Dövlət qulluğunda çalışanların 28,5 faizi məhz zərif cinsin nümayəndələridir
Dünən Qadın Konsensus Mərkəzi "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti "Azərbaycanda qadınların siyasi iştirakçılığı” mövzusunda dinləməsini keçirib. Dinləmə Qadın Konsensus Mərkəzi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.
Tədbirdə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, siyasi partiyaların qadın təşkilatlarının üzvləri, millət vəkilləri, qadın ictimai birliklərinin nümayəndələri iştirak ediblər.
Azərbaycanda vəzifədə və ictimai işlərdə iştirak edən qadınların sayının durmadan artdığını vurğulayan Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı bildirib ki, qadınlar və onların aktivliyi həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub: "Ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bu yaxınlarda İradə Gülməmmədova Abşeron İcra Hakimiyyəti başçısı təyin edildi. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb”.
Noyabrın 1-də Milli Məclisə keçirilən 5-ci çağırış seçkilərindən danışan A.Camalqızı bu sahədə də qadınların sayının artımında da irəliləyişlərin olduğunu qeyd edib: "İlkin nəticələrə görə, 125 millət vəkilindən 21-i qadındır. Ötən seçkilərdə onların sayı 20 idi. Ümumiyyətlə, qadın namizədlər builki seçkilərdə xüsusi fəallıq göstərdirdilər. Belə ki, qeydə alınan namizədlərdən 20 faizi qadın olub. Qadınlar faiz etibarilə çoxluq təşkil etməsələr də, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular. Bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov isə çıxışı zamanı Şərqdə ilk dəfə qadınlara seçmək-seçilmək hüququnun məhz Azərbaycanda verildiyini xatırladıb: "Qadınların hüquqlarının təmin olunması ilə bağlı Azərbaycan bir sıra konvensiyalara qoşulub. Görülən işlərdə əsas məqsəd qadınların bütün sahələrdə rolunu artırmaq olub. Son statistikaya əsasən, Azərbaycanda dövlət qulluğunda çalışanların 28,5 faizi qadınlardır. Azərbaycanda elmi fəaliyyətlə məşğul olanların isə 53,2 faizini qadınlar təşkil edir”.
Xanım millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, Azərbaycanda qadın siyasəti gənclər siyasəti ilə bərabər götürülür: "Bütün bunlara baxmayaraq Azərbaycan qadınının özünəməxsus əsas xüsusiyyəti ana olmaq və vətənə layiq övlad böyütməkdir”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da Azərbaycanda daim gender bərabərliyinin olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bütün bunlar bizim tariximizə köklənib: "Azərbaycan qadını türk qadını olaraq həmişə azad olub. Bu gün də ölkənin bütün sahələrində qadınlarımız fəal iştirak edir. Milli Məclisə seçkilərdə qadınların fəal iştirak etdiyi müşahidə olundu. Bu, müsbət göstəricidir. Amma bu gün qadınların erkən nikah və vətəndaş nikahı kimi çox böyük problemləri var, bu məsələləri diqqətdə saxlamaq lazımdır”.
Millət vəkili Çingiz Qənizadə də rayon və kəndlərdə yaşayan qadınların fəal şəkildə ictimai proseslərdə iştirak edə bilmədiyini diqqətə çatdırıb: "Digər problemlərdən biri məişətdaxili zorakılıqdır. Vətəndaş nikahı və bu nikahdan dünyaya gələn uşaqların məsələləri ilə bağlı qanunda boşluqlar var. Bu məsələlər həll olunmalıdır”.
Daha sonra tədbirdə digər millət vəkilləri, siyasi partiyaların qadın təşkilatlarının nümayəndələri və fəal ictimai mövqeyə malik qadınlar çıxış ediblər.
Şəymən