Türkiyədə seçkilərin gərgin keçəcəyi artıq bəllidir
Namizədlərin reytinqi stabildir, yalnız Məhərrəm İncə nisbətən nüfuzunu artıra bilib
Türkiyənin tarixində ən vacib seçkilərə sadəcə bir gün qalıb. Bazar günü Türkiyə parlamentar sistemdən prezident üsul-idarəsinə keçəcək. Bir tərəfdə 16 ildir girdiyi bütün seçkilərdə qələbə çalan hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən "Cümhur İttifaqı”, digər tərəfdə isə seçkilərə xüsusi coşqu ilə qatılan Məhərrəm İncəni dəstəkləyən "Millət İttifaqı”. Partiya olaraq AKP bütün anket sorğularında birinci çıxır.
Lakin hazırkı sistemdə 50 faizdən artıq səs toplamaq lazımdır. "Cümhur İttifaqı”nda yer alan AKP, MHP və BBP-nin birlikdə 50 faizi aşıb-aşmamağı qeyri-müəyyənliyini qorumaqdadır. Türkiyədə mövcud olan bir mifə görə, İstanbulda qalib gələn tərəf, Türkiyədə qalib gəlmiş hesab olunur. Referendum seçkilərində müxalifət 3 böyük şəhərdə - İstanbul, Ankara və İzmirdə qalib gəldi. Halbuki o dövr Ərdoğanın populyarlığı indikindən qat-qat yüksək idi. Bu baxımdan analitiklərə görə, "Cümhur İttifaqı”nın işi elə də asan deyil. Onların sözlərinə görə, hakim partiyanın üzvləri ümidlərini prezident Rəcəb Tayyib Ərdoğanın populyarlığına bağlayıb.
Qısacası, əhəmiyyət və rəqabət baxımından Türkiyəni çox mühüm seçki gözləyir. Türkiyədə seçki günü terakt törətmək istəyənlərin olduğu da məlum olub. Ankara polisi seçkilər vaxtı terror aktları planlaşdıran İŞİD terror təşkilatının silahlılarını ələ keçiriblər. Əməliyyat zamanı 14 nəfər yaxalanıb. Onların iyunun 24-də keçiriləcək prezident, iyunun 27-də isə parlament seçkiləri vaxtı terror aktları planlaşdırdıqları məlum olub.
Məlumatlara görə, saxlanılanların hamısı əcnəbidir. Onların qaldığı evlərdə aparılan axtarış işləri zamanı çox sayda sübut aşkarlanıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə sonuncu dəfə İstanbul mitinqində xalqa səslənib. Ərdoğan türk millətinin 24 iyunda onu tək buraxmayacağından əmin olduğunu dilə gətirib: "Biz xalqa əfəndi yox, hizmətçi olmağa gəlmişik. İnşallah, bazar günündən sonra hər şey daha fərqli olacaq.
Bəy Məhərrəmin sizə heç bir faydası yoxdur. Gördünüzmü, dövlətin polis məmurunu necə söyüb, təhqir edib. Belə adamlara Osmanlı şilləsi vurmaq lazımdır. Xalq onlara layiqli cavabı verəcək. Bazar günü seçkidə sizdən aldığımız icazətlə yola davam edəcəyik. Durmaq olmaz, irəli getmək lazımdır”. Ərdoğan seçki ərəfəsində Atatürk adından sui-istifadə edən CHP-liləri sərt şəkildə qınayıb: "Atatürkçü olduqlarını deyirlər. Bu insanların Mustafa Kamal Atatürklə yaxından-uzaqdan əlaqələri yoxdur. Atatürk sağ olsaydı, bunları torpağa basdırardı”.
CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə isə prezident seçiləcəyi təqdirdə PKK-nın siyasi qolu HDP-yə bir nazir portfeli verəcəyini açıqlayıb. İncə bundan öncə İyi partiya və Səadət Partiyasına da nazir portfelləri verəcəyini bildirmişdi.
Bir neçə gün öncə isə CHP sədrinin müavini Özgür Özel qatıldığı bir televiziya proqramında seçkinin ikinci tura qalması halında HDP-nin prezidentliyə namizədi Səlahəddin Demirtaşa vitse-prezident vəzifəsi təklif ediləcəyini söyləyib.
Türkiyədə 24 iyun seçkisini dəyərləndirən politoloq İlqar Vəlizadə seçkinin ikinci tura qalma ehtimalından danışıb. Ekspert prezidentlik uğrunda seçki mübarizəsinin gərgin keçəcəyini bildirib: "Bildiyiniz kimi, prezidentlik uğrunda AKP lideri Rəcəb Tayyib Ərdoğan, CHP-nin namizədi Məhərrəm İncə, İYİ Partiya başqanı Maral Akşənər və digər namizədlər mübarizə aparacaq. Seçkinin ilk turunun asan keçməyəcəyi indidən bəllidir.
Ərdoğanın reytinqi hazırda nisbətən stabildir. Ancaq onun əsas rəqibi olan İncənin reytinqində bugünlərdə cüzi də olsa, artım müşahidə olunur. Digər namizədlərin reytinqində isə heç bir dəyişiklik yoxdur. O üzdən hesab edirəm ki, Türkiyədə seçkilərin ikinci tura qalma ehtimalı var. Əlbəttə, bu sadəcə ehtimaldır. İkinci tura qalarsa, seçkidə Ərdoğanla İncə mübarizə aparacaq. Bu turda prezident olmaq üçün Ərdoğanın 50 faizi keçmək şansı daha çox olacaq. Bu isə hazırkı Türkiyə rəhbərini birmənalı qələbəyə aparacaq”.
İsmayıl