Qiymətlər bahalaşa bilər

Neftin qiymətinin 20 dollara qədər düşməsi ehtimal edilir



Dünyada iqtisadi-maliyyə böhranının yeni mərhələyə keçməsi bir sıra problemlərə yol açıb. Xüsusilə Avrasiya məkanında böhran daha da dərinləşərək ciddi forma alıb. Həmçinin, Avropa İttifaqına üzv olan ölkələr böyük humanitar fəlakətlə üz-üzə qalıb. Sözsüz ki, bütün dünyanı əhatə edən iqtisadi böhran və neftin kəskin şəkildə ucuzlaşması Azərbaycana da bu və ya digər formada təsir göstərir.

Ölkə iqtisadiyyatına mənfi təsir edən ən mühüm amillərdən biri isə dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsidir. Məlumat üçün bildirək ki, ötən günlərdə dünya birjalarında neftin qiyməti 5 faiz ucuzlaşaraq 40 dollara enib. "WTI” markalı neftin bir barelinin qiyməti isə 37 dollara düşüb. Bu, son 7 ildə neftin ən aşağı qiymətidir. Sonuncu dəfə neftin qiymətinin bu həddə düşməsi 2009-cu ilin martında baş verib. Xatırladaq ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiyməti 50 dollardan götürülüb. Bəs bu cür tendensiya Azərbaycana nə vəd edir? Xüsusilə manatın neftin qiymətindən xeyli asılı olduğu bir şəraitdə dövlətin büdcəsi üçün hansı çətinlikləri yarana bilər? Ekspertlərin bununla bağlı fikirləri heç də birmənalı deyil. Məsələn, bir sıra iqtisadçılar hesab edir ki, neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərini azaldan faktor sayılır. Onların fikrincə, neftin bir barelinin qiymətinin büdcədə 50 dollardan götürülməsi çətinlikləri artıra bilər. Manatın aqibətinə gəlincə isə, ekspertlər düşünür ki, ölkədə dolların azalmasının fonunda dollara tələb artacaq. Bu isə manatın dəyərinin aşağı düşməsinə gətirib çıxara bilər. Məsələni dəyərləndirən iqtisadçı Samir Əliyev deyib ki, neftin indiki qiyməti manat üçün təhlükə yaratmasa da, daha da enəcəyi təqdirdə manatın ucuzlaşması qaçılmaz olacaq: "Neftin qiymətinin 40 dollara enməsi manat üçün təhlükə yaratmır. Ancaq 40 dollardan aşağı düşərsə, manatın məzənnəsinə yenidən baxmalı olacaqlar. İndi neftin bir bareli 40 dollar həddinə çatıb. Hətta bir qədər də düşməsi, yəni 30, hətta 20 dollara qədər düşməsi ilə bağlı müxtəlif qurumlar, ekspertlər proqnozlar verirlər. Dekabrın 15-16-da Amerikada Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) iclası olacaq. Bu iclasda uçot dərəcəsinin qaldırılması məsələsinə baxılacaq. Uçot dərəcəsinin qaldırılması ehtimalı yüksəkdir. Əgər bu baş verərsə, onda dollar bir az da möhkəmlənəcək”.

S.Əliyevin fikrincə, neftin ucuzlaşmasının Azərbaycana təsiri yaxşı olmayacaq. "Çünki manatın ucuzlaşması manatla maaş alan əhalinin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Daha doğrusu, dəyərsizləşməsinə səbəb olacaq və nəticədə qiymətlər qalxacaq. Xüsusən də xaricdən gətirilən mallar bahalanacaq”.

İqtisadçı-alim Qubad İbadoğlu da neftin qiymətinin nə qədər enə biləcəyinə dair fikir bildirib. Onun sözlərinə görə, neftin qiymətinin hər keçən gün enməsi beynəlxalq analitikləri ciddi düşündürür: "Onların proqnozlarına görə, dünya bazarlarında ucuzlaşma davam edəcək. Bəzi ekspertlər qiymətin 20 dollaradək düşəcəyini proqnozlaşdırırlar. Xam neftin qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə əlavə maliyyə qaynaqlarının formalaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Ekspertə görə, bu istiqamətdə qısa müddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Bu isə təcili olaraq ciddi qərarların verilməsini və inhisarçılıqla mübarizə tədbirlərinin genişləndirilməsini zəruri edir”.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsində müəyyən iqtisadi faktorlar olsa da, bütün hallarda siyasi faktorlar öndə durur: "Hər hansı bir məhsul üçün ən aşağı hədd yoxdur. İqtisadi baxımdan ən aşağı hədd onun maya dəyərini götürmək mümkündür. Neftin maya dəyəri isə ölkələr üzrə fərqlidir. Azərbaycan Dövlət Neft Şirkətinin istehsal etdiyi neftin maya dəyəri 15 dollardır. Ərəb ölkələrində bu, hətta 6 dollara qədər azalır. Rusiyada neft dərin su qatlarından çıxarıldığı üçün daha bahadır. Həmçinin ABŞ və Kanadada 1 barel neftə çəkilən xərc nisbətən çoxdur”. İqtisadçının sözlərinə görə, neftin dünya bazarında qiymətinin hər barel üçün 20 dollara qədər düşməsi mümkündür: "Siyasi faktorların təsiri həlledici olarsa, o zaman biz 1 barelin 20 dollara təklif edilməsini müşahidə edə bilərik. Əgər neftin qiyməti 20 dollardan da aşağı düşərsə, bu, süni şəkildə və ya dolayı inzibati metodlarla neftin dünya bazarında qiymətinin aşağı salınması deməkdir”. V.Bayramov hesab edir ki, yaxın vaxtlar üçün neftin qiymətinin artacağı gözlənilmir: "Nəzərə almaq lazımdır ki, indiki məqamda bütün iqtisadi və siyasi faktorlar neftin dünya bazarında qiymətinin aşağı düşməsinə təsir edir. Hazırda neft təklifi də çoxdur. Belə bir deyim də var ki, "dünya neft içərisində üzür”. Neftin qiymətinin aşağı olmasına baxmayaraq, istehsalatçı ölkələr daha çox ixrac etməyə çalışırlar. Çalışırlar ki, daha çox gəlir əldə etsinlər. Çünki neftin dünya bazarında qiymətinin daha aşağı düşmə qorxusu var”.

İsmayıl