Qara günə son verilir

“Böyük İyirmilik” İŞİD-i boğacaq



Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmilik” sammiti başa çatıb. Yekun bəyannaməni oxuyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə terrorizmlə mübarizə məsələsində güclü bir iradə ortaya qoyulduğunu söyləyib. Qeyd edək ki, budəfəki sammit ənənəvilikdən bir qədər uzaq olub.

Öncəki sammitlər Suriya və Ukrayna münaqişələri, qaçqın problemi, dünya iqtisadiyyatında qlobal böhranlar müzakirə olunurdusa, bu dəfə beynəlxalq terrorizmlə və İŞİD-lə mübarizə və digər maliyyə və vergi problemləri diqqət mərkəzində olub. Ümumilikdə isə sammit ötən illərdə keçirilən görüşlərdən çox da fərqlənmədi. Dəyişən yalnız məkan və bəzi ölkələrin rəhbərləri idi. Yəni sammit başa çatsa da, problemlər hələ ki qalır.

Bəs onda G-20 sammitinin dünya üçün əhəmiyyəti nədən ibarətdir?

Sammitin sonunda liderlər İŞİD-ə qarşı birgə mübarizə aparmaq, hava yolları təhlükəsizliyi tədbirlərini gücləndirmək və kəşfiyyat sahəsində daha sıx əməkdaşlıq etmək qərarına gəliblər. Görəsən, bu əməkdaşlıq baş tutacaqmı?

Sammitin nəticələrini qiymətləndirən politoloq Fikrət Sadıqov hesab edir ki, iqtisadi məsələlərin arxa plana keçməsi son vaxtlar dünyada güclənən terrorizm meyllərilə bağlıdır: "Hazırda qlobal təhlükəsizlik və terrorizmlə mübarizə daha aktualdır. Türkiyədəki terror, Sinay yarımadası üzərində Rusiya təyyarəsinin qəzaya uğraması, Fransadakı olaylar iqtisadi və maliyyə məsələlərini arxa plana keçirdi. G-20-lərin sammiti qeyri-formal xarakter daşıyır, müzakirələr aparılır və s. Amma sonuncu sammitdə ölkə başçıları çox ciddi məsələlərə toxundular. İŞİD-ə qarşı mübarizə məsələsində dünya dövlətləri vahid mövqeyə gəldilər. G-20-lərin sammitinin gedişindən belə nəticəyə gəldim ki, Qərb dövlətləri Rusiyaya qarşı münasibətlərini xeyli yumşaldıb. Geosiyasi qarşıdurmaya fasilə verilib. İŞİD əsas hədəf olacaq. Artıq Fransa qırıcılarını Suriyaya göndərib. Düşünürəm ki, BMT Təhlükəsizlik Şurası yaxın vaxtlarda Suriya ilə bağlı qərar verəcək”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da G-20 sammitinin son dərəcə əhəmiyyətli bir zirvə toplantısı olduğunu düşünür. Bu tip görüşləri qlobal məsələlərin həllinə yönəlmiş beynəlxalq və nüfuzlu bir tədbir hesab edən politoloq deyib ki, dünyanın ən aparıcı ölkələrinin dövlət başçıları heç də təsadüfən bir yerə toplaşmırlar: "G-20 sammitində dünya üçün aktual olan məsələlərə konseptual yanaşmalar ortaya qoyulur, maraqların nəzərdən keçirilməsi, onların uzlaşdırılması və dünyanın bundan sonrakı mərhələdə inkişaf konsepsiyası nəzərdən keçirilir, bəzən qəbul olunur”.

Ərəstun Oruclunun sözlərinə görə, liderlərin görüşündə İŞİD məsələsinin əsas müzakirə predmetinə çevrilməsinin səbəbi bu gün dünya üçün İŞİD-in həyata keçirdiyi terror hadisələrinin aktual olması ilə bağlıdır: "Faktiki olaraq, İŞİD qlobal təhlükəsizlik üçün təhdiddir.

Məhz bu səbəbdən də İŞİD problemi sammitdə əsas müzakirələr sırasında yer alıb. Bu da təbiidir. Düşünürəm ki, sammitin nəticəsi olaraq, İŞİD-ə qarşı birgə mübarizə tədbirləri görüləcək. Dediyim kimi, İŞİD artıq dünyanın təhlükəsizliyi üçün çox ciddi təhdiddir”.

Suriya məsələsi ətrafındakı fikir ayrılıqları fonunda bu məsələnin necə həll ediləcəyinə gəldikdə isə politoloq bu barədə proqnoz verməyin bir qədər çətin olduğunu deyib: "Yəqin ki, ortaq bir məxrəc tapılacaq”.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri də həmçinin "Böyük İyirmilik”” sammitini kifayət qədər əhəmiyyətli tədbir hesab edir: "Böyük İyirmilik”ə daxil olan ölkələr iqtisadi maliyyə məkanında dünya maliyyəsinin 85 faizini özündə ehtiva edir. Bu isə artıq dünya gücü deməkdir. Maliyyə hansı tərəfin əlindədirsə, güc də onlardan yanadır.

G-20-yə daxil olan dövlətlərin istənilən sahədə qəbul etdikləri strateji qərarlar yaxın gələcəkdə olduğu kimi uzaq perspektivdə də özünü doğrulda bilər”.

N.Miri "Böyük İyirmilik”də son zamanlar qlobal təhlükəsizliyi təhdid edən İŞİD terroru ilə bağlı çox önəmli qərarlar qəbul olunduğunu vurğulayıb: "Bundan sonra bütün güclər əlini daşın altına qoyaraq İŞİD-in maliyyə imkanlarını tükətməklə paralel onun tamamilə məhv edilməsi istiqamətində vahid razılığa gəldilər. Doğrudur, hələ ki, ortada Rusiya və ABŞ koalisiyasına dair birlikdə fəaliyyət proqramı yoxdur. Ancaq Fransa Prezidenti həm Rusiya, həm də ABŞ-ın mövqelərini yaxınlaşdırmaq üçün hər iki ölkəyə səfər etməyi planlaşdırıb. Zənnimcə, çox yaxın gələcəkdə bu istiqamətdə konkret qərarlar olacaq. Artıq İŞİD ətrafında həlqə daralıb və bu terror qruplaşması getdikcə sona yaxınlaşır. Rusiya və Amerika neft istehsalçısı olan İŞİD-in bütün enerji daşıyıcı mənbələrini darmadağın edib, sıradan çıxarırlar. Hər iki ölkə havadan bombardmanla paralel, quruda da hərbi əməliyyatların keçirilməsini planlaşdırır. Bu da İŞİD-in bütün imkanlarının məhdudlaşdırılması deməkdir”.

Politoloqun sözlərinə görə, Suriya böhranı yavaş-yavaş səngiməyə doğru gedir. O deyib ki, artıq Əsəd rejimi ilə müxalif qüvvələr arasında atəşkəsin həyata keçirilməsi prosesi razılaşdırılıb. Əgər deyilənlər özünü doğrultsa və bu atəşkəs həqiqətən də baş tutarsa, artıq bütün diqqətlər və güclər bilavasitə İŞİD terroruna qarşı yönələcək. Bu prosessə təkcə Suriyada deyil, İraqda və İŞİD-in bütün fəaliyyət məkanlarında paralel olaraq aparılacaq: "Bu mənada deyə bilərəm ki, G-20 sammitində ən azı qlobal təhlükəsizlik planının həyata keçirilməsi üçün qəbul olunan ümumi razılaşma dünyanın təhlükəsizliyində çox önəmli rol oynayacaq”.

"Böyük İyirmilik” sammitinin dünyanı narahat edən iqtisadi problemlərin həllinə verdiyi töhfələrə gəldikdə isə N.Miri deyib ki, bu yöndə konkret razılaşmalar əldə olunmayıb: "Dünya bazarında neftin qiymətinin qalxma ehtimalı çox aşağıdır. Hiss olunur ki, bu prosesi OPEC və ya Səudiyyə Ərəbistanı deyil, birbaşa Amerika Birləşmiş Ştatları idarə edir. ABŞ-ın isə ən azı Rusiya ilə qarşıdurma prosesində istədiklərini alana qədər neftin qiymətinin qalxması gözlənilən deyil. "Böyük iyirmilik” sammitinin öncəki sammitlərdən fərqli olaraq əsas müzakirələr və qəbul olunan qərarların iqtisadi məsələlərə deyil, siyasi və geosiyasi qərarlara şamil edilməsi də bununla bağlıdır”.

Şəymən