“Qarabağ tarixi” tədris olunacaq

Fəzail İbrahimli: “Müsbət qarşılayıram”
Şahlar Əsgərov: “Millət öz kökünə qayıdır”


Yeni tədris ilindən məktəblərdə xarici dil kimi ərəb, fars dilləri də keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmrinə əsasən, yeni tədris ilindən şagirdlərə tədrisi nəzərdə tutulan ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçiləcək.

Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi birinci sinifdən başlanacaq. Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunacaq. Bundan başqa, tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saatı dərs cədvəlinə daxil edilməklə "Qarabağın tarixi” kursunun tədrisinə ayrılacaq.

Addımı dəyərləndirən millət vəkili, professor Fəzail İbrahimli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu çox təqdirəlayiq qərardır: "Uşaqlara Qarabağ tarixini, vətənin ağrılı-acılı məqamlarını mütləq öyrətmək lazımdır. Müsbət qarşılayıram”.

Orta məktəblərdə ərəb, fars dillərinin tədrisinə gəlincə, müsahibimiz söyləyib ki, bir müddət bəzi beynəlxalq dillərə laqeyd münasibətimiz oldu: "İngilis dili ortalığa çıxan kimi rus dili məktəblərdən yığışdırıldı. Bu, mənfi tendensiya idi. Lakin sözügedən addım əlavə dillərin öyrənilməsi və uşaqların gələcəkdə bu sahələr üzrə ixtisaslaşmasına çox güclü rəvac verəcək. Güman edirəm ki, bu məsələlərin həlli ümumi işimizə xeyir gətirə bilər”.

Professor Şahlar Əsgərov hesab edir ki, hər bir vətəndaş öz dövlətinin keçmişini və bugününü bilməlidir ki, gələcəyə uğurlu addım atsın: "Bu baxımdan "Qarabağ tarixi”nin tədrisini alqışlayıram. Çünki hər kəs tarixini biləndə öz doğma torpağına daha bağlı olur. Onun qədrini bilir”.

Professorun sözlərinə görə, orta məktəblərdə ərəb-fars dillərinin tədrisi çox mühüm əhəmiyyətə malikdir: "Baxın, qədim tariximiz ərəb və fars dillərində yazılıb. Son yüz ilin tarixi isə rus əlifbası ilə yazılıb. Bir sözlə, gənclərə ərəb-fars dillərini öyrətsək, ölkəmizin qədim tarixinə dair məlumatları başqa Avropa universitetlərindən deyil, ilkin mənbədən əldə edə biləcəyik. Çünki tariximiz Avropaya gedib, bizə qayıdanda çox dəyişikliklərə məruz qalır. Ona görə də, orta məktəblərdə bu dillərin tədrisini təqdir edirəm. Millət öz kökünə qayıdır”.

Ayyət Əhməd