Qazın qiymətində güzəştə getmək lazımdır

Gürcüstan bazarını itirmək Azərbaycan üçün böyük itkilərə səbəb ola bilər



Dünən SOCAR rəhbəri Rövnəq Abdullayev qaz müzakirələri ilə bağlı Gürcüstana səfərə gedib. Məlumata görə, səfər çərçivəsində Azərbaycanın bu ölkəyə satdığı qazın qiyməti müzakirə olunacaq. Çünki bu günlərdə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirmişdi ki, R.Abdullayevlə qaz qiymətlərini müzakirə edəcəklər. K.Kaladze SOCAR-dan "mavi yanacağ”ın qiymətini aşağı salmasını istəyir:

"Mən qiymət açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, "Qazprom”un təklif etdiyi qaz Azərbaycandan idxal olunandan daha ucuzdur. Biz "Qazprom”un qiymətlərini SOCAR-la müzakirə edəcəyik”. Məlumat üçün bildirək ki, Gürcüstan hazırda İran və Rusiyadan qaz idxal etmək istəyir. Hökumətin ötən il İran və Rusiya ilə ilk gizli qaz danışıqları üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı. Hazırda isə Gürcüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Əgər Rusiya və ya İran Gürcüstanın qaz bazarına daxil olarsa, SOCAR-ın payı azala bilər. Bu isə Azərbaycanın iqtisadi hədəflərinə uyğun gəlmir. Gürcü xalqı və müxalif siyasi partiyalarda Rusiyadan qaz ixracına etiraz edirlər. Onlar qaz ixracından Rusiyanın nə vaxtsa öz siyasi məqsədləri üçün istifadə edə biləcəyini düşünürlər.

Gürcüstanın addımını şərh edən tanınmış-iqtisadçı Natiq Cəfərli "Şərq”ə bildirib ki, dünyada qazın qiyməti neftin qiymətinə bağlıdır. Neftin ucuzlaşması qazın da qiymətinə təsir göstərir: "Qazprom” iki il öncə Avropaya 400 dollara satdığı qazı bu il 200 dollara təklif edirdi. Yəni iki dəfə aşağı salıb. Təbii ki, Gürcüstan indiki şəraitdən istifadə edərək siyasi şantaj və iqtisadi təkliflərini artırır. Bununla da Azərbaycandan qiymət güzəştləri tələb edir. Bu, rəsmi Tiflisin seçdiyi taktikadır. Hər bir ölkə çalışır ki, idxal etdiyi enerji resurslarını daha ucuz qiymətə alsın ki, ölkəsinin vətəndaşı üçün faydalı olsun. İndi Gürcüstan üçün müəyyən mənada perspektivlər açılıb. Rusiya Avropada qaz bazarlarını itirir. Satış həcmləri aşağı düşür. Daha çox öz qazını satmağı düşünür. İran da bazara çıxmağı düşünür və dünya bazarında əsas oyunçulardan birinə çevrilmək niyyətindədir. İranla Ermənistan, Ermənistanla da Gürcüstan arasında qaz xətti var. Düzdü, bu xətt şimal qonşumuza məxsusdur. Amma texniki cəhətdən o xətləri işə salmaq mümkündür. Hazırda Azərbaycan tərəfinin bir üstünlüyü var ki, SOCAR Gürcüstanı yalnız qazla təchiz etmir, həm də bu ölkədəki qazpaylayıcı şəbəkədə çox böyük rola malikdir. Çox güman ki, əsas problem də bununla bağlıdır”.

Ekspertin sözlərinə görə, SOCAR Gürcüstana ixrac etdiyi qazın bir hissəsini birbaşa adıçəkilən ölkə vətəndaşlarına və daha baha qiymətə satır: "Çox güman ki, söhbət ancaq bu məsələdən gedəcək. Azərbaycandan müəyyən güzəştlər tələb olunacaq. Bu işdə həm siyasi, həm də iqtisadi maraqlar var”.

Müsahibimiz hesab edir ki, Azərbaycan tərəfi çevik addımlar atmalıdır: "Gürcüstan bazarı kiçik olsa da, Azərbaycan üçün önəmlidir. Gürcüstan Azərbaycanın Qərbə çıxış koridorudur və enerji daşıyıcılarını Gürcüstan üzərindən aparır. Qiymətlərdə müəyyən güzəştlər edib, daha yaxşı təkliflər verməsək, bir müddətdən sonra qonşu ölkə bizi qazın və neftin tranzit xərclərinin artırılması ilə hədələyə bilər. Vəziyyətin bu həddə gəlib çatmaması üçün danışıqlar çox pozitiv getməlidir və ortaq məxrəcə gəlinməlidir”.

İqtisadçının qənaətincə, Azərbaycanın güzəştlərə getməsi, büdcəyə təsirsiz ötüşməyəcək: "Doğrudur, büdcənin formalaşmasında qazdan gələn gəlirlər böyük rol oynamır. Ona görə də itkilər o qədər də çox nəzərə çarpmayacaq. Amma təbii ki, Azərbaycanın ümumi gəlirləri aşağı düşəcək. Qaz gəlirlərinin azalması ölkəyə mənfi təsir göstərəcək. Amma bu, bazardır. Artıq dünyada çox kəskin rəqabətli mühit yaranıb. Hamı öz enerjisini bazara çıxarıb, satmağı düşünür. Belə bir şəraitdə SOCAR da çox çevik davranmalıdır ki, itkilərimiz az olsun və ya heç olmasın”.

Ayyət Əhməd