Komitə sədrinin problemlərlə yerində tanış olması, çətinliklərin aradan qalxacağı ümidini yaradıb
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq Körpü” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib.
Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə ətraflı məlumat verilib. Daha sonra Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.
Komitə sədrinin "Sınıq Körpü” gömrük postundakı problemlərin həllinə diqqət ayırmasının miqrasiya sahəsinə necə təsir edəcəyini öyrənmək üçün miqrasiya üzrə ekspert Azər Allahverənovla əlaqə saxladıq.
O isə "Şərq”ə açıqlamasında ölkənin giriş-çıxış qapılarındakı mövcud vəziyyətin miqrasiya məsələləri ilə birbaşa bağlı olduğunu deyib.
"Sınıq körpü” məntəqəsinin ölkənin ən aktiv keçid məntəqələrindən biri olduğunu vurğulayan A.Allahverənova görə, oradakı vəziyyətin miqrantların maraqlarına uyğun təşkil olunması müsbət hal olar. "Qırmızı körpü”də hər zaman gərginlik, sıxlıq olur. İnsanlar saatlarla, hətta bəzən günlərlə gömrük keçid məntəqəsində gözləməli olurlar:
"Ümid edirəm ki, Dövlət Gömrük Komitəsinin sədrinin bu səfərindən sonra müəyyən qədər də olsa mövcud problemlər öz həllini tapacaq, gərginlik aradan qalxacaq. Komitə sədrinin keçid məntəqəsindəki mövcud şəraitlə maraqlanması və onların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verməsi sərhədyanı bölgədə yaşayanlar üçün çox əlverişli olacaq.
Keçid məntəqələrində sərt rejimin, gömrük əməkdaşları ilə ölkəyə gəlib-gedən şəxslər arasında gərginlik yaradan prosedurların tətbiq olunması istər-istəməz görülən işin keyfiyyətinə də təsir edir.
Son bir neçə ay ərzində "Sınıq körpü”də insanların gediş-gəlişində intensivlik müşahidə olunurdu. Rusiya və Gürcüstan arasında çox sıx miqrasiya mübadiləsi var və il ərzində yüzminlərlə, bəzən də milyonlarla insan həmin körpü vasitəsilə Gürcüstana keçir və ya Azərbaycana daxil olur”.
Şəymən