Qarabağın həlli uzanacaq

Rusiya münaqişə ilə bağlı yalnız özünün təkliflərini verə bilməz




Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə irəli sürdüyü təkliflərə baxılır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə "Şərq Tərəfdaşlığı” ölkələrinin VI Qeyri-Rəsmi Nazirlər Dialoqu toplantısında çıxışında deyib. Nazir qeyd edib ki, əməkdaşlığımızın bünövrəsində ən zəif halqa istisnasız olaraq münaqişənin nizamlanmamasıdır:

"Biz hazırda həmsədrlər adından Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik. Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxardılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında insanlararası təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir və biz müzakirələrimizi bu elementlər üzərində cəmləşdirməliyik. Hər birimiz həll edilməmiş münaqişənin regionda əməkdaşlığa başlıca əngəl olması barəsində həmfikirik”.

Nazirin açıqlamasını şərh edən politoloq Natiq Miri "Şərq”ə söyləyib ki, bu təkliflər Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılması müqabilində kommunikasiya xətlərinin yaradılması və açılmasından ibarət ola bilər: "Digər yandan təbii ki, Dağlıq Qarabağın statusu ilə bağlı məsələlərin müzakirə olunması planlaşdırılır. Hələlik işlər bu səviyyədədir. Amma bu o demək deyil ki, məsələ razılaşdırılıb. Sadəcə olaraq Rusiya bunu növbəti geosiyasi gediş kimi ortalığa atıb. Cəlbedici təkliflər verməklə ölkəmizi yenidən öz orbitinə çəkmək istəyir. Amma fakt odur ki, ortada nə fal var, nə də yumurta. Üstəgəl, separatçı Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları qaytarmaq fikrində deyil. Bu, onların sərt ritorikasında da özünü göstərir. Həmçinin onlar üçün regionda və qlobal səviyyədə geosiyasi mühit yoxdur”.

Bununla yanaşı, ekspert vurğulayıb ki, dünya gücləri arasında uzlaşma görsənmir: "Ukrayna və Suriya məsələsində Amerika, Avropa Birliyi və Rusiya arasında hər hansı bir anlaşma yoxdur. Bundan başqa, Türkiyənin Rusiyaya məxsus uçağı vurub, düşürməsi Dağlıq Qarabağ məsələsini ikinci plana çəkdi. Lap bu məsələ ikinci plana çəkilməsə belə, Rusiya öz geosiyasi alətini və strateji müttəfiqini Azərbaycanın ayağına vermək istəmir. Bunlar sadəcə olaraq Azərbaycan ictimai rəyində müsbət Rusiya imici yaratmağa hesablanmış gedişlərdir. Kreml hər hansı bir real işi görmək əvəzinə, onun görüntüsünü yaratmağa vərdiş edib. Bununla da növbəti dəfə Azərbaycanı aldadıb, öz orbitinə çəkmək istəyir. Düşünürəm ki, Azərbaycan rəhbərliyi o qədər də sadəlövh deyil”.

Analitik Arzu Nağıyev də düşünür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya tək özünün təkliflərini verə bilməz. Təşəbbüsü ələ almaq niyyəti ilə müəyyən siyasi addımlar ata bilər: "Unutmaq lazım deyil ki, Rusiya ATƏT-in Minsk Qrupunun üzvüdür və öz ölkəsini həmsədrlə təmsil edir. Zənnimcə, bu yenə də "Madrid prinsipləri” ola bilər və əsas şərt ərazi bütövlüyü, erməni işğalçı qoşunlarının işğal olunmuş ərazilərdən qeyri-şərtsiz çıxmasıdır. Bundan sonra isə əlavə tədbirlər haqqında danışmaq olar. Rusiyanın bu gün doğrudan da belə addım atmaq istəyi ABŞ və digər dövlətləri geridə qoymaq və bir daha regionda söz sahibi olduğunu göstərməkdir. Əsas məsələ bizim üçün odur ki, münaqişə ilə bağlı status-kvo dəyişsin”.

Ayyət Əhməd