Qadınların polis və digər sistemlərdə işləməsi normaldır

Bəzi silah növlərinin atışında onların kişilərdən daha üstün göstəricilərə sahib olması da sirr deyil



Daxili İşlər Nazirliyi (DİN) qadınları işə dəvət edir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102” Xidməti-Zəng Mərkəzinə vakant olan 10 kiçik rəis heyəti vəzifəsinə qəbulla bağlı müsabiqə elan olunub.

Ölkəmizdə qadınlar polis və digər hüquq-mühafizə orqanlarında işləməyə o qədər də meyl etmir. Səbəb cəmiyyətimizdə xanımların bu sistemdə çalışmasına birmənalı baxılmamasıdır. Bəzən valideynlər də qızlarının polis və digər strukturlarda çalışmasına razı olmur.

Sosioloq Lalə Mehralı isə düşünür ki, qadınların polis və digər sistemlərdə işləməsi tamamilə normal haldır. Xanım sosioloq "Şərq”ə bildirib ki, bu, kişi və qadınlara eyni hüququn verildiyini sübut edir, həm də gender bərabərliyini tənzimləyərək vətəndaşlar arasında cinsinə görə ayırmır: 

"Bizim olduqca cəsur polislərimiz, hərbi sistemdə çalışan xanımlarımız var. Hər şey bir tərəfə, Qarabağda vuruşan, qəhrəmanlıq göstərən onlarla xanım hərbçilərimiz olub, kimisi qəhrəmanlıqla həlak olub, kimisi ordudan tərxis olunub, kimisi hələ də xidmət edir. Qadınların bəzi silah növlərinin atışında kişilərdən daha üstün göstəricilərə sahib olması da sirr deyil. Pulemyot atıcılığında qadınların daha dəqiq olması hamıya məlumdur və bu, tamamilə fiziolji quruluşla əlaqədardır, qalxanabənzər vəzin hormonlarının kişilərdə əl titrəməsinə təsiri ilə bağlıdır. Qadın olduğuna görə istədiyi, sevdiyi sənətdən imtina etməyə məcbur edilməsi, ona qarşı edilmiş ən böyük haqsızlıq və hüquq pozuntusudur. Valideynləri bəzən başa düşmək olur, zərif olduğunu düşündüyü qızının təhlükəli işlərdə işləməsinə razı olmur, amma unudurlar ki, insan özünü sevdiyi peşəsində tapır, zorakı seçilən peşə insana nə uğur qazandırar, nə də peşəyə sevgi yaradar”.

Yeganə Bayramova