“Belə vəziyyətdə sürücünün əsəbi, gərgin olması tamamilə gözləniləndir. Əmək haqqı da aşağıdır”
Qəzaları önləmək müşkül məsələdir
Ən böyük problem avtobus sürücülərinin fasiləsiz işləməsidir
“Belə vəziyyətdə sürücünün əsəbi, gərgin olması tamamilə gözləniləndir. Əmək haqqı da aşağıdır”
“Belə vəziyyətdə sürücünün əsəbi, gərgin olması tamamilə gözləniləndir. Əmək haqqı da aşağıdır”
Avtobusu sürücülük vəsiqəsi olmadan idarə edib ölümlə nəticələnən qəza törətmiş Bəhruz Eyvazov məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan, eyni zamanda sürücülük hüququndan da ömürlük məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il sentyabr ayının 27-də Nizami rayonunun Q.Qarayev prospektində baş verib.
Yardımlı rayon sakini Bəhruz Eyvazov idarə etdiyi avtomobillə yolu keçən Bakı şəhər sakini Təranə Babaşovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada vəfat edib. Məhkəmə mülki iddianı və mənəvi zərəri qismən təmin edib. Mərhum Təranə Babaşova üçün çəkilən xəstəxana xərclərinə görə 17500 manat, mənəvi zərərə görə isə 4 min manatın B.Eyvazovdan tutularaq Müzəffər İsmayılova ödənilməsi ilə bağlı qərar çıxarılıb. Təəssüf ki, ictimai nəqliyyatda oxşar hadisələr az baş vermir. Sərnişinlər avtobus sürücülərindən daim narazılıq edir. Sürücülərin kobud davranışı, sükan arxasında siqaret çəkməyi, mobil telefonla davamlı danışıqları, qeyri-etik ifadələr işlətməsi hər gün təkrarlanan hallardır. Bəzi sürücülər nəqliyyatı düzgün idarə edə bilmir. Qəfil əyləc basmaqla sərnişinlərin müvazinətini itirməsinə, nəticədə onların xəsarət almasına səbəb olurlar. Sərnişin avtobus idarə edənin sürücülük vəsiqəsinin olub-olmadığını bilə bilməz. Amma belə hallar tez-tez müşahidə olunur ki, sürücü yolun hansısa hissəsində sükanı başqa birisinə həvalə edir, özü isə avtobusdan düşüb gedir. Sükan arxasına keçən həmin şəxsin sürücülük hüququnun olub-olmadığını sərnişin hardan bilsin? Bəlkə bu adamın ümumiyyətlə sərnişin nəqliyyatını idarə etmək hüququ yoxdur?
Bu cür problemlər bəzən xoşagəlməz halların, hətta faciələrin də baş verməsinə gətirib çıxarır.
İctimai nəqliyyatı bir əldə - vahid qurumun tabeliyində cəmləşdirmək çətindirmi?
Məsələ ilə bağlı "Şərq”ə danışan nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, şəhərdə ictimai nəqliyyatın idarə olunmasına Bakı Nəqliyyat Agentliyi məsuliyyət daşımalıdır:
- Bu günlərdə Belçikaya səfərdən qayıtmışam. Qaldırdığınız problemlərlə bağlı Belçika təcrübəsini bildirim ki, orada 1 marşrut xətti üzrə çalışan sürücü 2-3 gündən-bir xəttə çıxır. Bir gün işləyir, 2 və ya 3 gün istirahət edir. Bu ona görədir ki, sürücü dincəlsin, istirahət etsin, xəttə çıxanda gümrah vəziyyətdə olsun. Hamımız bilirik ki, bizdə avtobus sürücüləri fasiləsiz işləyir. Gecə saatlarınadək xətdə olan sürücü səhərin erkən saatlarından yenə xəttə çıxır. Belə vəziyyətdə sürücünün əsəbi, gərgin olması tamamilə gözləniləndir. Azərbaycanda sürücülərə verilən əmək haqqı da aşağıdır. Sürücü məcburdur daha çox işləsin ki, əmək haqqını bir az artıq ala bilsin. Sürücü də insandır, o da yorula bilər, dincəlmək istəyər. Bəzən sürücü sükan arxasına başqa birisini əyləşdirir ki, özü istirahət etsin. Bu, problemin biri. Digər məsələ sürücülərin vaxtaşırı sertifikasiyadan keçirilməsinin vacibliyidir. BNA ictimai nəqliyyatdakı şirkətlər, sahibkarlar qarşısına şərt qoymalıdır ki, ictimai nəqliyyatın idarə olunması buna hüququ çatan və sertifikasiyadan keçirilmiş sürücülərə həvalə edilsin. Sürücülər yalnız sertifikasiyadan keçdikdən sonra onlara ictimai nəqliyyatı idarə etmək hüququ verilməlidir. Necə olur ki, həkimlər, müəllimlər imtahan edilir, qiymətləndirmə aparılır, amma hər gün minlərlə insanın həyatı tapşırılan sürücülər bu səpkili imtahanlardan, sertifikasiyadan kənar qalır?! Bəzən ictimai nəqliyyatı uyğun kateqoriyası olmayan, hətta həvəskar sürücülər də idarə edir. Ona görə də qəzalar, insan tələfatı qaçılmaz hal alır.
Qaldı ki, insan tələfatına səbəb olmuş şəxsin sürücülük hüququnun ömürlük alınmasına, əlbəttə, bu, düzgün qərardır, lakin yenə də natamamdır. Hesab edirəm ki, məhkəmə sürücülük vəsiqəsi olmayan şəxsə avtobusu idarə etmək imkanı vermiş şirkəti də cərimələməli, hətta şirkətin lisenziyasının ləğvinə də qərar verə bilərdi. O adam avtobusu özbaşına idarə etməyib ki?! Kimsə ona bu imkanı tanıyıb.
İ.Hüseynli paytaxtda ictimai nəqliyyat probleminin çözülməsi üçün Bakı Nəqliyyat Agentliyinin ciddi addımlar atmalı olduğunu dedi:
- Hazırda ictimai nəqliyyat sahəsində çalışan özəl və birbaşa işləyən sahibkarlıq subyektləri var. Onların hamısının BNA-ya tabeçiliyi vardır. BNA da bu subyektləri vaxtaşırı monitorinq edib, fəaliyyətlərini nəzarətdə saxlamalıdır ki, bu şirkətlərin balansında nə qədər avtomobil var, onlar xəttə buraxılmağa yararlıdırmı, texniki vəziyyətləri istismara cavab verirmi və s. Nə olsun ki, lisenziyaları var. Dünyada belə praktika yoxdur ki, sahibkar lisenziya alsın və kefi istədiyi kimi işləsin. Hamı və hər kəs qanunun tələblərinə riayət etməlidir. Paytaxtda ictimai nəqliyyatla bağlı problemlərə də, baş verən bütün qəzalara BNA məsuliyyət daşıyır. İşlərini problemlərin aradan qaldırılması istiqamətində qurmalıdırlar.
Məlahət Rzayeva