"Qarabağ əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman prezidentin diqqət mərkəzində olub" - Deputat




Dövlət şəhid ailələri, Qarabağ əlilləri və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllində neqativ halları tam aradan qaldırılması istiqamətində ciddi addımlar atır. Bu günə qədər 290 minədək köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu il 20 min köçkün (5800 ailə), ötən il 12 min köçkün yeni evlərlə təmin olunub. 2017-ci il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin ediliblər.

Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, imkan yaradıb. Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar.

İctimaiyyət nümayəndələri də dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən qayğını yüksək dəyərləndirirlər. 

Millət vəkili Elman Məmmədov "Sherg.az”a açqılamasında bildirib ki, şəhid ailələrinin, Qarabağ əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman prezidentin diqqət mərkəzində olub:

"Qarabağ əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ölkə başçısının müvafiq göstərişləri və sərəncamları var. Bütün bu göstərişlərin icrası da göz qabağındadır. Bu il dövlət büdcəsindən qaçqın və məcburi köçkün, eyni zamanda şəhid ailələrinə kifayət qədər vəsait ayrıldı. Artıq 300 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.Təbii ki, bütün bunlar alqışlanmalıdır.

Qarabağ əlilləri və məburi köçkünlərimizin sosial vəziyyətinin yaxşılaşdırılması prezidentin diqqət və qayğısının göstəricisidir. Dövlət başçımız müvafiq qurumlara ciddi tapşırıqları verir və onların qarşısında tələblər qoyur, işlərin icrasına nəzarət edir. Əgər neqativ hallar varsa, ölkə başçısı buna qarşı da tədbirlər görür. Ona görə də həmin kateqoriyadan olan insanlar hər zaman ali baş komandanımıza öz minnətdarlığını bildirirlər”.

Yeganə Bayramova