Qanuna dəyişiklik mətbuatda yayılan dezinformasiyaların qarşısını alacaq

Qanunvericilik bazasının güclü olması medianın xeyrinədir



Prezident İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklə istintaq orqanlarına təkzib və ya düzəliş tələb etmək səlahiyyəti verilib. Qanunun 44-cü maddəsinə bu məzmunda üçüncü hissə əlavə edilib: "Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.

Görəsən, media ekspertləri, qəzet və ya internet portalların baş redaktorları necə düşünür, qanuna edilən bu dəyişiklik mətbuata nə qazandıracaq?

"APA Holding”in prezidenti Vüsalə Mahirqızı istənilən məsələdə qanunvericilik bazasının güclü olmasının medianın xeyrinə olduğunu deyib: "Fikrimcə, bu dəyişiklik mətbuatda yayılan dezinformasiyaların qarşısını alacaq, kütləvi informasiya vasitələrini havadan, sosial şəbəkələrdən götürülən, dəqiqləşdirilməmiş material verməkdən çəkindirəcək. Media orqanı hər hansı məlumatı yazdığı zaman təkzib verməmək, nüfuzdan düşməmək üçün ilkin məlumatı yaymaq istəməyəcək. Amma hüquq-mühafizə orqanları bütün bunları nəzərə alıb məlumatları daha operativ cavablandırmalıdırlar. Qanunun işləməsi medianın ziyanına olmamalıdır. Onsuz da peşəkar media qurumları təsdiq olunmamış xəbərləri vermir. Məsələn, APA agentliyi təsdiq olunmamış, əsilsiz materiallar yaymır. Təəssüf ki, indi onlayn mediada "filan məsələ barədə xəbər yayıldı”, "filan məsələdə belə deyilir” başlıqları ilə xəbərlər yayılır. Sonra da xəbərlər təkzib olunur, ictimai rəydə çaşqınlıq yaranır”. V.Mahirqızı qanuna edilən dəyişikliyi proqressiv, pozitiv hesab edir: "Çünki informasiya mühitində dezinformasiyaların yığışdırılmasına ehtiyac var. Onlayn mediada xaos hökm sürür. İstənilən halda təkzib kütləvi informasiya vasitələrini nüfuzdan salır. Çalışmalıyıq ki, media nüfuzlu və etibarlı mənbə rolunu oynasın. Mən bəzi strukturlara sayt demək istəmirəm. Əlçatan adamlar haqqında belə məlumat verib, altında "sizin də mövqeyinizi dərc etməyə hazırıq” yazırlar. Hətta mənimlə bağlı da belə məlumatlar yazıblar. Telefonum hər zaman açıqdır, həmçinin "Facebook” sosial şəbəkəsində onlayn oluram. İnformasiya dəqiqləşdirmək istəyən o adamı axtarıb tapmalıdır. Bütün bunlar məqsədli yayılır. İstənilən halda verilən təkzib ilkin informasiyanın formalaşdırdığı rəyi tamamilə dəyişə bilmir. Hüquq-mühafizə orqanları ciddi mətbuat orqanlarını çətin durumda qoymasınlar. Media ilə intensiv işləsinlər, qanun var deyə məlumatın təsdiq və ya inkar edilməsində gecikməsinlər. Bəzən məcburi şəkildə media qurumları əllərində olan ilkin məlumatı vermək məcburiyyətində qalırlar, çünki mətbuat xidmətləri operativ işləmirlər. Medianın təkzib verməməsi, etibarsız quruma çevrilməməsi hüquq-mühafizə orqanlarının da marağında olmalıdır. Ona görə də təkzib yox, ilkin informasiyanın dolğun verilməsinə çalışmaq lazımdır”.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə hesab edir ki, inkişaf etmiş ölkələrdə, sivil cəmiyyətlərdə zaman keçdikcə, inteqrasiya prosesləri inkişaf etdikcə, tempə uyğun olaraq qanunlarda da əlavə və dəyişikliklər meydana gəlir. "KİV haqqında” qanunda dəyişikliyin olması zərurəti də təbii ki, Azərbaycan dövlətinin beynəlxalq konvensiyalara qoşulması və ölkənin sürətli inkişaf tempi ilə bağlıdır: "Mən bu dəyişiklikləri də belə qiymətləndirirəm. Hesab edirəm ki, "KİV haqqında” qanuna dəyişiklik Azərbaycanda zərurətdən meydana gələn dəyişiklikdir. Bu, jurnalistlərin peşəkarlığının artmasına, öz peşəsinə, yazdıqları yazıya daha məsuliyyətlə və dəqiq yanaşmasına şərait yaradır. Eyni zamanda, insanların hüquqlarının daha yüksək səviyyədə təminatına şərait yaradan əlavə və dəyişiklikdir”. Belə ki, bəzilərinin yazdığı yazının məsuliyyətini dərk etmədiyi, yazdığına etinasız yanaşdığı, başqalarının şəxsi həyatına müdaxilələrin baş alıb getdiyi bir məqamda bu dəyişiklik jurnalistin öz peşəsinə və yazdığı yazıya görə məsuliyyətini artıracaq. Həmçinin insanların hüquqlarının qorunması və qarşılıqlı münasibətlərin yüksək səviyyədə qurulması üçün vacib məsələdir. Bu baxımdan dəyişiklik Azərbaycan mətbuatının inkişafına xidmət göstərəcək: "Həmçinin jurnalistlərin peşəkarlığının artırılması istiqamətində mühüm bir addımdır. Bu gün həm çap mətbuatında, həm də elektron mediada kifayət qədər peşəkar jurnalistlər olduğu kimi, həmçinin qeyri-peşəkarlar da istənilən qədərdir. Jurnalistikaya xələl gətirən "jurnalistlər” var”. V.Rəhimzadə deyib ki, ölkədə jurnalistlərin peşəkarlığının artırılmasına ehtiyac var. Belə ki, artıq ölkəmizdə ikinci ildir ki, jurnalistika fakültəsinə daxil olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanları keçirilir: "Bu gün Azərbaycan mətbuatına müxtəlif məqsədlərlə gələn, öz şəxsi maraqlarını güdən, qarşısındakı obyektə qazanc mənbəyi kimi baxanlar çoxdur. Bu da Azərbaycan mətbuatının imicinə zərbə vurur. Bunların qarşısını almaq vacib şərtlərdən biridir. Onlar jurnalistikanın hansı ali prinsiplər üzərində bərqərar olmasından bixəbər insanlardır. Bu mənada jurnalistikamızda peşəkarlıq problemi var”. .

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlunun sözlərinə görə, təhrif olunan xəbərlərin yerləşdirilməsi hər bir mətbuat orqanının özündən asılı olan məsələdir. Belə ki, dövlət başçısının belə bir qanun imzalayıb-imzalamamasından, qanunvericilik aktlarının içərisində belə bir qanunun olub-olmaması, bununla bağlı etik kodeksin mövcud olub-olmamasından asılı olmayaraq, gərək jurnalist özü ilk növbədə bunun qayğısını çəksin: "Heç bir jurnalist özü bu tipli xətalara yol verməməlidir. Ancaq görünür, cəmiyyətin bütün sahələrində ümumi inkişafın, dünyagörüşünün və peşəkarlığın artırılmasına ehtiyac var. O cümlədən bu sözlər mediaya da aiddir. Görünür, belə bir mərhələyə gəlib çatmışıq ki, artıq qanuni sanksiyalardan istifadə etmək zərurəti yaranıb. Əgər bu dəyişiklik mətbuatın bu tip qeyri-dəqiq xəbərlərə münasibətində daha korrekt davranmasına gətirib çıxaracaqsa, mən əlbəttə, bunu alqışlayıram. Zənnimcə, bu dəyişiklik də sadaladığım məsələlərin həllinə kömək edəcək”. Baş redaktor hər hansı media orqanında yalan və ya təhrif olunan məlumatın yer almasının arzulanan olmadığını qeyd edir. "Bu cür sanksiyalar, qadağalar olmayanda əgər mətbuat daha rahat davranırdısa, şüurlu surətdə özünün bildiyi bəzi mətbu prinsiplərdən kənara çıxırdısa, artıq xeyli epizodlarda duruxmalı və qanunun tələblərini nəzərə almalı olacaq. Mən saytlarda rəsmi məlumat olmadan hər hansı informasiyanın yayılmasının əleyhinəyəm. Ola bilər ki, hansısa dövlət məmurunun işdən azad olunması və bu tipli xəbərlərin doğruluğuna biz də əmin olaq, ancaq rəsmi istinad edəcəyimiz mənbə olmadan məsuliyyəti öz boynumuza çəkib bu xəbəri dərc edən zaman düşünməliyik”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin fikrincə, "KİV haqqında” qanunun 44-cü maddəsinə 3-cü hissənin əlavə edilməsi ilə bağlı Prezidentin imzaladığı sərəncam 2009-cu ildən başlayaraq intensiv şəkildə "KİV haqqında” qanun, o cümlədən, informasiya alınması və yayılmasına aidiyyəti olan digər qanunlara edilən əlavə, dəyişiklik və dəqiqləşdirmələrin davamıdır: "Bu əlavə, dəyişiklik və dəqiqləşdirmələrin hər biri dövrün tələbindən irəli gələn, ənənəvi və yeni medianın inkişaf tempinə uyğun olaraq atılan zəruri addımlardır”. JuHİ sədrinin fikrincə, 44-cü maddəyə edilən əlavəyə də ənənəvi və yeni medianın, sosial şəbəkələrin inkişaf tempinə uyğun olaraq verilmiş, zərurət duyulan qərarlar kontekstində yanaşmaq lazımdır. Belə ki, müxtəlif səbəblərdən istintaq hərəkətlərinə cəlb edilən şəxslər haqqında KİV və sosial şəbəkələrdə yayılan araşdırılmamış, qeyri-dəqiq, bəzən qərəzli informasiyalar cəmiyyətdə çaşqınlıq, vahimə, qorxu yaratmaqla yanaşı, istintaqa cəlb edilmiş şəxsin taleyinə də ciddi təhlükə yaratmış olur: "Hüquqda günahsızlıq prezumpsiyası deyilən anlayış var və bu anlayışa əsasən, günahı sübuta yetirilməyənədək insan günahsız sayılır. İstintaqa cəlb edilmiş şəxs, mümkündür ki, öz günahsızlığını sübut edərək, istintaq hərəkətlərindən azad edilsin, normal həyatına dönsün. Bunun bariz nümunəsini biz son zamanlar istintaq hərəkətlərinə cəlb edilmiş iş adamları ilə bağlı prosesdə gördük. İstintaqa cəlb edilmələri barədə informasiya yayılan iş adamlarının əksəriyyəti indi sərbəstdirlər və fəaliyyətlərini davam etdirirlər. Amma sosial şəbəkələr, bəzi KİV-lər yaydıqları yanlış informasiyalarla onlar haqqında elə rəy yaradıblar ki, bu şəxslərin reputasiyalarına ciddi zərbə dəyib, cəmiyyətin isə doğru informasiya almaq hüququ tapdalandı”. M.Ələsgərli hesab edir ki, 44-cü maddəyə əlavə edilən 3-cü hissə informasiya istehsalçılarında istintaq hərəkətlərinə cəlb edilmiş şəxslər haqqında xəbər hazırlayarkən daha məsuliyyətli olmaq vərdişləri formalaşdıracaq. Belə ki, 44-cü maddəyə edilən əlavə təkcə jurnalistlərə, KİV redaksiyalarına, sosial şəbəkə fəallarına, bir sözlə, informasiya istehsalçılarına yönəlməyib. O həm də, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan üzərində də məsuliyyət qoyur: "Bu, ibtidai araşdırmanı aparan orqan üçün həm hüquq, həm də məsuliyyətdir. Onlar istintaqa cəlb edilmiş şəxslər və prosesin gedişi barədə informasiyaların dəqiq, səlis şəkildə yayılmasına nəzarət etməli, yol verilmiş yanlışlıqların aradan qaldırılması üçün təşəbbüs göstərməlidirlər”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb