Qarşıdurma kəskinləşəcək

Türkiyə haqsız çıxarılsa, NATO çəkilsə, Ankara çətin vəziyyətdə qalacaq




"Türkiyə bu məsələdə haqsız çıxarsa və NATO-dan dəstək görməzsə, Ankara çətin vəziyyətdə qalacaq”. Bu sözləri "Şərq”ə politoloq Fərhad Mehdiyev Rusiya qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra bu ölkələr arasında başlayan gərginliyi şərh edərkən bildirib. Onun sözlərinə görə, təyyarənin türkmənləri bombaladığı sırada vurulması çox önəmli faktdır:

"Türkiyə tərəfi bildirir ki, 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilməsinə rəğmən, Rusiya təyyarəsi yenə də sərhədləri pozub. Ancaq Rusiya təyyarənin Suriya torpaqları üzərində düşdüyünü bildirir. Bütün bunların dəqiqləşdirilməsi mümkündür. Hər halda bu, çox ciddi bir məsələdir. Bundan sonra Rusiya həmin yerləri bombalamağı dayandıracaqmı? Bax, əsas məsələ bundan ibarətdir”.

Politoloq qeyd edib ki, bu məsələdə Amerika Türkiyə qədər həssaslıq göstərmir: "Ona görə də Vaşinqton bu işdə Ankaranın arxasında durmaya da bilər. Halbuki daha əvvəlki məsələlərdə Amerika bildirirdi ki, Türkiyə bu cür hallarda Rusiya təyyarəsini vura bilər. İndi isə söhbət türkmənlərdən gedir. Türkiyə bu məsələdə haqsız çıxarsa və NATO-dan dəstək görməzsə, Ankara çətin vəziyyətdə qalacaq”.

F.Mehdiyev hesab edir ki, bu hadisə təyyarənin kompensasiyasının ödənilməsinə qədər böyüyə bilər: "Söhbət milyonlarla dollardan gedir. O ki qaldı qarşıdurmaya, Rusiya ilə Türkiyə arasında onsuz da qarşıdurma var. Sual oluna bilər ki, Rusiya bundan sonra həmin bölgələri bombalamaqdan imtina edə bilərmi? Bəzi məlumatlara görə, Türkiyə həmin bölgəyə 500-ə yaxın xüsusi təyinatlı göndərib. Əgər bu məlumat dəqiqdirsə, onda qarşıdurma artacaq. Bu o deməkdir ki, Türkiyə həmin zonada rus təyyarələrinin uçuşuna imkan verməyəcək. Bundansa, Türkiyə rus təyyarələrini vurmaq üçün "Stinger” tipli raketlər almalı və bunu türkmənlərə verməklə problemi daha təhlükəsiz yolla həll etməlidir”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, məsələni ya beynəlxalq məhkəmə, ya da digər siyasi yollarla nizama salmaq mümkündür: "Rus təyyarəsinin vurulması irimiqyaslı qarşıdurmalara gətirib çıxarmayacaq: "Rusiya artıq bir neçə gündür ki, Türkmən Dağı deyilən bölgədə Bayırbucaq və ona yaxın kəndlərdə yaşayan türkmənləri bombardman edir. Məqsəd bu bölgədən türkmənlərin çıxarılması ilə onların qaçqın halında Türkiyəyə axınını təşkil etməkdir. Türkiyə bildirir ki, ruslar İŞİD-ə qarşı savaşsalar da, əsas əməliyyatlar türkmənlərə və ASO-ya qarşı aparılır. Bu, doğrudan da belədir. Rusiya Əsəd rejiminin əsas düşmənləri ASO-ya və onun tərkibində yer alan türkmənlərə qarşı mübarizə aparır. Bu son hadisə Rusiya təyyarəsinin Türkiyə hava sərhədini pozması ilə əlaqədardır. Bundan əvvəl də Türkiyə sərhədi iki dəfə pozulub. Ancaq o zaman atəş açılmadı. Görünür, artıq Ankaranın səbri tükənib. Lavrov isə bəyanat verir ki, Rusiya Türkiyə sərhədini pozmayıb. Türkiyə bunun əksini isbat etməyə hazırdır. İndi məsələ ilə bağlı Rusiya ilə Türkiyə arasında Xarici İşlər və Müdafiə Nazirliyi xətti ilə ciddi danışıqlar gedir. Güman etmirəm ki, bir təyyarədən dolayı vəziyyət daha da gərginləşsin. Çünki Rusiyanın hərəkətləri qeyri-qanunidir. Zənnimcə, NATO tezliklə bu məsələyə reaksiya verəcək. BMT TŞ-nin məsələ ilə bağlı toplanması mütləq görünür və tezliklə iclas keçirilə bilər. Bir sözlə, kritik bir vəziyyət yaranıb, ancaq bunun irimiqyaslı qarşıdurmalara gətirib çıxaracağına inanmıram. Çünki məsələni ya beynəlxalq məhkəmə, ya da digər siyasi yollarla nizama salmaq mümkündür”.

Ayyət Əhməd