"Qida təhlükəsizliyi sahəsində boşluqlar qalmaqdadır"- AÇIQLAMA




Ərzaq və qida təhlükəsizliyinin tam təmin edilməsi üçün komissiyanın yaradılması kifayət etmir.

Bunu Sherg.az-a Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılmasına münasibət bildirərkən, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

Onun sözlərinə görə, qida təhlükəsizliyi sahəsində boşluqlar qalmaqdadır və nəzarət qurumu lazımi nəticəni verməyəcək: 

"Qidanın təhlükəsizliyi haqqında 4 ildir ki, qanun təqdim olunsa da, qəbul olunmayıb. Bu problem o zaman tam həllini tapar ki, komissiyanın yaradılması ilə bərabər ərzağın təhlükəsizliyi haqqında da ayrıca konsepsiya qəbul olunsun. Yaradılan Ərzaq Təhlükəsizliyi Komissiyası ictimaiyyət və Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıq şəraitində şəffaf fəaliyyəti təmin edə biləcəksə, onun nəzarət keyfiyyətindən danışmaq olar. 

Hazırki tədbirlər təktərəfli düşünüldüyündən istehlakçıları qane etmir. Ümumiyyətlə, digər ölkələrdə olduğu kimi bizdə də belə qərarlar qəbul edildikdə, ictimaiyyətlə qarşılıqlı müzakirə şəraitində tətbiq edilməlidir. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda bu cür qərarlar qüvvəyə mindikdə ictimaiyyətin fikri soruşulmur”.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair  Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması nəzərdən keçiriləcək. Bu komissiya ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi üçün yaradılır.

Aysel Aslan