Etimad Əsədov: "Əlinə mikrofon alıb, kamera qarşısına keçənlərin hörməti silah götürüb, sinəsini düşmənin qabağına verənlərdən daha çoxdur”
"1990-cı illərdə Xalq Cəbhəsinin hakimiyyəti dövründə əlillərin sosial müdafiəsi haqqında qanun mövcud idi. Layihədə əlillərin sosial müdafiəsi ilə bərabər, onların həyatı, problemlərini əks etdirən proqramların hazırlanması, QHT-lərin də təşəbbüsü ilə verilişlərin çəkilməsi barədə bənd yer almışdı. Sonradan bu qanun dəyişdirildi, həmin bənd tamamilə çıxarıldı”.
Bu barədə "Sherg.az”a Qarabağ Qaziləri İctimai Birliyinin rəhbəri Etimad Əsədov bildirib.
O, diqqətə çatdırıb ki, tək Qarabağ müharibəsi əlillərinin deyil, ümumilikdə ölkə ərazisində yaşayan insanların problemlərinin işıqlandırılması vacibdir:
"Düzdür, tamamilə heç bir verilişin hazırlanmadığını iddia edə bilmərik. Hüzn günlərində, əlamətdar hadisələrin ildönümündə efirlərdə rubrikalar, layihələr yer alır. Televiziyalarda yayımlanan verilişlərin bəzilərinə baxmışam. Arxalı şəhid ailələri, qazilər var, QHT-lərlə əlaqəlidir, onların təbliğatı aparılır. Məsələn, bir milli qəhrəmanla bağlı 5 film çəkildiyinin, çoxsaylı veriliş hazırlandığını görmüşəm. Amma elə qazimiz var onun həyatı, problemləri ilə bağlı heç bir yazı da işıqlandırılmayıb. Yaxşı olar ki, QHT-lər bu məsələyə vicdanla yanaşsınlar, Qarabağ müharibəsi əlilləri, şəhidlərlə bağlı müvafiq addım atsınlar.
Dövlətin bu qəbildən olan insanlara göstərdiyi diqqət və qayğının fonunda bu cür çatışmazlıqlar da yer alır. Düşünürəm ki, biabırçı verilişlərin, şou-proqramların qarşısında heç olmasa həftədə bir dəfə şəhidlər, onların ailələri, Qarabağ qaziləri ilə bağlı verilişlər çəkə bilərlər. Amma görünür ki, əlinə mikrofon alıb, kamera qarşısına keçənlərin hörməti silah götürüb, sinəsini düşmənin qabağına verənlərdən daha çoxdur”.
Qeyd edək ki, döyüş tapşırıqlarını yerinə yetirərkən sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi ötənlərdə "Sherg.az”a açıqlama verərək, televiziyalarda şəhidlərin, Qarabağ qazilərinin həyatının işıqlandırılmaması barədə tənqidlər səsləndirdi. O söyləyib ki, hansısa şou-ulduzun həyatını geniş araşdırmaq əvəzinə, şəhidin, milli qəhrəmanın, Qarabağ qazisinin keçdiyi ömür yolu barədə verilişlər hazırlanması daha əhəmiyyətli olar.
Aysel Aslan