
“Qızıl Məryəm”i öz qızı qətlə yetirib
O, polisdən 5 milyon manat müqabilində işin bağlanmasını xahiş edib

Bakıda qızıl alverçisini xüsusi amansızlıqla qətlə yetirən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan verilən birgə məlumata əsasən, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova olduğu müəyyən edilib. G.Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G.Hüseynova hadisəni tək törətməyib.
Qətldə G.Hüseynova ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Bacısı oğlu 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. M.Namet-zadənin qızının və bacısı uşaqlarının onu konkret hansı səbəbdən öldürdüyü hələlik məlum deyil. Araşdırmalar davam etdirilir və fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Qonşusu mühafizəçi tutmağı məsləhət görüb
Qətlə yetirilmiş iş adamı Məryəm Namet-zadənin qonşularından birinin dediyinə görə, mərhumun mənzilində 15 kq qızıl olub. M.Namet-zadə Yeni il bayramı günündə qonşusuna çalışdığı univermaqda alverin zəif getdiyini, hər gün 15 kq qızılı evdən işə, işdən evə apardığını deyib. Qonşu isə mühafizəçi tutmağı məsləhət görüb. Qeyd edək ki, hazırkı bazar qiymətləri ilə 15 kq-lıq qızılın dəyəri təxminən 1 milyon manatdır.
Qətlin təfərrüatları barədə hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1965-ci il təvəllüdlü Məryam Namet-zadə qızı və bacısı oğlu tərəfindən yatdığı yerdə öldürülüb. M. Namet-zadənin qızı Günel Hüseynova qətli törədəndən sonra hadisənin digər iştirakçılarını evdə qoyaraq mənzili tərk edib. O, bir neçə saat sonra evə qayıdıb və hadisənin iştirakçılarını evdən çıxarıb. İlkin məlumata görə, qətl tamah məqsədi ilə törədilib. Bildirilir ki, G.Hüseynova saxlanılarkən polisə rüşvət təklif edib. O, polisdən 5 milyon manat müqabilində işin bağlanmasını xahiş edib. Polis qızın bu təklifini rədd edərək, onu istintaqa təhvil verib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu gün təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.
...onların qazancı halal zəhmət üzərində qurulmayıb
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altayın sözlərinə görə, Məryəm Namet-zadənin qızı və qohumları tərəfindən öldürülməsi adi bir cinayət hadisəsi deyil. Burada hüquqi pozuntularla yanaşı, əxlaqi pozuntular da var: "İki gün bundan əvvəl də sizə açıqlamamda qeyd etmişdim ki, ölkədə iqtisadi çətinliklər yaşanandan bəri rahat yolla pul qazanmağa öyrəşən insanların əl-qolu bağlanıb. İllərlə qanunsuz gəlir əldə edən insanların isə başını aşağı salıb öz zəhməti ilə pul qazanması mümkün olan şey deyil. Onlar əziyyətə düşmək istəmir və yenə də rahat yolla pul qazanmağın yollarını axtarır. Artıq ölkənin iqtisadi vəziyyəti əvvəlki kimi olmadığı üçün onların bu cəhdləri uğursuz alınır. Bu uğursuzluqlar isə həmin insanları cinayətə sövq edir. İmkanlı şəxslərin öldürülməsi və pulunun oğurlanması da cibgirliyin bir variantıdır”.
Kriminalistin sözlərinə görə, hadisənin tərkibində həm quldurluq, həm də ailə-məişət cinayəti var. Yəni burada söhbət həm hüquqi, həm də əxlaq pozuntusundan gedir: "Məlum olur ki, illərlə qızıl alveri ilə məşğul olan və bu sahədə xeyli uğur əldə edən mərhum xanım öz qızına düzgün tərbiyə verə, həmçinin o, doğma qohumları arasında da isti münasibət qura bilməyib. Bugünə qədər sırf həmin xanım var-dövlətli olduğu üçün qızı və qohumları arasındakı münasibətlərdə müəyyən qədər sabitlik olub. İndi isə ölkədə böhran ab-havası yaşanır. Ola bilsin ki, devalvasiya mərhumun işlərinə də mənfi təsir edib və bu təsir onun qızı ilə münasibətlərindən də yan keçməyib”.
Övladın ananı qətlə yetirməsinin Azərbaycan mentalitetinə yad olduğunu vurğulayan ekspertin sözlərinə görə, son illərə qədər biz bu cür hadisələrin ancaq xarici ölkələrdə baş verə biləcəyini zənn edirdik: "Ananın öz qızı tərəfindən qətlə yetirilməsi onun göstəricisidir ki, onların qazancı halal zəhmət üzərində qurulmayıb”.
Hadisənin hüquqi tərəfinə gəldikdə isə İ.Altay deyib ki, kiminsə evinə gizlincə girib onu öldürərək evindən pul oğurlamaq və bu hadisənin adi oğurluq yox, quldurluq səviyyəsində həyata keçirilməsi Cinayət Məcəlləsində ən ağır cinayətlərdən biri hesab olunur: "Bu cür cinayətlərin artmaması üçün hüquq mühafizə orqanları qəti şəkildə müvafiq addımlar atmalıdırlar. Sevindirici haldır ki, hüquq-mühafizə orqanları tərəfindən operativ olaraq cinayətin üstü açılıb və şübhəli şəxslər cinayət məsuliyyətinə cəlb olunublar. Bu onun göstəricisidir ki, bizim hüquq-mühafizə və istintaq orqanları ilkin andaca öz funksiyalarını uğurla həyata keçirir və bunu açıq şəkildə cəmiyyətə bəyan edirlər. Bu cür cinayətlərin üstünün açılması istər-istəməz cəmiyyətdə bir rahatlıq, cinayətə meyilli insanlarda isə yaxalanmaq xofu yaradır. Bu cür ağır cinayətlərin və əxlaqsız hadisələrin aşkarlanması cəmiyyətin tərbiyəsi baxımından kifayət qədər təqdirəlayiq bir haldır”.
Şəymən