Əməliyyatlara psixoloqlar cəlb olunmalıdır
Silahın qadının əlindən alınması problemin həlli deyil
"Biz dəfələrlə təklif etmişdik ki, həssas qruplarla işləyən bələdiyyələr bu prosesə cəlb olunmalıdır. Amma bələdiyyələr bu günə qədər bu məsələlərə diqqət ayırmayıb”
Bakının Xəzər rayonunda qadın odlu silahla ailə üzvlərini hədələyib. Hadisə Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsi, Bağlar sahəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Aybəniz Quliyeva "Vinçester” markalı ov tüfəngi ilə ailə üzvlərini hədələyib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Aybəniz Quliyevadan silahı alıb. Bundan sonra Aybəniz Quliyeva Daxili İşlər Nazirliyinin 102 xidməti ilə əlaqə saxlayaraq polisin ondan götürdüyü silahı qaytarmadığı halda intihar edəcəyini bildirib.
Daha sonra Aybəniz Quliyeva Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə gətirilib. Orada qadının sərxoş olması üzə çıxıb. Həmin vaxt Aybəniz Quliyeva polisin qanuni tələblərinə məhəl qoymayaraq polis bölməsində səs-küy salıb, bölmənin iş rejimini 20 dəqiqə pozub.
Bu səbəbdən Aybəniz Quliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə protokol tərtib edilib.
"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, ölkədə baş verən istənilən kriminal, gərgin hadisə sosial problemlərin ağırlığından qaynaqlanır: "Situasiyanı bilmədiyim üçün konkret fikrim yoxdur. Amma ümumilikdə götürsək, qadının hansı səbəbdən bu addımı atması və "Vinçester” markalı ov tüfəngini necə əldə etməsi araşdırılmalıdır.
Mənim subyektiv fikrim budur ki, ailədə, cəmiyyətdə baş verən gərginliklər qadını affekt vəziyyətə salıb”.
M.Zeynalovanın sözlərinə görə, bu cür gərgin situasiyalarda müvafiq dövlət orqanları ciddi şəkildə əhali ilə sıx təmasda olmalıdır. Biz dəfələrlə təklif etmişdik ki, həssas qruplarla işləyən bələdiyyələr bu prosesə cəlb olunmalıdır. Amma bələdiyyələr bu günə qədər bu məsələlərə diqqət ayırmayıb. Sahə müvəkkilləri daha ayıq- sayıq olmalı, ailələrlə ünsiyyətdə olub, onların problemlərini öyrənməlidir. Silahın qadının əlindən alınması problemin həlli demək deyil. Bu cür vəziyyətlərdə hüquq-mühafizə orqanları mütəxəssislərlə işləməli, əməliyyatlara psixoloqlar cəlb olunmalıdır. Həmçinin də həssas qrupların problemlərini, ehtiyaclarını dinləyib, onları sakitləşdirə biləcək QHT-lər. Əks halda, bu cür hadisələr və cinayətlərin sayı durmadan artacaq:
"İndiki mərhələdə maarifləndirmə tədbirlərinin kifayət qədər effektiv olmadığını vurğulayan ekspertə görə, düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməyən, problemlərini həll etmək bacarığı olmayan bir insanı məlumatlandırıb getməyin bir əhəmiyyəti yoxdur. Həssas qruplara çıxış yollarını göstərən, rahat yaşayışını təmin edə biləcək konkret təkliflər verilməlidir. Bu baxımdan da sosial işçilərin prosesə cəlb olunması mühüm şərtdir. Hadisənin baş verəcəyini, artacağını gözləməkdənsə, QHT-lərə işləmək üçün imkan yaratmaq lazımdır ki, problemləri qabaqlasınlar. QHT-lər tam iflic vəziyyətində oturublar”.
Şəymən