“Qədim şəhərdə qədim oyun”

Dövlət Bayrağı Gününə həsr olunmuş şahmat turniri keçirilib



Dünən Dövlət Bayrağı Gününə həsr olunmuş "Qədim şəhərdə qədim oyun” adlı şahmat turniri keçirilib. Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi həmkarlar təşkilatlarının təşəbbüsü ilə baş tutub.

Tədbir Azərbaycanını Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən "İçərişəhər Dövlət Tarix Tarix Qoruğu İdarəsi”nin mətbuat xidmətinin rəhbəri Rahib Azəri Dövlət Bayrağı haqda məlumat verib. O deyib ki, Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. R.Azəri Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üç rəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib. Həmçinin qeyd edib ki, ölkə başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Dövlət Bayrağı Günü”nün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabr ayının 9-u ölkəmizdə "Dövlət Bayrağı Günü” kimi qeyd olunur. 2010-cu ilin sentyabrın 1-də Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamına uyğun olaraq, Bakıda möhtəşəm Dövlət Bayrağı meydanı inşa olunub istifadəyə verildi və burada Ginnesin rekordlar kitabına düşmüş ən uca dirəkli bayraq dalğalanmaqdadır.

Rahib Azəri turnirdə iştirak edən bütün şahmatçıları şahmatın təbliği baxımından önəmli olan bu cür yarışların davamlı xarakter daşımasının əhəmiyyətini vurğulayıb. Artıq ənənə halını almış və mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə keçirilən bu cür turnirlərinin müxtəlif dövlət qurumlarının bir-birinə yaxınlaşdığının, dostluq münasibətləri və mehriban tərəfdaşlıq əlaqələri qurulmasına səbəb olduğunu bildirib. Və bütün yarış iştirakçılarına uğur arzulayıb.

Digər natiqlər də söz alaraq "9 noyabr - Dövlət Bayrağı Günü” münasibətilə turnir iştirakçılarını təbrik edib, uğurlar arzulayıblar. Daha sonra turnirinə start verilib. Turnirdə sözügedən 3 dövlət qurumunu təmsil edən 14 şahmatçı mübarizə aparıb. Günün sonunda qaliblər kubok, fəxri fərman, pul mükafatları və qiymətli xatirə hədiyyələri ilə təltif olunublar. Qeyd edək ki, "Qədim şəhərdə qədim oyun” adlı şahmat turnirinin baş hakimi beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə olub.

Şəymən