla məşğul olan şəxs dövlət üçün də faydalıdır. Çünki o, vergi verir. Ümid edirəm ki, bundan sonra sahibkarlıqla məşğul olanlar haqsızlıqla üzləşməyəcək, əlavə pul verməyə məcbur olmayacaqlar. Çünki birbaşa ölkə başçısı onlara dəstək verir. Əvvəl isə heç bir əsas olmadan onlardan pul tələb olunur, kiməsə "pay” verməyəndə haqsız yerə incidilirdilər. Təəssüf ki, bu işi edənlər elə-belə adamlar deyildilər. Həmin şəxslər icra və ya digər strukturların nümayəndələri idilər. Bu isə sahibkarlarda başqa dövlət məmurlarına qarşı da inamsızlıq yaradırdı. Yaxşı ki, cənab Prezident vaxtında bunların qarşısını aldı. Əgər həmin adamlar inciyib işlərindən imtina etsəydilər, özləri də, ailələri də, hətta əməkdaşları da işsiz qalacaqdı. Göründüyü kimi, artıq vəziyyət dəyişib. İcra ediləcək işlərin bir çox sahələrdə müsbət nəticələri olacağını düşünürəm. Hamı əmin ola bilər ki, sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılıb və ümumilikdə bu sahə dövlət nəzarətinə götürülüb. Hər bir şəxs qanun çərçivəsində, vergilərini vaxtlı-vaxtında verməklə öz kiçik və ya orta sahibkarlığını qura bilər”.
İsmayıl