"Qeyri-neft məhsullarının ixracı artıbsa, bunu müsbət qarşılamaq lazımdır"





"İxracın yalnız qeyri-neft sektorunda artması daha yaxşı olardı”

Bu sözləri "Sherg.az”a Azərbaycanda ixrac məhsullarının artması ilə bağlı danışarkən iqtisadçı-ekspert Nazim Bəydəmirli söyləyib.

Onun qənaətincə, ixracın artması sevindirici xəbərdir:

"Əgər qeyri-neft məhsullarının ixracı artıbsa, bunu müsbət qarşılamaq lazımdır. Hətta bu, alqışalayiqdir. İxracın artması neft məhsullarının artması ilə bağlıdırsa, onda buna çox da sevinmək lazım deyil. Çünki dünyada müxtəlif ərazilərdə və müxtəlif istiqamətdə baş verən siyasi hadisələr baxımından neftin qiyməti gözləndiyindən daha artıq idi. Əgər sözgedən artım neftin qiymətinin bahalaşması  ilə bağlıdırsa, bu, çox təbiidir. Yəni ixracın strukturuna baxıb qiynət vermək lazımdır. Qeyri-neft sektorunda ixracın artması çox yaxşıdır. Amma Azərbaycanın ixrac məhsullarının 90-95 faizinin neft və neft məhsulları təşkil edir. Bu baxımdan iqtisadiyyatı şaxələndirmək və rəqabətli mühiti yaxşılşdırmalıyıq ki, rəqabətə dözümlü mallar istehsal olunsun. Bu da xarici bazarlara çıxarılasın. Belə olan halda ixracın istiqaməti müsbətə doğru irəliləyər”.

Qeyd edək ki, "Sherg.az"ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9 mlrd. 318,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 mlrd. 292,7 mln. dollar, idxalın dəyəri 3 mlrd. 26,1 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 266,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8%, real ifadədə isə 3,3%, o cümlədən ixrac 2,2%, idxal 5,7% artıb.

Kənan Eynuroğlu