“Azərbaycanın informasiya müharibəsində rolu, uğuru nədən ibarətdir? ! Biz bununla ciddi bir iş kimi məşğul olmalıyıq. Bu işlə məşğul olacaq dövlət strukturu olmalıdır”
Politoloq Eldar Namazov KİV-ə müsahibəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparılan «Rossiya 1» telekanalının yayımının dayandırılmalı olduğunu deyib və şərtlər də açıqlayıb.
«Beynəlxalq təcrübədə dəfələrlə istifadə olunan mexanizmlər var. Solovyov təkcə Azərbaycana qarşı yox, eyni zamanda bir çox başqa ölkələrə qarşı da təhqiramiz ifadələr və atmacalarla çıxış edir. Ona görə də bir çox ölkələrdə Rusiyanın "Rossiya-1” dövlət telekanalının yayımlanması ya müvəqqəti, ya da daimi olaraq dayandırılıb. Nəzərə almaq lazımdır ki, burada atdığımız addım Solovyovla deyil, "Rossiya-1” dövlət televiziyasının rəhbərliyi ilə bağlı olmalıdır.
Çünki həmin kanalın rəhbərliyi bu adama Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə qarşı təhqirəmiz və qeyri-obyektiv mövqe sərgiləməyə imkan yaradır. Solovyov çoxdan erməni tərəfinin muzdlu təbliğatçısı kimi fəaliyyət göstərir. Vaxtilə eks prezident Serj Sərkisyan onu məhz Qarabağ məsələsində Azərbaycana qarşı xidmətlərinə görə ordenlə təltif etmişdi.
Maraqlı olan budur ki, "Rossiya-1” kanalı Azərbaycanda da yayımlanır. Bu televiziyanın əsas gəliri reklamdan əldə olunur. 10 milyonluq Azərbaycan da "Rossiya-1” kanalının auditoriyası sayılanda, bu kanal daha artıq pul qazanır. Bu televiziyanın yayımının dayandırılması həmin dövlət televiziyasının reputasiyası, həm imici, eyni zamanda büdcəsi üçün zərbə olar.
Bu addımı başqa ölkələr atırsa, niyə Azərbaycan atmasın?! "Rossiya-1” dövlət televiziyasını seçim qarşısında qoymaq lazımdır. Ya ermənilərə satılmış Solovyov 10-100 min dollarla rüşvət alaraq, Azərbaycana qarşı təxribatlarına davam etsin, ya da "Rossiya-1” Azərbaycanda yayımını davam etdirməklə reklamdan daha çox pul qazansın.
Bu iki seçimdən biri olmalıdır. "Rossiya-1” televiziyasının rəhbərliyi qərarını verməlidir. Əgər "Rossiya-1” kanalı Solovyovun bu fəaliyyətinə davam etməsi yolunu seçsə, bu kanalın yayımı Azərbaycanda daimi dayandırılmalıdır».
E.Namazov qeyd edib ki, Azərbaycanda onlarla Rusiya kanalları yayımlanır. Bir kanalın yayımının dayandırılması Rusiya-Azərbaycan münasibətlərinə də o qədər mənfi təsir etməz.
Politoloq bununla yanaşı, Azərbaycanda rusdilli kanalın yaradılmasının vacibliyini vurğulayıb:
«Həmin kanalı azərbaycanlılar təşkil etməli və Azərbaycandan yayımlanmalıdır. Rusiyanın müxtəlif kanallarında gedən maraqlı proqram və seriallarını həmin kanal vasitəsi ilə alıb nümayiş etdirmək də olar. Ancaq siyasi informasiya və tolk-şouları azərbaycanlı ekspertlər aparmalıdır, rus ekspertlər də telekörpü vasitəsi ilə onlara qoşula bilər. Yəni efir, informasiya məkanımızı nəzarətsiz, açıq şəkildə rus kanallarının sərəncamına vermək doğru deyil. Buna son qoyulmalıdır».
Məsələyə münasibət bildirən teletənqidçi, professor Qulu Məhərrəmli «Şərq»ə açıqlamasında hansısa telekanalın yayımının dayandırılmasının vəziyyətdən çıxış yolu olmadığını dedi:
- Azərbaycanın informasiya müharibəsində rolu, uğuru nədən ibarətdir? Biz öncə bunu aydınlaşdırmalıyıq. Azərbaycanın hansısa telekanala diktə etmək imkanı yoxdur.
Azərbaycanın informasiya yayımı ilə bağlı öz siyasəti – düşünülmüş siyasəti olmalıdır. Biz hələ də müasir kommunikativ imkanları lazımi dərəcədə dəyərləndirə bilmirik. E.Namazovun müsahibəsində diqqətimi çəkən rus dilli telekanalın yaradılmasıdır.
Amma, bir məsələ də var; Azərbaycan efirində SBS telekanalı yayımlanır və bu beynəlxalq kanaldır, lakin bu kanal da qaneedici səviyyədə deyil. Külli miqdarda vəsait xərclənir, amma istənilən nəticə yoxdur. Hesab edirəm ki, texnologiyaların yenilənməsinə ehtiyac var. Problem tək bir Solovyovla bitmir. Solovyov gedəcək, bir başqası gələcək.
Biz bununla ciddi bir iş kimi məşğul olmalıyıq. Bu işlə məşğul olacaq dövlət strukturu olmalıdır. Güclü mexanizmlər qurulmalıdır. Özümüzün bəlli siyasətimiz olmalı və siyasət üzərindən də iş aparılmalıdır. Yoxsa, biri bir söz deyir, biz də bir həftəonu təkzib etməklə məşğul oluruq. Ağıllı texnologiyalar işlətməliyik və ağıllı siyasət qurmalıyıq.
Məlahət Rzayeva