Qiymət bahadır

Qəbul imtahanları üçün ödənişin məbləğini azaltmaq lazımdır
İmtahanların ödənişli olmasından əziyyət çəkən, sırf maddi çətinlik səbəbindən imtahanlara qatılmayanlar var



Ali məktəblərə qəbul imtahanlarında ödənişin ləğv edilməsi məsələsi yenə gündəmə gəlib. Məlumdur ki, 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun birinci mərhələsi artıq başa çatıb. Birinci mərhələdə topladığı baldan narazı qalanlar, özünü təkrar sınamaq istəyən abituriyentlər ikinci dəfə imtahanlarda iştirak etmək hüququna sahibdirlər. Lakin ikinci imtahan üçün ödəniş tələb olunur. Bu isə bəzi ailələrin sosial durumu ilə uyğunlaşmadığından narazılıq edənlər də var. Məlumdur ki, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 dəfə iştirak üçün 20, həmin müəssisələrin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanında 1 iştirak üçün 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün 40 manat müəyyən edilib.


Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib.

İmtahanlarda iştirakın ödənişli olmasından narazı qalanlar qiymətlərin yüksək olduğunu bildirirlər. Xüsusilə maddi imkanı az olan abituriyentlər məhz ödənişə görə imtahanlarda iştirak edə bilmədiklərini söyləyirlər.

Məsələ ilə bağlı "Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov qəbul imtahanları üçün ödənişin məbləğinin yüksək olduğunu dedi:

- 2016-cı ilə qədər də qəbul imtahanları ödənişli idi. Sınaq imtahanları 3 manat idi, qəbul imtahanları üçünsə 2 manat, ƏDV ilə birlikdə 2 manat 50 qəpik ödənirdi. Lakin bu cüzi məbləğ əksəriyyət üçün əlçatan idi. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Dövlət İmtahan Mərkəzi publik şəxs olduqdan sonra özünü maliyyələşdirmə mexanizminə keçdi, qəbul imtahanlarında adambaşına düşən gəlir hesablandı və qərara gəlindi ki, sınaq imtahanları üçün 20 manat, bakalvariat pilləsi üçün 40 manat, magistratura pilləsi üçünsə 50-60 manat ödəniş təyin edilsin. Sizə deyim ki, şəxsən mən bundan daha ucuz və keyfiyyətli qəbul imtahanı təşkil edərəm, qiyməti də 8-10 manatdan artıq olmaz. DİM nə imtahan keçirir ki, qiyməti 40, 50-60 manat təyin edir? Bəli, bahalı imtahanlar var; ALES, TOEFİL... və s. Amma onların nəticələrini bütün dünya tanıyır. DİM-nin imtahan nəticələri isə Azərbaycandan başqa heç bir ölkədə qəbul olunmur. Yəni, qəbul imtahanlarında iştiraka görə təyin edilən məbləğ imtahanların keyfiyyətini əks etdirmir. 

Test tapşırıqları TQDK zamanından qalanlardır. Deməli, test tapşırıqlarının hazırlanmasına o qədər əmək sərf edilməyib. Qəbul imtahanlarında 70 min nəfər iştirak edir və hərəsi 40 manat ödəyirsə, görün necə nəhəng vəsait toplanır. İndiki gəlir əvvəlkindən xeyli çoxdur. Amma qiymətlə imtahanlara çəkilən xərclər arasında uyğunsuzluq görünür. Qəbul imtahanları ödənişli olduqdan sonra imtahanlarda iştirak faizi də azalıb. Qəbul imtahanları ödənişsiz olduğu vaxt 110 min abituriyent imtahanlarda iştirak edirdisə, sonrakı il say 70 min oldu. Magistratura pilləsində də ödənişsiz vaxtlarda 24 min tələbə iştirak edirdisə, sonra say 12 minə düşdü. 

Deməli, imtahanların ödənişli olmasından əziyyət çəkən, sırf maddi çətinlik səbəbindən imtahanlara qatılmayanlar var. Hesab edirəm ki, dövlət büdcəsindən qəbul imtahanlarına vəsait ayrılsa yaxşıdır. Bu, elə də böyük məbləğ deyil ki, büdcəmizin buna gücü çatmasın. İldə 1 dəfə dövlət büdcəsindən 3 milyon manat ayırmaq mümkündür. Bildiyim qədər məhz ödənişli olması, bu da azmış kimi məbləğin keyfiyyətlə uzlaşmaması səbəbindən 40 min gəncimiz Azərbaycanda qəbul imtahanlarında heç iştirak etmədən xarici ölkələrə üz tutub.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında deyib ki, qəbul imtahanlarının qiyməti nə qədər az olsa, bir o qədər yaxşı olar.

"Dövlət İmtahan Mərkəzi (DİM) sadəcə olaraq, qəbul imtahanlarının xərclərini açıqlamalıdır. Konkret olaraq ictimaiyyət bilməlidir ki, nə üçün qəbul imtahanına görə bu qədər pul ödəməlidir. Tarif Şurası da bunun əsasında öz qərarını verməlidir. Məndə olan məlumata görə, qəbul imtahanlarının ödənişsiz olması ilə bağlı müzakirələr aparılır”.

Məlahət Rzayeva