Prezidentlərin dekabr görüşündən gözləntilər var

5 rayonun geri qaytarılması real görünür
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın əvvəlində baş tuta bilər. Bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib. Vitse-spiker deyib ki, prezidentlərin görüşünün hansı gündə və harada keçiriləcəyi barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, keçən ay regiona səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri də ilin sonunda prezidentlərin görüşmə ehtimalından danışıb. Həmsədrlər rəhbərlərin bir araya gəlməsi üçün ciddi səy göstərdiklərini etiraf ediblər. Görüşlə bağlı danışan politoloq Qabil Hüseynli Dağlıq Qarabağ istiqamətində müsbət irəliləyişlərin ola biləcəyini deyib: "Amerika kəşfiyyatı açıqlayıb ki, Rusiyanın köməyi ilə Dağlıq Qarabağ ətrafı 5 rayon geri qaytarıla bilər. Yəni beş rayonla bağlı razılıq məsələsi son zamanlar dünyanın aparıcı mətbuat orqanlarında bəyan edilib. Hazırda prezidentlərin görüşü gündəmdədir. Görünür, artıq müzakirəyə çıxarılacaq konkret məsələlər var və bu, konstruktiv nəticələrlə bitə bilər. Prezidentlərin görüşündə əldə ediləcək nəticələr mərhələli həll planına uyğun olaraq aparılacaq. Bu məsələdə Rusiya tərəfi kifayət qədər aktiv rol oynayır. Doğrudur, bu aktivlik Qərb dövlətləri tərəfindən qısqanclıqla qarşılanır.
Hazırda Qərbdə belə bir fikir yaranıb ki, guya, Rusiyanın fəallığı onları ATƏT-in Minsk Qrupu çərçivəsindəki missiyalarını yerinə yetirməkdən məhrum edə bilər. Ancaq əslində belə deyil. Son razılaşmalar əldə edildikdən sonra Minsk Qrupunda müzakirə edilərək konsensusa gəlinəcək”. Politoloqun fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın əvvəllərində gözlənilən görüşü Moskvada baş tuta bilər: "Çünki bu məsələdə Moskva mühüm rol oynayır. Beş rayonun geri qaytarılması məsələsi, zənnimcə, kifayət qədər real görünür. İndiki mərhələdə problemin həllinin tərpədilməsi və beş rayonun qaytarılmasının özü müsbət hadisədir. Bu, bütövlükdə Qarabağ probleminin həlli üçün tramplin rolunu oynaya bilər”.
İsmayıl