"Qapısız bloklar, su və ağcaqanad basmış zirzəmilər..." - Bakı binaları





Adətən paytxat Bakıda, eləcə də rayonlarda magistral yolların kənarlarında yerləşən binaların fasadları  təmirli olur. Amma arxa və yan tərəflərində vəziyyət heç də ürək açan olmur. Qapısız bloklar, su və ağcaqanad basmış zirzəmilər yay aylarında bina sakinlərinin yaşayışını əməlli-başlı çətinləşdirir.  Necə deyərlər Bakıda "altı təzək, üstü təzək” binalar sayı artmaqdadır. Yəni əksər binaların əsaslı şəkildə təmir olunduğu iddia olunsa da, bu, həqiqəti əks etdirmir. Yəni aidiyyəti qurumlar binaların fasadlarını ağartmaqla işlərini bitmiş sayırlar. 

Bu barədə "Sherg.az"a danışan Daşınmaz Əmlak üzrə ekspert Nüsrət İbrahimov qeyd edib ki,  hər bir əmlakın öz mülkiyyətcisi var. 

Onun sözlərinə görə, bina dövlətə məxsus idarədirsə, onda onun məsuliyyətini həmin qurum daşıyır: 

"Yaxud da, bina yaşayış binasıdırsa və ya qeyri-yaşayış binasıdırsa, onun mülkiyyətçisi həmin binanı qorumalıdır. Bina çoxmənzillidirsə, artıq o binada yerləşən mənzillər özəlləşdirilmiş şəkildə hər hansısa bir şəxsin mülkiyyətindədirsə, bu zaman ona cavabdeh həmin binanın sakinləridir. Onlar həmin binanın istismarına və texniki durumuna görə məsuliyyət daşıyır. 

Təssüf ki, bizdə Sovetdən belə bir ənənə qalıb: "Mən çoxmənzilli binada yaşayıram və yalnız mənzilimin içərisini təmir etdirməliyəm". Mənzilimin çölündə nə baş verirsə, o mənə aid deyil. Artıq o dövr geridə qalıb. İnsanlar başa düşməlidirlər ki, ümumi mülkiyyətə görə, hamı məsuliyyət daşıyır. İstər binanın zirzəmisi olsun, istər bloku, istərsə də digər sahəsi olsun buna görə yalnız həmin binanın sakinləri cavabdehdir”.

Kənan Eynuroğlu