Professor: “İranla bağlanan nüvə sazişi Trampı qıcıqlandırır”




ABŞ prezidenti Donald Tramp İranı bir nömrəli terrorçu dövlət adlandırıb. Tramp deyib ki, İran Amerikaya hörmət etmir və silahlanmaya külli miqdarda pul yatırır: 

"İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah” olduğunu lazımınca qiymətləndirmirlər. Mən Obama kimi olmayacam!”. Ağ Ev rəhbəri İrana qarşı növbəti sanksiyalar tətbiq edəcəyini söyləyib: 

"Hərəkətlərim barədə əvvəlcədən xəbərdarlıq etməyəcəm”. Tramp sələfi Barak Obamanı "Mosula və ya digər dövlətlərə qoşun çıxaracağı barədə əvvəlcədən xəbər verdiyinə” görə tənqid edib. 

Tərəflər arasındakı gərginliyi "Şərq”ə şərh edən Qərb Universitetinin professoru, siyasi şərhçi Fikrət Sadıqov deyib ki, Trampın İrana qarşı ilkin mərhələdə atacağı sərt addımlar sadəcə iqtisadi sanksiyalardan ibarət olacaq: 

"Sonrakı dövrdə Tramp Obama dövründə Böyük Altılıqla İran arasında imzalanmış nüvə sazişindən imtina edə bilər. Çünki həmin saziş Trampı çox qıcıqlandırır. O, hesab edir ki, İranla nüvə anlaşması Qərb ölkələrinin təhlükəsizlik maraqlarına cavab vermir. Bununla yanaşı Amerika prezidenti mövcud sanksiyaları daha da sərtləşdirər. Son nəticədə isə İrana qonşu ölkələrdə yerləşən Amerika hərbi bazalarını gücləndirə bilər. Tramp düşünür ki, İrana ciddi nəzarət edilməlidir. Çünki Tehranın raketlərlə bağlı hərəkətləri rəsmi Vaşinqtonu narahat edir. Amma hələlik ABŞ və İran arasında hərbi münaqişə məsələsi gündəmdə yoxdur. Görünür, dövlətlər arasında müəyyən diplomatik addımlar atılacaq”.

Politoloqun fikrincə, ABŞ-İran gərginliyi Yaxın Şərq və digər bölgələrdəki münaqişə ocaqlarına təsirsiz ötüşməyəcək: 

"İran Rusiya ilə bərabər Suriyada hərbi əməliyyatlarda iştirak edir. Məlumdur ki, Suriyada Amerikanın da maraqları var. O baxımdan bölgədə vəziyyət gərginləşə, yeni münaqişə ocağı yarana bilər. Çox güman ki, Trampın ətrafındakı müşavirlər reallığı dərk edirlər. Əgər İranla bağlı hansısa hərb ssenarisi işə düşərsə, regionda böyük qarşıdurmaya gətirib çıxara bilər. Məncə, bu, Amerikanın maraqlarına cavab vermir”.

İsmayıl