Akif Nağı: "Rüstəm İbrahimbəyov və digərləri həmin mərkəzlərin sifarişini yerinə yetirirlər”
"Bəzi azərbaycanlı şəxslər ölkədən kənara çıxanda, yaxud hansısa xarici mərkəzlə əlaqə quranda sanki özlərini, milli mənsubiyyətlərini unudurlar”.
Bunu "Sherg.az”a ssenari müəllifli Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengela və Fuad İbrahimbəyov olan "Qafqaz üçlüyü” filmi barədə danışarkən Qarabağ Azadlıq Təşkilatının(QAT) rəhbəri Akif Nağı söyləyib.
Təşkilat sədri filmdə Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim edilməsini tənqid edib:
"Bu şəxslər özlərini dünyəvi vətəndaş kimi göstərməyə çalışırlar. Əslində anlamırlar ki, hər bir insan öz millətinə mənsubluğunu göstərərək ucala bilər. Bütün dünya xalqlarında belədir, insanlar öz milli dəyərlərinə söykənib, dünyada yerini tutur. Yaradıcı insanlar bütün sahələrdə tək maddiyyat, təmənna düşünməməlidir.
Rüstəm İbrahimbəyovun Azərbaycana qarşı açıqlamaları, əks fikirləri əvvəllər də olurdu. O öz milli mənsubiyyətini nəzərə alıb, Azərbaycana xidmət etməlidir. Azərbaycanlıları mənfi obrazda təqdim edən "Qafqaz üçlüyü” filminin ortaya çıxması da obyektiv məsələ deyil. Burada müəyyən mərkəzə bağlılıq olduğu hiss edilir. "Qafqaz üçlüyü” filmi Azərbaycanı istəməyən mərkəzlərin sifarişidir. R.İbrahimbəyov və digərləri həmin mərkəzlərin sifarişini yerinə yetirirlər”.
Azərbaycana qarşı həyata keçirilən mənfi təbliğatın qarşısının alınmasına toxunan A.Nağı qeyd edib ki, bu məsələyə dair kütləvi ictimai qınaq olmalıdır:
"Yaradıcı insanlar, ictimai təşkilatlar və bütövlükdə cəmiyyət bunu tənqid etməlidir. Geniş ictimai qınaq olarsa, belə fəaliyyətlə məşğul olan digər şəxslər də ibrət götürər. Hesab edirəm ki, həmin filmin nümayişi qadağan olunmalıdır. Məsələn, biz hər hansı film çəkəndə ermənilər bütün dünyaya hay-küy salır, həmin filmin yayılmasının qarşısını almağa çalışırlar. Biz də eyni əks addımı atmalıyıq. Azərbaycana qarşı qərəzli, yanlış təbliğat aparıldığını bütün dünyaya göstərməliyik”.
Qeyd edək ki, Qeyd edək ki, "Qafqaz üçlüyü” filminin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlıların” "dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.
Aysel Aslan