Qeysəriyyə əməliyyatı, ana və körpə ölümlərinin səbəbləri... - Həkim izah edir




" Son illər həqiqətən də qeysəriyyə əməliyyatlarının statistikası dinamik şəkildə artaraq pik həddə çatıb".

Bu barədə "Sherg.az"a son vaxtlar qeysəriyyə əməliyyatlarının sayı artmasının səbəbləri haqqında danışarkən ultrasəs müayinə həkimi Aynurə Hidayətqızı bildirib.

Onun sözlərinə görə, bu tendensiyanı yaradan səbəblər həddindən artıq çoxdur:

"Ölkəmizdə qeyseriyyə əməliyyatlarının sayının kəskin şəkildə artması qadınların hamiləlik dövründə həkim yoxlamasından keçməməsi və ya yanlış müalicə, müayinə almasından qaynaqlanır. Hətta elə insanlar var ki, hamiləliyin sonuncu aylarında gəlib qeydiyyata düşürlər. Bəziləri də əvvəlcədən qeydiyyatdan keçsələr də, vaxtlı- vaxtında müayinəyə gəlmirlər. Artıq hamiləliyin son vaxtlarında müəyyən ağırlaşmaların olmasından dolayı pis vəziyyətdə xəstəxanaya üz tuturlar. Elə qeysəriyyə əməliyyatlarının, doğuşda ana və ya körpə ölümünün səbəbləri bu kimi faktorlardan qaynaqlanır. Bayaq sadaladığım hallardan asılı olaraq ginekoloq məcbur olub, qeysəriyyə əməliyyatı yolu ilə körpəni ana bətnindən çıxarır. İnsanlar daha çox bu cür xoşagəlməyən addımlarını maddi vəziyyətlərinin ağır olması ilə izah edirlər".

A.Hidayətqızı onu da əlavə edib ki, bəzən qadınlarımız bilərəkdən qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirirlər:

"Hamilə xanımlarımızın təbii yolla doğuşu həyata keçirən zaman onların uşaqlıq yolları böyüyür. Və bundan dolayı onlar qeysəriyyə əməliyyatı etdirərək uşaqlıq yollarını qoruyurlar. Lakin bu kimi mənfi addımlar uşaqlığın özündə müəyyən zədələr, çapıqlar yaradır. Həmin vaxt onların bətni travma almış uşaqlıq hesab olunur. Bu cür yollaya dünyaya gələn uşaqlar da gələcəkdə müəyyən problemlərlə üzləşirlər".

Qeyd edək ki, Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır. 2005-ci ildən sonrakı müddət ərzində ölkədə ən çox doğuş 2011-ci ildə olsa da, həmin ildə də qeysəriyyə kəsiyi əməliyyatlarının sayı ötənilki qədər olmayıb. Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i, 2017-ci ildə 33,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub.

Kənan Eynuroğlu