Psixoloq xəbər başlıqlarından narazıdır: "Ayrıldığı qadını güllələmək qəhrəmanlıq kimi..."








"Ailə münaqişəsi, evlilik məsələləri, qarşılıqlı münasibətlərin pozulması zəmində törədilən cinayətlərin sayı artıb”.

Bunu "Sherg.az”a psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun fikrincə, belə cinayətlər cəmiyyətin psixologiyasına mənfi təsir göstərir:

"Bu tip hadisələri müşahidə edən insanlarda, yaxını, qohumu sevgi cinayətinə qurban gedənlərdə başqalarına qarşı inamsızlıq, güvənsizlik formalaşır. 

Nəticədə, aqressiya yüksəlir, cinayətlərin nəticəsində insanlarda problem yaranır. Çünki hər bir hadisə, cinayət insanlarda travma qoyur. Bu travmalar isə illər sonra, yeniyetmələrdə, gənclikdə özünü göstərir.

Sevgi cinayətləri əvvəllər də törədilirdi. Amma informasiyanın anında bütün cəmiyyətə yayılması, mətbuatı əhatə etməsi psixoloji gərginlik yaradır. Həmçinin insanlarda "mən də edə bilərəm” duyğusu formalaşır.

Münasibəti bitirən qızı öldürmək, qızını verməyən ailəni məhv etmək, sevgi təklifinə "yox” cavabı verən qadını bıçaqlamaq, ayrıldığı həyat yoldaşını, onun ailəsini güllələmək kimi cinayətlər şüuraltına qəhrəmanlıq kimi oturur. Bu isə əksərən medianın sayəsində, dırnaqarası saytların seçdiyi xəbər başlıqları nəticəsində baş verir.

Faciə xəbərinə hərdən elə başlıq qoyurlar ki, sanki linki açanda cəsarət, qəhrəmanlıq xəbəri oxuyacağıq. Bu şəkildə şüuraltına yeridilən informasiyalar mənfi nəticələr verir”.

F.Mehmanqızı hesab edir ki, qarşılıqlı münasibətlərin pozulmasının faciəyə qədər gətirən səbəblərini də izah edib:

"Yeniyetmə yaşında olan insanların psixologiyasında bir qədər göstəriş, cəmiyyətə "özünüreklam” kimi nüanslar yer alır. Əksərən yeniyetmələr, gənclər ailə qurmaq deyil, bunu ətrafdakılara göstərmək üçün edirlər. Sanki insanın yanında başqasının olması onun özünü ətrafdakılara təsdiq etməsi üçün vacibdir. Həmçinin ayrılıq məsələsində şəxslərin eqosu özünü göstərir. Münasibəti bitirən tərəf də, "yox” cavabı alan da şəxsi eqosunu qarşılıqlı münasibətdən üstün tutur. Belə cinayətlərdə faktları mütləq ciddi araşdırmaq, cinayətə aparan addımı müəyyən etmək lazımdır”.

Qeyd edək ki, dünən axşam saatlarında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində ana və qızı güllələnib. Sadıxcan küçəsi 13 ünvanında 55 yaşlı Esmira Cəfərova və onun qızı, 17 yaşlı Cəfərova Aytən Mehman qızını güllələyən 1997-ci il təvəllüdlü Qədimov Sabir Elçin oğlu könüllü şəkildə polisə təslim olub. İlkin araşdırmalar zamanı qanlı cinayətin münaqişə zəminində törədildiyi məlum olub. Belə ki, bir müddət əvvəl Aytənlə Sabir arasında münasibətlər yaranıb və gənc oğlan qıza onunla nişanlanacağını deyib. 

Lakin sonradan onların arasındakı münasibətlər pozulub və Sabir qızgilin evinə elçi göndərməkdən imtina edib. Oğlanın bu qərarı qarşı tərəfi hiddətləndirib və 17 yaşlı Aytən Sabirə zəng edib. Həmin zəngdən sonra 21 yaşlı oğlan babasından qalan tüfəngi götürərək yaşadığı evin yaxınlığında yerləşən Aytən Cəfərovanın evinə gəlib. O, qızı güllələmək istəyərkən Aytənin anası Esmira Cəfərova özünü qabağa verib. Nəticədə ana və qızı güllə yaraları alıb. Lakin xəstəxanaya çatdırılan 17 yaşlı Aytənin həyatını xilas etmək mümkün olmayıb.

Aysel Aslan