Qaza basan sürücülər var

Rayonlarda radarların quraşdırılması müsbət haldır




Azərbaycanda radarlarla bağlı yeni qərar verilib. Artıq rayonların yerli əhəmiyyətli yollarında da radarlar quraşdırılacaq. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, hazırda ölkədə sürət həddinin aşılması hallarının daha çox müşahidə edildiyi yollarda hərəkət təhlükəsizliyinin tənzimlənməsinə dair müvafiq işlər gedir.

Onun sözlərinə görə, təkcə Bakıda və Abşeronda deyil, respublikanın müxtəlif bölgələrində yollarda radarların quraşdırılması işləri davam etdirilir: "Bu gün bir sıra bölgələrdən vətəndaşlardan yollarda radarlar və xüsusi kameralar quraşdırılması haqda bizə çoxlu müraciətlər daxil olur. Son dövrlərdə təkcə respublika əhəmiyyətli yollar yox, yerli əhəmiyyətli yolların da çoxu təmir edilib, düzəlib. Sürücülər də elə bil sürət üçün susayıblar. Onlar həmin ərazilərdə yolun həmişə pis vəziyyətdə olduğuna öyrəşiblər. İndi isə çalışırlar ki, daha sürətlə hərəkət etsinlər. Fikirləşmirlər ki, yüksək sürətlə hərəkət etmənin sonunda avtomobili saxlaya bilmək məsələsi də var. Lakin o ana çatanda artıq gec olur və bu da ağır nəticələrə gətirib çıxarır. Sürət həddinin aşılmasının qarşısının alınması üçün bizim köməyimizə çatan ən başlıca vasitə isə radarlardır. Bu səbəbdən də həmin ərazilərdə radarlar qoyulacaq. Bu proses başlayıb və indi davam etdirilir”.

Məlumat üçün bildirək ki, respublikada qeydə alınan yol qəzalarının 30-31 faizinin məhz sürət həddinin aşılması səbəbindən baş verdiyi bildirilir.

Addımı dəyərləndirən "Avtosfer”.az saytının baş redaktoru Elməddin Muradlı "Şərq”ə açıqlamasında söyləyib ki, bu, çox mühüm tədbirdir. Həmsöhbətimizin qənaətincə, radarların sayının artırılması çox müsbət və təqdirolunmalı haldır: "Çoxalsın. Biz də dəstəkləyirik. Çünki sürücülərin əksəriyyəti qazın üstünə çıxıb, sürət həddini aşır və ağır qəzalar törədir. Bəzi sürücülər radarların yerini əzbər bilir. Magistral yollarda radara çatanda sürəti azaldıb, keçirlər. Sonra yenə öz bildikləri kimi davranırlar. Gizli radarlar çəkəndə hay-küy qoparırlar ki, radar qanunsuzdur və s. Razıyam, qanunsuz heç nə olmamalıdır. Lakin qanundan danışan sürücü qanunu pozub sonra niyə qabaqdangəlmişlik edir? Bax, onu anlamıram”.

Müsahibimiz onu da diqqətə çatdırıb ki, radarların sayının çoxaldılması yol polisinin şəxsi təşəbbüsü deyil. Bu məsələ Azərbaycanın Yol hərəkəti təhlükəsizliyi üzrə Dövlət Strategiyasinda əksini tapib: "Hazırda məlum sənəd üzərində iş gedir. Yəqin ki, yaxın vaxtlarda proqram təsdiq olunacaq. Orada çox vacib tədbirlər nəzərdə tutulub. Ən vacib məqam isə yol qəzalarının sayının minimuma endirilməsidir ki, bunun da başlıca şərti sürət həddini aşan sürücülərin qarşısını almaqdır. Sənəddə avtomobil qəzalarının qarşısının alınmasına dair bütün məqamlar incəliyinə qədər izah olunub”.

Ayyət Əhməd