"Cəmiyyətdə mənəvi dəyərlərin aşınması prosesi getdiyinə görə, kriminala meyl artıb”.
Bunu "Sherg.az”a Sumqayıtda üç gəncin taksi sürücüsünü öldürüb 19 manat oğurlamasından danışarkən professor, sosioloq Əhməd Qəşəmoğlu deyib.
O bildirib ki, Sovet dövründə aşağı siniflərdən əxlaqi mənəvi dəyərlər təbliğ edilirdi:
"Bu təbliğat isə effektli formada aparılırdı. İndi isə laqeydlik baş qaldırıb. Kim necə istəyirsə, o cür də addım atır. İnsanların nə azadlıq, nə də mənəvi dəyərlər haqqında aydın təsəvvürü var. Cəmiyyətdə mənəvi dəyərlər arxa plana keçib. 10 ildən çoxdur bu situasiyanın mənfi tərəfləri barədə xəbərdarlıq edilir. İstər media sahəsi, istərsə də cəmiyyət humanitar siyasəti daha da artırmalıdır.

Dövlət və cəmiyyət qarşılıqlı fəaliyyət göstərərək, cəmiyyətin mənəvi dəyərlərini bərpa etməlidir. Mənəvi dəyərlərin arxa plana keçməsi barədə SOS siqnalı qanunvericilik, hökumət strukturunda çalışanlara, müxtəlif təşkilatlara çağırış olacaq. Həm təsisatlar elə siyasət qurmalıdır ki, mənəvi dəyərlər ön plana keçirilsin. Bu, baş verərsə, cəmiyyət özü özünü tənzimləyəcək.
Qloballaşmanın formalaşdırdığı situasiyalardan biri də cəmiyyətin kənardan idarə edilə bilməməsidir. Cəmiyyət özü-özünü tənzimləməlidir. Bunun üçün mənəvi dəyərlərin önə çəkilməsi ilkin addım olacaq”.
Qeyd edək ki, mayın 8-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Aydın Şıxəliyevin üzərində zorakılıq əlamətləri olan meyiti "Mercedes” markalı avtomobilində tapılıb. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Sumqayıt Şəhər Polis İdarəsinin və şəhər prokurorluğunun birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə A.Şıxəliyevin 2 ədəd mobil telefonunun və 19 manat pulunun oğurlanması, habelə Şəmkir rayon sakini Şamil Bayramov, Bakı şəhər sakini Pərviz Məmmədov və Sumqayıt şəhər sakini Rahin Hüseynov tərəfindən qətlə yetirilməsi müəyyən edilib və onlar saxlanılıblar.
Sözügedən hadisə sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib. Xüsusilə gənclərin belə qətl törətməsi şəbəkə istifadəçilərinin, ümumilikdə cəmiyyətin narahatlığına səbəb olub.
Aysel Aslan