“Qaya”nın direktoru: "Qardaşına xəbər verib, əlaqə kəsilib"

“Qaya”nın ölən əməkdaşı həddindən artıq içkili olub
Oktyabrın 29-da Nizami Rayon Polis İdarəsinə rayonun Elşən Süleymanov və Bəhruz Nuriyev küçələrinin kəsişməsindəki yarımçıq tikilidə kəskin qoxunun gəlməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşlarının axtarışları nəticəsində tikintinin lift boşluğunda meyit aşkarlanıb.
Meyiti götürmək mümkün olmadığına görə Fövqəladə Hallar Nazirliyinin "112” xidmətinə zəng vuraraq kömək istəyiblər. Hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları liftin şaxtasındakı meyiti xüsusi alət və avadanlıqların köməyi ilə çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Hadisə yerinə gələn Nizami Rayon Prokurorluğunun əməkdaşlarının araşdırmaları zamanı üstündən çıxan mobil telefon vasitəsi ilə tapılan meyitin bu ilin sentyabr ayından axtarışda olan 1962-ci il təvəllüdlü Hadıyev Fuad Həsən oğluna məxsus olduğu müəyyən olunub.
O, "Qaya” Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini vəzifəsində çalışırmış. Sonuncu dəfə sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən "Xudafərin” şadlıq evində düzənlənən toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonundakı evinə qayıtmayıb.
Qohumları və polis tərəfindən aparılan axtarışlar nəticə verməyib. F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib. Vəziyyətinin ağır olduğunu deyən Fuadın bundan sonra telefonu sönüb.
Hadisə ilə bağlı "Şərq”ə danışan "Qaya” Mətbuat Yayımı MMC-nin direktoru Xanhüseyn Əliyev deyib ki, F.Hadıyev çox sakit, intizamlı adam olub və heç kimə bir ziyanı dəyməyib. Buna görə də hansısa cinayət şübhəsindən söz gedə bilməz. Onun sözlərinə görə, mərhum toyda həddindən artıq spirtli içki qəbul edib, evinə qayıdan zaman bədbəxtlikdən özünü idarə edə bilməyib, həmin quyuya düşüb: "Fuad sentyabrın 19-u gecə toydan çıxıb, lakin evə getməyib. Səhər saat 9-10 vaxtı isə qardaşlarına zəng eləyib deyib ki, quyunun içindəyəm, vəziyyətim pisdi, qolum sınıb. Həmin anda telefon sönüb. Bu zəngdən sonra biz hüquq-mühafizə orqanlarına məlumat verdik və özümüz də onlarla birlikdə axtarmağa başladıq. Həmin ərazini nə qədər axtarsaq da, onu tapa bilmədik. Dünən isə onun meyiti tapılıb. Çox pis olduq, Allah rəhmət eləsin”.
Aysel Aslan