Qara tut və ərikdən zəhərlənmələr... - Gübrə vurulur ?

Hər il yaz-yay mövsümündə meyvə və tərəvəzlərdən zəhərlənmə halları qeydə alınır. Əksərən müxtəlif gübrələrlə yetişdirilən tərəvəzlərdən zəhərlənmələr müşahidə edilsə də, bazarlarda satılan meyvə və giləmeyvələr təhlükə saçır. Bu il isə nə qədər qəribə olsa da, qara tut və ərikdən də zəhərlənmə faktları qeydə alınıb.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov da "Sherg.az"a açıqlamasında bazarlarda satılan bütün ərzaqlarda- meyvə və tərəvəzlərdə təhlükənin olduğunu söyləyib. 
Ekspertin sözlərinə görə, açıq halda, yuyulmadan satılan meyvələrin üzərində müxtəlif bakteriyalar olur:
"Qara tutun da üzərində quş nəcisindən, müxtəlif böcəklərdən yayılan bakteriyalar var. Ən çox bu səbəbdən insanlar bazardan alınan meyvələrdən zəhərlənir. Ona görə, hər zaman istehlakçılara məsləhət görürük ki, evə gətirilən məhsullar mütləq yuyulsun.
Qara tut kimi meyvələrin yetişdirilməsində az hallarda gübrə istifadə olunur. Bir müddət əvvəl bazarlarda satılan əriklərdə gübrənin normadan çox olduğunu müəyyən etdik. İnsanlar ərik alarkən diqqətli olmalıdırlar. Lakin tutda belə təhlükə olmur. Digər meyvələri isə hələlik yoxlamamışıq. Amma gübrələr, yad maddələr əsasən tərəvəzlərə vurulur. Meyvələrdə az hallarda müşahidə edilir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qara tutdan baş verən zəhərlənmə hallarının ciddi araşdırılmasını tövsiyə edib:
"Davamlı istifadə edilirsə, uzun müddət qida kimi qəbul olunursa, zəhərlənmə halı birbaşa qidanın özü ilə bağlı deyil. Meyvənin yetişdirilməsində istifadə olunan gübrələrin, tərkibində olan maddələrin yaratdığı zəhərlənmə qeydə alına bilər. Amma bu da inandırıcı görünmür. Pomidor, qarpız, öz tərkibinə gübrə kimi zərərverici maddələri toplayan müxtəlif meyvə-tərəvəzlərdən zəhərlənmə halları baş verir. Qara tutdan isə yetişdirilməsində istifadə edilən maddələrdən zəhərlənmə elə də geniş yayılmayıb. Ona görə, qara tutdan baş verdiyi iddia edilən zəhərlənmənin səbəbi araşdırılmalı, dəqiq analizlərdən sonra nəticə ortaya qoyulmalıdır”.
Aysel Aslan