“Qafqaz üçlüyü” filminə sərt reaksiya: "Rüstəm İbrahimbəyov erməni xalqının nümayəndəsidir” - Ayıb olsun !

Çingiz Qənizadə:" Rüstəm İbrahimbəyov kimi şəxslər də təkcə yüksək maliyyə qazanmaq üçün deyil, Moskvada daha yüksək vəzifələrdə oturanların yanında divident qazanmaq üçün Azərbaycan xalqını aşağılayırlar"



"Rüstəm İbrahimbəyov mənim xalqımı aşağılayıb, millətimizin "vəhşi” obrazını yaratmaq istəyib”.

Bu barədə "Sherg.az”a ssenari müəllifli Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengela və Fuad İbrahimbəyov olan "Qafqaz üçlüyü” filmində azərbaycanlıların mənfi obrazının yaradılmasından danışarkən millət vəkili Çingiz Qənizadə bildirib. 

Parlamentari qeyd edib ki, R.İbrahimbəyovun bu addımla nə etmək istədiyini özündən savayı bilən yoxdur:

"Heç şübhə etmirəm ki, bu filmin maliyyə mənbəyi ermənilər və ermənipərəst qüvvələrdir. Rüstəm İbrahimbəyov ssenari müəllifi olduğu filmə qohum-əqrəbalarını çəkməklə ermənilərə xidmət edib. Mən bu millətin nümayəndəsi olaraq, ona və onun kimilərinə sadəcə "ayıb olsun!” deyirəm. Əkrəm Əylislinin "Daş yuxular” əsərində formalaşdırdığı mənfi obrazları Rüstəm İbrahimbəyov səhnələşdirib. Həmin şəxsləri araşdırdıqda məlum olur ki, əsli-nəsli ermənilərlə hansısa formada bağlıdır. Maraqlı tərəf budur ki, niyə kinorejissor gürcü xalqının nümayəndəsi seçilib, əzabkeş kimi isə erməni xalqı göstərilir? Belə görünür ki, Qafqazda yaşayan üç xalqın ikisinin birinə mənfi münasibətini formalaşdırmağa çalışırlar. Maddiyyatın nə dərəcədə yüksək olmasına rəğmən, xalqını, millətini, vətənini sevən heç kim xəyanətkar addım atmamalıdır Belə addımı atanlar bu xalqın nümayəndəsi ola bilməz. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov erməni xalqının nümayəndəsidir”.

Parlament üzvünün sözlərinə görə, həmin insanlar başa düşməlidirlər ki, biz erməni xalqı ilə düşmən deyilik:

"Bu gün Azərbaycanda 30 minə yaxın erməni mənşəli insanlar yaşayır. Biz onlara normal münasibət bəsləyirik, salam verib, salam alırıq. Erməni xalqı ilə deyil, Ermənistanda dünən və bu gün hakimiyyətdə olan siyasi rejimlə mübarizə aparırıq. Onlar torpaqlarımızı işğal ediblər. Rüstəm İbrahimbəyov kimi şəxslər də təkcə yüksək maliyyə qazanmaq üçün deyil, Moskvada daha yüksək vəzifələrdə oturanların yanında divident qazanmaq üçün Azərbaycan xalqını aşağılayırlar. Sadəcə ayıb olsun!”

Qeyd edək ki, 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, gücllü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlıların” "dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.

Ayyət Əhməd