Qarabağda müharibə ehtimalı böyükdür

Azad İsazadə: “İndi müharibə ehtimalı bir az da yüksəlib”
Elxan Şahinoğlu: “Ermənistan ilkin addımı atmayana, yəni Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu boşaltmayana qədər müharibə ehtimalı yenə də davam edəcək”



Amerikalı siyasi şərhçi Pol Qoble Dağlıq Qarabağ münaqişəsindən danışıb. Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasındakı donmuş münaqişə yenidən alovlana bilər. Onun sözlərinə görə, cəbhə xəttində gərginliyin artması müharibə riskini də artırır: "Tərəflər elə hesab edirlər ki, bu müddətdə gərginliyi artırmaqla diqqəti cəlb edəcək və dəstək əldə edəcəklər. Amma indiki zamanda, bu, böyük riskdir. Belə ki, atəşkəsin mütəmadi pozulması halları qanlı müharibənin başlanmaq ehtimalını çoxaldır”.

Bir çox dövlət universitetləri və beynəlxalq təşkilatlar üçün məsləhətçi kimi fəaliyyət göstərən ekspert Piter Teys isə mövzuyla əlaqəli bunları deyib: "Dağlıq Qarabağ uzun sürən və çoxplanlı münaqişədir. Amma çox təəssüf ki, Qərb ölkələri (ABŞ, Avropa İttifaqı, Avstraliya) Krımın ilhaqına görə Rusiyaya sanksiyalar tətbiq etdilər, amma Ermənistanın Dağlıq Qarabağı və onun ətrafındakı 7 ərazini işğal etməsinə isə göz yumdular, bitərəf və tərəddüdlü mövqe nümayiş etdirdilər”.

Bəyanatı şərh edən hərbi ekspert Azad İsazadə də "Şərq”ə açıqlamasında qeyd edib ki, Dağlıq Qarabağda müharibə ehtimalı var və bu ehtimal çox böyükdür. Ekspertin qənaətincə, son bir ildə müharibə ehtimalı kəskin artıb: "Atəşkəs sazişi bağlanandan bu günə kimi Azərbaycanın müharibə ehtimalı olub. Bu risk ildən-ilə çoxalıb, hətta bəzən azalıb. İndi isə müharibə ehtimalı bir az da yüksəlib. Tam razıyam ki, hazırda Azərbaycan ordusu yaxşı nailiyyətlər nümayiş etdirə, təkbətək, çox rahatlıqla Ermənistan ordusu ilə bacara bilər”.

Ekspert hesab edir ki, bu mövzudan danışarkən siyasi güc mərkəzlərini unutmaq olmaz: "Həmişə siyasi güc mərkəzlərini diqqətdə saxlamalıyıq. Söhbət Rusiya, Qərb və İrandan gedir. Biz başa düşməliyik ki, həmin siyasi mərkəzləri də neytrallaşdırmalıyıq. Demirəm ki, bizim tərəfdən çıxış etsinlər, amma heç olmasa, bizə qarşı çıxmasınlar”.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da münaqişənin yenidən alovlanmasını istisna etməyib. O bildirib ki, hər il yay aylarında atəşkəs onsuz da pozulur: "Atəşkəsin ən çox pozulduğu ay da avqust ayıdır. Keçən ilin avqustunda baş verənləri yəqin indi bir çox insan xatırlayır. Hətta bu hadisələrdən sonrakı dövrdə Azərbaycan ordusu düşmənin helikopterini də vurmuşdu. Ölkə Prezidenti də demişdi ki, erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var ki, orada da öldürülür. Hər il olduğu kimi, bu il də avqust ayında cəbhədə gərginlik müşahidə etdik”.

Ekspertin fikrincə, Ermənistan ilkin addımı atmayana, yəni Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu boşaltmayana qədər müharibə ehtimalı yenə də davam edəcək: "Müharibə ehtimalı həmişə qalır. Bu ehtimal getdikcə daha da artır. Çünki Azərbaycanın hərbi gücü də artmaqdadır. Müasir silahlarımız var. Ermənistanın isə itkiləri çoxalır. İşğalçı ölkənin əhalisi də azalmaqdadır. Bu da Ermənistanın sosial və iqtisadi sahədə də itkilərinin artmasına gətirib çıxarır. Bilirik ki, bizim şəhidlərimiz öz torpağını düşməndən azad etmək naminə şəhid olurlar. Amma Ermənistan vətəndaşının gedib Qarabağda ölməsi erməni əhali arasında ciddi narazılıq formalaşdırır. Erməni ailələri də bildirirlər ki, övladlarının gedib Qarabağda, kənarda xidmət etməsini, boş yerə ölməsini istəmirlər. Bir əsgərin ölümü belə İrəvanda əsgər analarının prezident administrasiyası qarşısında etiraz yürüşünün təşkilinə səbəb olur. Bu səbəbdən də Ermənistanın vəziyyəti getdikcə ağırlaşır”.

Rusiya politoloqlarının "Dağlıq Qarabağda münaqişə sentyabr-oktyabr aylarında baş verəcək” iddiasını doğru saymayan E.Şahinoğlu diqqətə çatdırıb ki, bunun dəqiq vaxtını proqnozlaşdırmaq olduqca çətindir: "Çünki müharibə təkcə sentyabr-oktyabrda deyil, istənilən ayda baş verə bilər. Müharibə ehtimalının artması faktdır. Çünki danışıqlarda irəliləyiş yoxdur. Ermənistan da heç bir addım atmaq istəmir. Azərbaycanın həm də çox gözləmək imkanları məhduddur. Burada Rusiya amili də var. Kreml prosesə qarışa bilər. Bu amil həmişə var. Biz bu amildən qorxub çəkinsək, onda gərək Qarabağ və ətraf yeddi rayonun boşaldılması ilə bağlı ciddi addımlar atmayaq. Məqam yetişəndə Azərbaycan ordusu öz sözünü deyəcək. Bu prosesi əngəlləməyin yolu vasitəçilərdən və həmsədrlərdən asılıdır. Həmsədrlər Ermənistanı 7 rayonun boşaldılmasına razı salsalar, o zaman müharibə mövzusu da aradan qalxacaq və tədricən sülh prosesi başlayacaq”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu da bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi final mərhələyə yaxınlaşır:

"Bir müddət öncə mövcud olan vəziyyətin təkrarlanacağını gözləmirəm. Amma vəziyyətin sabit olacağını da düşünmürəm. Əvvəlki sabit dövrə nisbətən, intensiv hərbi əməliyyatlar olacaq”.

Politoloq onu da əlavə edib ki, hazırda Rusiya üçün vacib olan Ermənistanla olan münasibətlərdir: "Ermənistanın ABŞ-la münasibətləri o səviyyəyə çatıb ki, səfir Con Xefferin Ermənistan hökumətinə "Rusiya ilə əlaqələri kəsin, ABŞ-ın sanksiyalarına qoşulun” deyib. Sanki C.Xefferin özünü Ermənistanın ağası hesab edir. Belə görünür ki, Ermənistan hər zaman ABŞ tərəfə qaçmağa hazırdır. Rusiya isə başa düşür ki, bir az geciksə, Ermənistanla Azərbaycanı itirəcək. Moskva üçün daha önəmli olan Azərbaycanla dostluq əlaqələrini qoruyub saxlamaqdır. Məhz buna görə də Rusiyanın Azərbaycanın qarşısına şərt qoymağa vaxtı yoxdur. Reallıq odur ki, Rusiya ABŞ məsələsinə görə Ermənistanı cəzalandırmaq üçün Dağlıq Qarabağ məsələsində aktivləşib”.

Ayyət Əhməd