“...Vətənpərvərlikdən danışırlar. Amma hansısa qaziyə dəstək lazım olanda həmin yalançı qəhrəmanların heç biri ortalıqda tapılmır”
Son zamanlar sosial şəbəkələrdə vətənpərvərlikdən ağız dolusu danışanların sayı durmadan artır. Bir çoxları şəhid ailələrinin və qazilərin problemlərindən, vətən uğrundan canından keçən şəhidlərlə bağlı müzakirələr aparır, müxtəlif polemikalarda iştirak edirlər.
Bu cür insanlar elə görünüş sərgiləyirlər ki, sanki, heç kim onlar kimi vətənpərvər ruhlu ola bilməz. Amma məsələnin dərinliyə gedəndə məlum olur ki, özlərini "vətənpərvər” kimi göstərənlərin heç hərbi xidmətə getməyib. Yəqin ki, monitor arxasında vətənşivən platforma sərgiləyən bu insanların məqsədi gündəmdə olmaq, saxta davranışlarla diqqəti cəlb etməkdir.
Mövcud durumla bağlı "Sherg.az”a danışan Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, hər kim olur olsun əxlaq normalarını gözləməlidir:
"Bu, ən azı insani bir keyfiyyətdir. Əxlaqi normaları aşan insan əslində öz keyfiyyətinin hansı səviyyədə olduğunu göstərir. Qazilər olaraq onun tərəfdarıyıq ki, siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanda istənilən təbəqəni təmsil edənlər kiminsə barəsində yalnız tənqidi fikir söyləməlidir. Heç kəs həmin fikirləri təhqirə çevirməli deyil.
Çünki, təhqir insanın özünə əks təhqir yaradır. Ona görə də getdikcə sosial şəbəkələrdə əxlaqsızlıq sanki bir normaya çevrilib. Evimizin içində otur-otura ailəmizin tərbiyəsini qoruya bilməyəcək durumuna gəlmişik. Çünki, əxlaqsızlar sosial şəbəkənin imkanlarından sui-istifadə edərək öz tərbiyələrinə uyğun mübarizə metodundan istifadə edirlər. Onlar tənqid, təhqir və reklam xarakterli paylaşımlar edirlər. Təbii ki, bu olanlara qarşıyıq”.
Yalançı vətənpərvərlik sərgiləyənlərə gəlincə, Qarabağ qazisi bildirib ki, yalan olan hər şeyin nəticəsi zərərə aparır:
"Bir də görürsən ki, əxlaqsızlar televiziyaya çıxıb əxlaqdan, namusdan, qeyrətdən danışırlar. Təəssüf ki, bu gün belə hallar çoxdur. İnsanlar var ki, onun müharibə vaxtı harada olduğu bəlli deyil, amma sanki qaziyə, şəhid ailəsinə canı yanırmış kimi hərəkət edir. Lakin bunların hamısı əxlaq və həqiqi vətənpərvərlik üzərində qurulmalıdır.
Əvvəllər ictimai asayişi pozan insanlar üçün müəyyən cəza var idi. Bu gün isə sosial şəbəkə nədənsə ictimaiyyət hesab olunmur. Çünki orada əxlaqsızlıq edənlərə heç nə edən yoxdur. Hansı ki, küçədə çıxıb söyüş söysək, polis bizi cəzalandırar. Amma sosial şəbəkədə minlərlə insanın qarşısına çıxıb əxlaqsız ifadə işlədənlər cəzalandırılmır. Bütün bunlarla bağlı ölçü götürülməlidir”.
F.Məmmədovun sözlərinə görə, vətənə heç bir xidməti olmayanların sosial şəbəkələrdə vətənpərvərlikdən danışması vicdan və mənəviyyat məsələsidir:
"Azərbaycanda qazilərin, şəhidlərin hüquqları ilə bağlı yetərincə ictimai təşkilatlar var. Ölkəmizdə qazilərin və müharibə veteranlarının hüquqlarını yetərincə gündəmə gətirən təşkilatlar fəaliyyət göstərir. Həqiqətən də müdafiəyə ehtiyac olanda, hansısa qazinin həyatına dəstək olmaq lazım gələndə həmin yalançı qəhrəmanların heç biri ortalıqda tapılmır. Evdə oturub nələrisə demək və yaxud yazmaq çox asandır.
Qazilərə, şəhidlərə canları yanırsa, gəlib bizə desinlər ki, filan şəhid ailəsinə köməklik göstərmək istəyirəm. Biz də təşkilat olaraq köməyə ehtiyacı olanların ünvanını verək. Yalandan qəhrəman kimi danışmağın heç bir mənası yoxdur.
Hər gün onlarla qazi və şəhid ailəsinin problemləri altında çabalayırıq. Çoxlarına gücümüz çatıb kömək edə bilmirik. Gəlib bizim kimi qazilərə və şəhidlərə xidmət etsinlər, bundan sonra danışsınlar. Biz də tənqid edirik və deyirik ki, filan problemlər var. Amma bununla bərabər xidmət də göstəririk. Hər gün bir neçə qazinin problemləri ilə bağlı şəxsi problemlərimizi qırağa qoyub onlara kömək edirik.
Bunları 25 ildir ki, təmannasız olaraq həyata keçiririk. Balamızın boğazından kəsib şəhidin problemi ilə məşğul oluruq. Bizim haqqımız var ki, bu problemləri dövlətə çatdıraq və yeri gələndə məmuru tənqid edək. Amma bəziləri özlərini elə aparır ki, guya qazilərə və şəhidlərə canı yanır. Ümumiyyətlə, belə saxtakar insanlar vətənpərvərlik ruhunu zəiflədə bilər. Düzgün və səmimi olmaq lazımdır”.
Yeganə Bayramova