Putin Türkiyədən üzr və təyyarənin pulunu tələb etdi

Ərdoğan isə qarşılığında “hava sərhədlərimizi pozanlar bizdən üzr istəsin” dedi



Türkiyənin sərhədlərinə daxil olan Rusiyanın "Su-24” təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Hadisədən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın noyabrın 30-da Parisdə planlaşdırılan görüşü ləğv edilib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, Parisdə hər hansı görüş planlaşdırılmır.

Rusiyadan Türkiyəyə şok tələb - "Ayasofiya”nı bizə verin!

Rusiya dövlət dumasının üzvü Sergey Gavrilov maraqlı təkliflə çıxış edib. Duma üzvü vurulan rus təyyarəsini kompensasiya etmək üçün Türkiyənin tarixi "Ayasofiya” kilsəsini Rusiyaya verməli olduğunu bildirib. O, "Türkiyənin dost mövqe göstərərək” Ayasofiyanı onlara geri qaytarmasını gözlədiklərini deyib. O əlavə edib ki, bu addım Türkiyənin yaxşı niyyətinin göstəricisi ola bilər.

"Ayıbdır, yazıqlar olsun”

Türkiyə Prezidenti Ərdoğan "Su-24” təyyarəsinin vurulmasından sonra Putinin "Türkiyə İŞİD-dən neft alır” iddialarına sərt şəkildə reaksiya verib. Ərdoğan deyib ki, hakim dairələrdə olanların belə bir iddia irəli sürməsi ayıbdır: "Yazıqlar olsun. Türkiyənin bu gün nefti və qazı aldığı yerlər məlumdur. Bu sahədə ən böyük tədarükü Rusiyadan alırıq. İkinci yerdə İran gəlir. Azərbaycan və Şimali İraqdan qaz alırıq. İŞİD-dən neft aldığımızı iddia edənlər bunu sübut etməlidirlər. Əks təqdirdə, bizə heç kim şər ata bilməz”. Ərdoğan vurulan rus təyyarəsi ilə bağlı danışarkən vurğulayıb ki, əgər hərəkət bu gün təkrar olsa, Türkiyə yenə eyni addımı atacaq.

"ABŞ Türkiyəni dəstəkləməklə səhv etdi”

İran parlamentinin spikeri Əli Laricani bəyan edib ki, Rusiya təyyarəsini vurmaqla Türkiyə rəhbərliyi səhv edib. Lakin ABŞ Türkiyə rəhbərliyini dəstəkləməklə daha böyük səhvə imza atıb: "Bu, böyük səhv idi. ABŞ Prezidenti Barak Obamanın bunu dəstəkləməsi daha böyük səhvdir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirir”. İran Prezidenti Həsən Ruhani də rus təyyarəsinin vurulmasına görə, Türkiyəni sərt sözlərlə tənqid edib. Ruhani regionda artan gərginliyə görə, Ankaranın məsuliyyət daşıdığını deyib: "Türkiyə provokasiya törədib. Bunun hüquqi nəticələri bu provokasiyanı başladan Türkiyənin üzərindədir”.

Sammit ləğv edildi...

Rusiya rəhbərliyi dekabrın ortalarında Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv edilməsi barədə qərar qəbul edib. Bu barədə "Kommersant” qəzeti Kremlə yaxın mənbəyə istinadən xəbər verir. Mənbənin sözlərinə görə, vurulan təyyarə Rusiya-Türkiyə münasibətlərinin bütün sahələrinə təsir edəcək: "Bundan sonra Türkiyə ilə bağlı istənilən qərar qəbul olunan zaman bu faciə birbaşa nəzərə alınacaq”.

Təyyarənin vurulmasına ABŞ razılıq verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təyyarəsinin vurulması haqqında qərar qəbul etməzdən əvvəl, bu məsələdə amerikalı həmkarı Barak Obamadan dəstək alıb. Bu iddia Rusiya mətbuatında yayılıb. İddiaya görə, təyyarənin vurulması ilə bağlı razılıq Antalyada keçirilən "Böyük iyirmiliy”in sammitinin gedişatında olub. Obama ilə görüş zamanı Ərdoğan Obamaya Rusiya təyyarəsinə zərbə vurmağı təklif edib. Obama buna müsbət cavabı baş hərəkəti ilə verib. Ərdoğan təyyarəni Rusiyaya xəbərdarlıq üçün vurulmasını təklif edib.

Türk mallarına qadağa sərtləşdirildi

Rusiya hökuməti "Rosselxoznadzor” idarəsinə göstəriş verib ki, Türkiyədən idxal olunan kənd təsərrüfatı malları üzərində nəzarəti gücləndirsin. Həmçinin Rusiya sərhədində və Türkiyədəki istehsalla bağlı əlavə yoxlamalar aparılsın. Bu haqda Kənd təsərrüfatı naziri Aleksandr Tkaçyev məlumat verib. Rusiya qərarını sanitar normaların dəfələrlə pozulması ilə izah edir.

"Rusiya ilə Əsəd arasındakı zəhərli əlaqə”

"Times” qəzetində təyyarə böhranı ilə bağlı maraqlı yazı dərc olunub. İngiltərədə dərc olunan qəzet təyyarənin vurulması ilə başlanan böhranı şərh edərkən Rusiyanın bufer zonanın qarşısını almaq istədiyini yazıb. "Uçurumun kənarında” başlığı altında dərc olunan yazıda "Moskva, türklərin uçuşların qadağan olunduğu bölgə röyasının həyata keçməsinin qarşısını almaq istəyir” deyə bildirilib. Qəzet son hadisələrin soyuq müharibənin sona çatmasından bu yana NATO ilə Rusiyanı ilk dəfə qarşı-qarşıya gətirən hadisələr olduğunu vurğulayaraq, iki tərəfin də bir-birləri ilə vuruşmaq əvəzinə, İŞİD ilə mübarizə aparmağı öyrənməsi lazım olduğunu yazıb. Qəzetə görə böhranın mərkəzində "Rusiya ilə müştərisi diktator Bəşər Əsəd arasındakı zəhərli əlaqə” dayanır.

Medvedyev Türkiyə üçün sanksiyalar tapşırığı verdi

Rusiya hərbi təyyarənin vurulmasına görə, Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq etmək niyyətindədir. Rusiyanın baş naziri Dmitri Medvedyev Türkiyənin hava məkanının pozulması səbəbindən vurulan təyyarə ilə bağlı kompleks iqtisadi və humanitar tədbirlərin hazırlanması ilə bağlı tapşırıq verib. Baş nazir deyib ki, o, iki gün müddətində sənədin hazırlanmasını da təklif edib: "Mən iqtisadi tədbirlərdən danışıram. Biz bu məsələni Prezidentlə Yekaterinburqda müzakirə etmişik. Nəticədə hökumətə aqressiya aktına görə iqtisadi və humanitar tədbirlər sisteminin hazırlanması ilə bağlı tapşırıq verilib”.

Türkiyənin hava məkanını pozduğu üçün vurulan təyyarə ilə əlaqədar Rusiyanın dövlət başçısı daha bir açıqlama verib. Putin Türkiyənin əlaqələri qəsdən çıxılmaz vəziyyətə gətirdiyini iddia edib. Rusiya rəhbəri vurulan "Su-24” təyyarəsi ilə əlaqədar Türkiyədən hələ bir üzrxahlıq gəlmədiyini söyləyib. Putin bir daha "Kürəyimizdən bıçaqlandıq” ifadəsini işlədib. Ankaradan hələ ki, anlaşılan bir açıqlama edilmədiyini söyləyən Putin təyyarənin salınmasını beynəlxalq hüquqa zidd hadisə adlandırıb: "Ankaradan bu mövzuda aydın şərh eşitmədik. Bizdən üzr istənilmədiyi kimi kimsə bizə zərərin kompensasiya ediləcəyini, ya da günahkarların cəzalandırılacağını söyləmədi”.

İsmayıl